Sosial evlərlə bağlı dələduzluq əməli: “Pulu notariusun qarşısında aldım"

Baxış sayı:
79

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) satışa çıxardığı mənzilləri satmaq adı ilə dələduzluq edən şəxsin məhkəməsi başa çatıb.

Muxalifet.az Teleqraf-a istinadla xəbər verir ki, 1980-ci il təvəllüdlü Beyləqan rayon sakini Ramil İsmayıl oğlu 2022-ci ilin müxtəlif vaxtlarında üç nəfərə qarşı dələduzluq edib.

İstintaq sənədlərində göstərilir ki, o, MİDA tərəfindən satışa çıxarılan sosial evlərin alqı-satqısı zamanı Bakı şəhər sakini Vüsal Bayramovun arvadı Arzuya onlayn növbə tutub, sonra isə həmin evi onun adına rəsmiləşdirəcəyi barədə yalan vəd verib. Bu adla Vüsaldan 4000 manat pul alıb.

Ramil daha iki nəfərə qarşı eyni adla dələduzluq edib, birinin 4080, digərinin isə 4000 manatını ələ keçirib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Ramil özünü təqsirli bilib, ifadəsində göstərib ki, zərərçəkmiş Vüsalla 2022-ci ildə tanış olub: “Digər zərərçəkmişləri isə Vüsal vasitəsilə tanımışam. Həmin vaxt MİDA əməkdaşının qeyri-rəsmi sürücüsü kimi fəaliyyət göstərirdim. Yasamal rayonu ərazisində MİDA tərəfindən satışa çıxarılan sosial mənzilin Vüsalın həyat yoldaşı Arzunun adına rəsmiləşdirilməsi məqsədilə onlayn növbə tutdum. Bu işi 4000 manat müqabilində görəcəyimi bildirdim, razılığa əsasən Lökbatan qəsəbəsindəki notariat ofisinin qarşısında ondan həmin məbləği aldım. Amma mənzili Arzunun adına rəsmiləşdirə bilmədim. Aldığım pulu şəxsi ehtiyaclarıma xərclədim”.

Təqsirləndirilən şəxs deyib ki, daha sonra digər zərərçəkmiş Elşənlə tanış olub, onun üçün də Yasamal rayonu ərazisində MİDA tərəfindən satışa çıxarılan sosial mənzilin alınması məqsədilə onlayn növbə tutub: “Mənzilin onun adına rəsmiləşdirilməsi barədə razılaşdıq, ondan 2400 ABŞ dolları aldım, mənə mülki etibarnamə verdi. Lakin üzərimə götürdüyü öhdəliyi yerinə yetirə bilmədim”.

Ramil daha sonra ifadəsində göstərib ki, növbəti zərərçəkmişlə də tanış olub, onun üçün də eyni qaydada Yasamal rayonu ərazisində yerləşən sosial mənzilərin alqı-satqısı ilə bağlı onlayn növbə tutub və mənzilin onun adına rəsmiləşdirilməsi barədə razılaşıb.

Təqsirləndirilən şəxs vurulmuş maddi zərəri zərərçəkmişlərə ödəmək niyyətində olduğunu bildirib. Qeyd edib ki, həyat yoldaşı yaxın zamanda vəfat etdiyindən himayəsində bir azyaşlı övladı var, hazırda zərəri ödəmək imkanı yoxdur.

Təqsirləndirilən şəxsin sözlərinə görə, barəsində şikayət edilməsindən qorxub və 2022-ci ilin oktyabr ayında Türkiyə Cumhuriyyətinə gedib, 2025-ci ildə Azərbaycana gəlib.

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən həmin məcəllənin 178.1-ci maddəsinə tövsif edilib.

Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cinayət işinin icraatına xitam verilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilib.

Zərərçəkmişlərə izah edilib ki, onlara vurulmuş maddi və mənəvi ziyanla bağlı cinayət və mülki qanunvericiliyin tələblərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər.