RUSİYASIZ CƏNUBİ QAFQAZ DÖVRÜ BAŞLAYIB... - Moskvanın rıçaqları necə sıradan çıxarıldı?

Baxış sayı:
354

2025-ci il 8 avqust tarixində Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilmiş tarixi zirvə görüşündən tam bir il ötür. Ötən 12 ay Cənubi Qafqazda təkcə Bakı və İrəvan arasında sülh gündəliyinin irəliləməsi ilə deyil, hər şeydən əvvəl Rusiyanın regiondakı ikiəsrlik hərbi-siyasi və iqtisadi monopoliyasının darmadağın edilməsi ilə yadda qaldı.

Vaşinqton sammiti Moskvanın Cənubi Qafqazı öz "arxa baxçası" hesab etdiyi geostrateji arxitekturanı kökündən sarsıtdı və Kremlin regional proseslərdən tamamilə sıxışdırılması mərhələsini başlatdı.

Məlumdur ki, Moskvanın Cənubi Qafqazda qalmasının əsas şərti onilliklər boyu saxladığı "idarəolunan münaqişə" və "əvəzolunmaz vasitəçi" statusu idi. Vaşinqton sammitindən sonra Bakı və İrəvanın vasitəçilərsiz, doğrudan ikitərəfli dialoq modelinə keçməsi Kremlin bu rıçağını elə ilk günlərdə sıradan çıxardı. 

Rusiya Xarici İşlər Nazirliyinin üçtərəfli platformalar yaratmaq cəhdləri cavabsız qaldı. Bakı və İrəvan delimitasiya görüşlərini sərhəddə və Azərbaycanın Qəbələ şəhərində keçirdi. Münaqişə tarixindən bu yana ilk dəfə olaraq Azərbaycan Prezidentinin Köməkçisi Hikmət Hacıyevin Ermənistana rəsmi işçi səfəri baş tutdu, İrəvanda birbaşa müzakirələr aparıldı. Paralel olaraq, jurnalistlərin, ekspertlərin və rəsmi şəxslərin birbaşa təmasları Moskvanın vasitəçilik kartını tamamilə lazımsız etdi.

Rusiya üçün ən ağır geostrateji məğlubiyyət Zəngəzur dəhlizinə fiziki nəzarət imkanının əlindən çıxması oldu. 10 noyabr 2020-ci il bəyanatının 9-cu maddəsinə istinad edərək xəttə Rusiya FTX (FSB) Sərhəd Xidmətinin nəzarət etməsini tələb edən Moskva fakt qarşısında qaldı. Vaşinqton sammiti çərçivəsində razılaşdırılan "Front Office – Back Office" idarəetmə modeli (Ermənistanın suverenliyinin qəbul edilməsi və Naxçıvana maneəsiz gediş-gəliş hüququnun tanınması) ilə Moskva nəinki dəhlizə nəzarət etmək, ümumiyyətlə Şərq-Qərb və Şimal-Cənub qovşağında tənzimləyici rol oynamaq imkanını birdəfəlik itirdi. ABŞ-nin proqrama ayırdığı 400 milyon dollarlıq maliyyə paketi isə Qərbin infrastruktur mövcudluğunu rəsmiləşdirdi.

Moskvanın region ölkələrini asılılıqda saxlamaq üçün istifadə etdiyi digər alət iqtisadi və tranzit blokadası idi. Azərbaycan Prezidenti İlham Əliyevin sammitdən sonra tranzit məhdudiyyətlərini ləğv etməsi bu inhisarı darmadağın etdi. Belə ki, Azərbaycan ərazisindən Ermənistana buğda tranzitinin açılması və birbaşa yanacaq-benzin tədarükünün başlaması İrəvanın Rusiyadan olan iqtisadi asılılığını kəskin azaltdı. Rəsmi statistikaya görə, 2026-cı ilin ilk yarısında Azərbaycandan Ermənistana ixracın 17,1 milyon dollar təşkil etməsi regionun daxili iqtisadi inteqrasiyasının başladığını və Rusiyanın "iqtisadi xilaskar" obrazının dağıldığını göstərdi.

Ötən 1 il ərzində Ermənistanın Rusiya ilə hərbi-siyasi ittifaqdan imtinası qarşısıalınmaz xarakter aldı. İrəvan KTMT-dəki fəaliyyətini faktiki olaraq dondurdu, qurumun maliyyələşməsindən imtina etdi və təhlükəsizlik arxitekturasını Qərbə inteqrasiya etməyə başladı. Bu proses Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının gələcək taleyini də ciddi sual altına saldı.

Ötən 1 il ərzində verilən bəyanatlar və beynəlxalq hesabatlar Rusiyanın sıxışdırıldığını rəsmən təsdiqləyir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra regionu xarici diktədən azad edib, müstəqil iqtisadi və nəqliyyat qovşağına çevirməkdə qərarlıdır. 

Baş nazir Nikol Paşinyan da regional blokadanın kalkulyasiya olunmuş xarici təzyiqlərdən azad olaraq İrəvanın suverenliyi çərçivəsində aradan qaldırıldığını bildirdi. ABŞ Prezidenti Prezident Donald Tramp isə Vaşinqton sammitinin regiona müharibə və asılılıq deyil, investisiya və ticarət gətirdiyini elan etdi.

ABŞ Milli Kəşfiyyat Direktorluğunun "İllik Təhdid Qiymətləndirməsi 2026" hesabatında xüsusi olaraq qeyd edilir ki, Bakı və İrəvan arasında birbaşa sülh və ticarət dinamikası Rusiyanın Cənubi Qafqazdakı geostrateji təzyiq rıçaqlarını və hərbi-siyasi mövcudluq imkanlarını minimuma endirib.

Sonda vurğulayaq ki, Moskvanın iki əsr boyunca Cənubi Qafqazda yürütdüyü siyasi xətt tək bir prinsipə söykənirdi: etnik münaqişələri alovlandırmaq, tərəfləri silahlandırmaq və "xilaskar" libasında hər iki xalqın suverenliyini qəsb etmək. Lakin Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və qələbənin məntiqli nəticəsi olaraq 2025-ci il Vaşinqtonda baş tutan Sammitdən keçən son bir il göstərdi ki, Kremlin bu köhnəlmiş, şantaj və təhdidlərə əsaslanan imperialist alətləri müasir geosiyasi reallıqlar qarşısında tamamilə iflasa uğrayıb.

Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi ilə başlayan bu tarixi proses, Bakı və İrəvanın Kremlin şantaj rıçaqlarını birlikdə təsirsiz hala gətirməsi ilə öz məntiqi zirvəsinə çatdı. Zəngəzur dəhlizi üzərində "FSB çətiri" qurmaq xəyalları darmadağın olan, iqtisadi rıçaqları kəsilən və diplomatiyası rədd edilən Moskva artıq Cənubi Qafqazda prosesləri idarə edən güc deyil, baş verənləri kənardan çarəsizliklə izləyən kənar müşahidəçidir.

Bakı və İrəvanın birbaşa razılaşmaları, Qərbin infrastruktur və sülh gündəliyinə dəstəyi regiona iki əsrdən sonra ilk dəfə əsl suverenlik gətirdi. Cənubi Qafqaz xalqları artıq Kremlin geosiyasi ambisiyalarının qurbanı olmaqdan imtina etdi. Şimal imperiyasının regionda iki əsrlik hərbi-siyasi ağalığı birdəfəlik başa çatdı - "Rusiyasız Cənubi Qafqaz" dövrü artıq fərziyyə deyil, dəyişməz tarixi reallıqdır.

E.Rüstəmli