BANKLARA BORCLANMA ARTIB – Ekspert səbəbi açıqladı

Azərbaycanda problemli kreditlərin həcmi artmaqda davam edir.
Muxalifet.az rəsmi statistikaya istinadla xəbər verir ki, avqustun 1-nə olan məlumata görə, ölkədə vaxtı keçmiş kreditlərin məbləği 723 milyon manata çatıb. Bu göstərici təkcə son bir ayda artıb, ilin əvvəlindən isə daha sürətli yüksəliş nümayiş etdirib.
Mərkəzi Bankın məlumatları göstərir ki, problemli kreditlərin həcmi ilin əvvəli ilə müqayisədə 37,85 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 36,6 faiz artıb. Başqa sözlə, son bir il ərzində vaxtı keçmiş kreditlərin məbləğinə təxminən üçdəbir qədər artım əlavə olunub. İyul ayının sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı da 2,1 faizə yüksəlib. Halbuki ötən ilin sonunda bu göstərici 1,6 faiz, 2025-ci ilin iyulunda isə 1,7 faiz olub.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “AzPolitika”ya açıqlamasında bildirib ki, vaxtı keçmiş kreditlər yalnız əhalinin kreditlərindən ibarət deyil, sahibkarların kreditləri də bu göstəriciyə daxildir.
“Birincisi, bu problemli kreditlər yalnız əhalinin kreditləri deyil, həm də sahibkarların kreditləridir. Çünki qiymət artımı şəraitində insanlar daha çox pul xərcləyirlər, gəlirləri isə azalır. Belə şəraitdə, təbii ki, insanlar kreditlərini vaxtında və tam şəkildə icra etməkdə çətinlik çəkirlər, həmçinin sahibkarlar da eyni problemlə üzləşirlər. Hətta qorxuram ki, bu tendensiya gələcəkdə daha da güclənəcək”, - deyə ekspert bildirib.
E. Bəyməmmədli








































