Azərbaycanda ətin qiyməti yenə qalxdı - 26 MANATA SATILIR

Baxış sayı:
91

Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvan ətlərinin qiymətində artım müşahidə olunduğu bildirilir. Xüsusilə son bir ay ərzində qiymət artımının daha qabarıq hiss olunduğu, bahalaşmanın əsasən sümüksüz dana və çəkisi az olan quzu ətində qeydə alındığı vurğulanır. Hazırda alıcılara çəkisi az olan quzu ətinin kiloqramı 25-26 manata təklif olunur.

Bəs son bir ay ərzində dana və quzu ətinin qiymətində artımın əsas səbəbi nədir?Xüsusilə sümüksüz dana və çəkisi az olan quzu ətinin bahalaşmasını hansı amillərlə izah etmək olar?

Muxalifet.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Musavat.com-a danışıb.

İqtisadçının sözlərinə görə ət bazarında qiymət artımının əsas səbəbləri arasında həm saxlanılan heyvanların sayının azalması, həm də qiymətlərin yüksəlməsinə baxmayaraq, ətə olan tələbatın artması xüsusi yer tutur: 

"Son 10 ilin statistikasına nəzər saldıqda görürük ki, saxlanılan xırdabuynuzlu heyvanların sayında təqribən 20 faizlik azalma var. İri buynuzlu heyvanların sayında da azalma müşahidə olunur. Burada təxminən 5-6 faizlik azalmadan söhbət gedir. Bu isə əhalinin ətə olan tələbatının 25 faizə qədər artdığı bir dövrdə baş verir. Yəni, kəsilən ətin statistikasına baxdıqda görürük ki, son 10 ildə 25 faizlik artım qeydə alınıb.

Heyvandarlıqla əvvəlki səviyyədə məşğul olunmamasının da öz səbəbləri var. Boş otlaq sahələrinin azalması və heyvan saxlamağın bahalı prosesə çevrilməsi ev təsərrüfatlarının bu sahədəki rolunu azaldıb. İntensiv təsərrüfatlarda isə heyvan saxlamaq xərcləri daha yüksəkdir. Bütün bunlar nəticə etibarilə ətin bahalaşmasının davam etməsinə gətirib çıxarır".

İqtisadçının sözlərinə görə, ət qiymətlərinin kəskin bahalaşmasının qarşısını alan əsas amillərdən biri idxal olub: "Lakin idxal edilən ölkələrdə də ətin qiymətinin artması ucuz idxal imkanlarını məhdudlaşdırır. Bu da ət bazarında yeni qiymət tarazlığının formalaşmasına səbəb olur. Əvvəllər ət bazarında Ukraynadan gətirilən ucuz ətlər mühüm rol oynayırdısa, indi Ukrayna-Rusiya müharibəsi də son illərdə ət bazarında qiymət artımının əsas faktorlarından birinə çevrilib. Həm Rusiyada, həm də Ukraynada ətin qiymətləri bahalaşıb, eyni zamanda logistika xərcləri də əvvəlki səviyyədə deyil. Bütün bu faktorlar – həm ucuz idxalın olmaması, idxalın bahalaşması, həm yerli heyvandarlıqda saxlanılan heyvanların sayının azalması, həm də tələbatın yüksəlməsi – ət qiymətlərinin artmasına səbəb olur. Bu isə qiymət artımının yaxın gələcəkdə də davam edəcəyinə dair proqnozların formalaşmasına gətirib çıxarır".

Xalid Kərimli ətin bahalaşmasının müəyyən müsbət tərəfinin də olduğunu hesab edir. Onun sözlərinə görə, qiymət artımı heyvandarlıq sahəsini sahibkarlar üçün daha cəlbedici edə bilər: "Qiymətlərin artması və fəaliyyətin rentabelli olması sahibkarların getdikcə bu sahəyə daha çox maraq göstərməsinə səbəb ola bilər".

Ekspert quzu ətinin baha olmasının səbəblərinə də toxunub. Ekspert bunu ilk növbədə yüksək tələbatla əlaqələndirib: "Quzu ətinin baha olmasının əsas səbəbi isə ona olan tələbatın yüksək olmasıdır. İnsanlar quzu ətinə üstünlük verirlər, çünki yumşaq ətdir. Tələbat yüksək olduğu üçün fermer də heyvanı daha baha qiymətə satmağa çalışır. Fermer düşünür ki, heyvanı saxlayıb böyüdüb kökəltməkdənsə, mövcud qiymətə daha baha qiymət təklif olunursa, onu indidən satmaq daha sərfəlidir. Yəni itirilmiş faydanı, gələcək faydanı, quzunun böyüməsindən əldə ediləcək faydanı qiymətdə kompensasiya edir".