BAKI ÜÇÜN AĞIR GÜNLƏR YAXINLAŞDI... - "Hər kəs buna hazır olmalıdır"

Sentyabrın 15-də yeni tədris ilinin başlaması ilə Bakıda nəqliyyat sıxlığının daha da artacağı gözlənilir. Şagird və tələbələrin məktəb və universitetlərə gediş-gəlişi, valideynlərin övladlarını şəxsi avtomobillərlə təhsil müəssisələrinə aparması paytaxt yollarına onsuz da yüksək olan yükü daha da artıracaq. Yeni dərs ili başlamamış şəhərin bir sıra küçə və prospektlərində müşahidə olunan sıxlıq isə qarşıdakı günlərdə nəqliyyat vəziyyətinin daha da mürəkkəbləşə biləcəyindən xəbər verir.
Qeyd edək ki, bu il paytaxtda nəqliyyat yükünü artıran amillərdən biri də metroda tətbiq olunan məhdudiyyətlərdir. Xüsusilə Dərnəgül istiqamətində hərəkət edən sərnişinlərin marşrutlarını dəyişməli olması, Nizami stansiyasında düşərək yolun qalan hissəsini avtobusla davam etdirməsi əlavə sərnişin axınının formalaşmasına səbəb olur. Bu məqsədlə Nizamidən Dərnəgül istiqamətinə əlavə avtobusların cəlb edilməsi sərnişinlərin daşınmasını təmin etsə də, yerüstü nəqliyyatda, xüsusilə həmin istiqamətdə hərəkətin intensivliyinə əlavə təsir göstərə bilər.
Maraqlıdır ki, metroda məhdudiyyətlərin təsiri ilə bəzi istiqamətlərdə sərnişin sayında azalma müşahidə olunsa da, sərnişinlərin bir hissəsinin yerüstü nəqliyyata yönəlməsi avtobusların və avtomobillərin hərəkətinə əlavə yük yaradır. Tədris ilinin başlaması ilə bu prosesin daha da intensivləşəcəyi, xüsusilə səhər və axşam pik saatlarda əsas magistrallarda ciddi sıxlıqların yaranacağı ehtimal edilir.
Nəqliyyat üzrə ekspert Raqif Raufoğlu da yeni tədris ili ilə bağlı Bakıda nəqliyyat vəziyyətinin daha da ağırlaşacağını düşünür.

Ekspert "AzPolitika"ya açıqlamasında bildirib ki, qarşıdakı dövrdə paytaxtı kifayət qədər ciddi tıxaclar gözləyir: “Bəli, əlbəttə ki, nəqliyyatın hərəkəti bərbad olacaq. Bu mövsüm bizi kifayət qədər böyük tıxaclar gözləyir. Bütün proqnozlar bunu deyir, bütün vəziyyətlər bunu göstərir. Ona görə də buna hər kəs hazır olmalıdır, xüsusilə də tədrislə bağlı”.
Ekspertin sözlərinə görə, metroda yaranan məhdudiyyətlər fonunda təhsil müəssisələrinin də müəyyən addımlar atması vəziyyətin nisbətən yüngülləşdirilməsinə kömək edə bilər. O hesab edir ki, xüsusilə universitetlər dərs saatlarını mümkün qədər çevik şəkildə tənzimləyə bilərlər: “Yaxşı olardı ki, müəyyən qədər universitetlər, çox olmasa, bir neçə dəqiqəliyinə nəzərə alardılar. Çünki metro bağlıdırsa, xüsusən də ilk günlərdə bunu hesabını düzgün aparmayanlar olacaq”.
Raqif Raufoğlu qeyd edib ki, aidiyyəti qurumların müəyyən tədbirlər görməsi, o cümlədən əlavə avtobusların xəttə buraxılması və yol hərəkətinin tənzimlənməsi problemin tam qarşısını almağa kifayət etməyə bilər. Ekspertin fikrincə, metrodan istifadə edə bilməyən sərnişinlərin yerüstü nəqliyyata keçməsi və avtomobillərin sayının artması yolların yükünü daha da ağırlaşdıracaq.

“İndi hər qurum özünə düşəni etməyə çalışır. Məsələn, əlavə avtobuslar ayırırlar, yəqin ki, yol polisləri də hərəkəti nizamlayacaqlar. Amma bu, yenə də artan avtomobillərin və məcburən yerin üstünə qalxan insanların qarşısını almayacaq”, – deyə ekspert vurğulayıb.
Ekspert tələbə və şagirdlərin, xüsusilə qısa məsafələrdə alternativ nəqliyyat vasitələrindən istifadəsini də mümkün həll yollarından biri kimi qiymətləndirir. Onun sözlərinə görə, hava şəraiti imkan verdiyi müddətdə mikromobillik vasitələrindən məsələn, skuterlərdən istifadə etmək, təhsil müəssisəsinə daha yaxın məsafədə qalmaq və gündəlik marşrutları əvvəlcədən düzgün planlaşdırmaq nəqliyyat yükünün azalmasına müəyyən qədər kömək edə bilər.
R. Raufoğlunun fikrincə, bütün bu tədbirlərin bir arada tətbiqi vacibdir. Lakin əsas məsələ odur ki, paytaxt sakinləri qarşıdakı dövrün daha sıx nəqliyyat şəraiti ilə müşayiət olunacağını əvvəlcədən nəzərə alsınlar.
“Bütün bunları təbii ki, birləşdirmək lazımdır. Amma nə olur-olsun, biz qəbul etməliyik ki, bizi çox tıxaclı bir il gözləyir”, – ekspert əlavə edib.
E. Bəyməmmədli








































