“BERLİNİ VURMALIYIQ!” - Medvedev Almaniyanı nə ilə hədələyir?

Baxış sayı:
85

Almaniyanın Rusiyaya qarşı ittihamları güclü hərbi cavab tələb edir. 

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev son paylaşımında bildirib.

O hesab edir ki, Almaniya Leypsiq hava limanında baş verən dron insidentinə görə Moskvanı günahlandırdığı üçün cavab verməlidir.

 "Hazırkı Almaniya rəhbərliyinin neonasist, qatı rusofob kursunu nəzərə alsaq, bu uydurma təxribat aktı onların günahlarına görə ən zəif cəza formasıdır. Onlar Bandera dəstəsi üçün hərbi texnika istehsal edən bütün Almaniya müəssisələrinə və çox güman ki, Berlindəki bəzi yerlərə də birbaşa zərbə endirməyi haqq ediblər", - Medvedev Telegram-da yazıb.

O, həmçinin Ukraynanı dəstəkləyən, Qərb liderlərini "terroru dəstəkləməkdə” günahlandırıb və əlavə edib ki, "onlar tez-tez Kiyevə qatarla gedirlər". Ardınca 3 nöqtə qoyub və bir növ həmin qatarların təhlükəsizliyini dolayı yolla sual altına alıb.

Xatırladaq ki, 5 avqust gecəsi Leypsiq hava limanında Ukraynaya məxsus An-124 yük təyyarəsinin yaxınlığında partlayıcı maddələr daşıyan dron aşkar edilib. Onun detonatoru partlaya bilməyib. “Der Spiegel”-in hüquq-mühafizə orqanlarındakı mənbələrinə görə, 14 avqustda hava limanının yaxınlığındakı sahədə nasaz işləyən daha bir dron tapılıb.

Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt 1 sentyabrda bildirib ki, bu "hibrid hücum"un təşkilatçıları və icraçıları Rusiya dövlət qurumlarının əmrləri ilə hərəkət ediblər və bu da istintaq, cinayətin mahiyyəti və kəşfiyyat məlumatları ilə təsdiqlənir. Almaniyanın Xarici İşlər naziri Yohann Vadeful öz növbəsində Rusiya Prezidenti Vladimir Putini iki ölkə arasında münasibətləri gərginləşdirməkdə günahlandırıb, həmçinin, 18 sentyabrdan etibarən Bonndakı son Rusiya baş konsulluğunun və Berlindəki “Rus Evi”nin bağlanacağını elan edib. O, eləcə də Rusiya vətəndaşlarının ölkəyə girişinə nəzarəti gücləndirəcəyinə söz verib.

Vladimir Putin isə Almaniyanın Rusiyaya qarşı ittihamlarını əsassız adlandırıb və onları hakimiyyətin almanları daxili problemlərdən yayındırmaq cəhdi ilə əlaqələndirib. O, həmçinin Almaniyanın dron hadisəsindən sonra aldığı tədbirləri "ciddi səhv" adlandırıb.