OBA Marketdə yeni qayda və ya Hörmətsiz 10 manat...

Baxış sayı:
106

Ötən gecə Salyan şəhər A.Səfərov adına İnternat ümumi orta məktəbi ilə üzbəüz yerləşən OBA Marketə daxil oldum.

Cüzdanımda olan 115 manat pulu kart hesabıma köçürüb, həmin pulla alış-veriş etmək istəyirdim.

MilliÖN terminalı vasitəsilə 100 manatı problemsiz şəkildə köçürdüm. Qalan 15 manatın 10 manatını isə dəfələrlə yoxlamağıma baxmayaraq, terminal qəbul etmədi.

Əskinasda hər hansı cırıq, əzilmə və ya başqa görünən problem yox idi, sadəcə terminal qəbul etmirdi.

Adətən nağd deyil kart vasitəsi ilə alış-veriş edirəm və bəzən ani köçürmələr lazım olur deyə pulu kartda saxlayıram.
Mən də düşündüm ki, daha dirənməyim və bu qalan 15 manatla mağazadan alış-veriş edim.
Lazım olan məhsulları götürüb kassaya yaxınlaşdım. Amma kassada dayanan satıcı həmin 10 manatı qəbul etmədi.
Səbəbi isə belə bildirdi:
– Terminal götürmürsə, mən də götürmürəm.

Təəccübləndim. Maraqlıdır, terminalın pul qəbul edib-etməməsi ilə kassanın pul qəbul edib-etməməsinin nə əlaqəsi ola bilər?
Əskinas cırıq deyil, əzilmiş deyil, yararsız deyil. Sadəcə terminal bir anda onu oxumadı.
Üstəlik, neçə dəfə olub ki, həmin mağazadan qaytarılan əskinasları sonradan terminal qəbul etməyib.
Ozaman digər sual yaranır: mağaza özü təkrar qəbul etməyəcəyi pulu müştəriyə niyə qaytarır?

Əslində məsələ 10 manat məsələsi də deyil. Məsələ müştəri ilə necə danışmaq və davranmaq məsələsidir.
Satıcıya bir neçə dəfə normal şəkildə izah etməyə çalışdım. Amma cavabın tonu elə idi ki, sanki mağazaya yox, hansısa şəxsi kabinetə icazəsiz daxil olmuşam:
– Mən götürmürəm! dedi.

Onunla mübahisə etmədim. İçimdən isə onu elə yerindəcə “gözəl” başa salmaq keçirdi. Səbrimi işə saldım. İronik şəkildə gülümsədim və bildirdim ki, bu münasibəti mağaza sahibinə çatdıracağam.

Nəticədə cibimdə qalan 5 manatla məcburi şəkildə daha kiçik alış-veriş edib mağazadan çıxdım.
Bir daha başa düşdüm ki, bəzən problem pulda yox, 10 manatlıq əskinasın arxasında duran 10 qəpiklik münasibətdə olur.

P. S. OBA Marketlər Şəbəkəsindən və mağazanın rəhbərliyindən bir xahişim var. Zəhmət olmasa, işçinizə terminalın necə işlədiyini yox, ilk növbədə müştəri ilə necə danışmağı izah edin.
Çünki terminal səhv edə bilər, amma müştəriyə münasibətdə səhv etmək artıq qərəzdir.

Əli Səlimsoy
Salyan Media Platformasının təsisçisi, jurnalist