“Bütün rüşvət işlərini o idarə edib!” - Ramiz Mehdiyevin kürəkəni ilə üzləşən zərərçəkən DANIŞDI

Ramiz Mehdiyevə qarşı yeni ittiham verilməsi – rüşvət alma maddəsinin əlavə olunması fonunda keçmiş Prezident Administrasiyası rəhbərinin qanunsuz əməllərindən zərər çəkmiş şəxsləri də hərəkətə gətirib.
Muxalifet.az xəbər verir ki, onlardan biri olan Hüseyn Səfərov Musavat.com-a diqqətçəkən açıqlamalar verib. O, keçirilən üzləşmə zamanı Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin üzünə açıq şəkildə bildirib ki, Ramiz Mehdiyev bütün rüşvət və digər qanunsuz işlərini məhz kürəkəni vasitəsilə idarə edib.
Zərərçəkən bu gün də davam edən istintaq çərçivəsində sözügedən məsələlərin dərindən araşdırılmasını, mənimsənilmiş əmlakının tez bir zamanda özünə qaytarılmasını tələb edir.
O deyib ki, 2006-cı ildə Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əlisəftər oğlu Əliyevin Bakının mərkəzində, 28 May metrosu yaxınlığında, keçmiş aerokassaların yerləşdiyi ərazidə inşa etdirdiyi çoxmərtəbəli yaşayış binasından mənzil alıb.
H.Səfərovun təqdim etdiyi sənədlərə görə, 2006-cı ildə “NLT” şirkəti ilə bağlanmış müqavilələr əsasında Bakı şəhəri, Nəsimi rayonu, 705-ci məhəllə, 28 May küçəsi 64/15 ünvanında inşa edilmiş binadan mənzillər və avtomobil dayanacaqları alınıb.
Zərərçəkən bildirib ki, ilkin olaraq 180 kvadratmetrlik üçotaqlı mənzil alıb, sonradan həmin sahənin dördotaqlı mənzil üçün dəyişdirilməsi barədə şirkətə müraciət edib.

Hüseyn Səfərov bildirir ki, şirkət nümayəndələri yeni müqavilənin hazırlanması üçün köhnə mənzil sənədinin onlara təqdim edilməsini istəyiblər. O, mənzilə dair sənədi şirkətə verib, lakin sonradan yeni sənəd və mənzil verilməyib.
Sonradan məsələ ilə bağlı şirkətə etdiyi müraciətlər nəticəsiz qalıb və müəyyən təzyiqlərlə üzləşib. Zərərçəkmiş deyir ki, ona tikinti layihəsinin Ramiz Mehdiyevin ailə üzvləri ilə əlaqəli olduğu bildirilib və məsələnin üstünə getməməsi məsləhət görülüb:
“Ramiz Mehdiyev qanunsuz işlərini kürəkəninin vasitəsilə ayaqda tutduğunu eşitdiyimdən ötən illər ərzində gözlədim. Ramiz Mehdiyevin həbsindən sonra məsələnin araşdırılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etdim. Bundan sonra araşdırma başladı, Ramiz Mehdiyevin kürəkəni ilə üzləşdirildim.
Üzləşmə zamanı o, özünü bilməməzliyə vurdu. Gah dedi xatırlamıram, gah da tikintidə alqı-satqı işləri ilə özü məşğul olmayıb. Müqavilələri və ödəniş sənədlərini təqdim edəndə də daha bir cinayətini etiraf etdi. Dedi ki, tikintiyə aid arxivi də yandırıblar”.
H.Səfərov deyib ki, bu gün Ramiz Mehdiyevin saysız-hesabsız əmlakları, Abşeronda və Azərbaycanın rayonlarının ən gözəgəlimli yerlərində olan torpaq sahələri rüşvət və korrupsiya hesabına əldə olunub:
“Bütün bu işlərdə Ramiz Mehdiyevin “sağ əli” elə kürəkəni İlham idi”.
Zərərçəkən İlham Əliyevin biznes fəaliyyəti və sahib olduğu əmlaklarla bağlı suallar qaldırır. O, Ramiz Mehdiyevin özü və yaxınlarının, xüsusilə kürəkəninin Bakının müxtəlif ərazilərində çoxsaylı daşınmaz əmlak və biznes obyektlərini necə əldə etməsi ilə bağlı suallara aydınlıq gətirilməsi üçün ölkə rəhbərliyinə də müraciət etdiyini bildirib.
O, xüsusilə Ramiz Mehdiyevin uzun illər hakimiyyət sistemində tutduğu yüksək mövqe ilə onun yaxın çevrəsinin biznes fəaliyyəti arasında mümkün əlaqələrin araşdırılmasının vacibliyini vurğulayır.
Qeyd edək ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanmış cinayət işi üzrə ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci maddəsi – dövlət hakimiyyətini ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər, 274-cü maddəsi – dövlətə xəyanət və 193-1.3.2-ci maddəsi – cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham irəli sürülüb.
Bu ittihamlar üzrə Səbail Rayon Məhkəməsinin qərarı ilə Ramiz Mehdiyev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. İlkin olaraq 4 ay müddətinə müəyyən edilən ev dustaqlığının müddəti sonradan məhkəmə qərarları ilə uzadılıb.
Son məlumata əsasən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci – rüşvət alma maddəsi ilə yeni ittiham irəli sürülüb. Bildirilir ki, yeni ittihamla bağlı istintaq sabiq PA rəhbərinin ifadəsini də alıb.
Sonuncu məlumata görə, 2026-cı ilin iyununda Səbail Rayon Məhkəməsi Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətini daha 5 ay uzadıb.




















