Kreml Ukraynaya ərazi qaytarmaqdan imtina edir – Moskva mövqeyini kəskinləşdirib

Baxış sayı:
130

Rusiya hakimiyyəti müharibənin bitməsi ilə bağlı hər hansı razılaşma çərçivəsində ordusunun nəzarətində olan Ukrayna ərazilərinin geri qaytarılması imkanını artıq nəzərdən keçirmir.

Bu barədə "Bloomberg" agentliyi Kremlə yaxın üç mənbəyə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Moskva indi bu ərazilərin yalnız bir hissəsinin "bufer zona"*ya çevrilməsini müzakirə etməyə hazırdır.

Agentliyin həmsöhbətləri iddia edirlər ki, Vladimir Putin və Donald Tramp arasında 2025-ci ilin avqustunda Ankoricdə (Alyaska) keçirilən görüşdən sonra Rusiya və ABŞ arasında əldə olunmuş qeyri-rəsmi razılaşmaların pozulduğunu hesab edən Kreml mövqeyini kəskinləşdirib.

Xatırladaq ki, Alyaska görüşündən sonra Moskva Ukrayna qoşunlarının Donetsk və Luqansk vilayətlərindən çıxarılmasını və Kiyevin NATO-ya üzvlüikdən imtina etməsini tələb edirdi. Bunun müqabilində Rusiya Zaporojye və Xerson vilayətlərində cəbhə xəttini dondurmağa, həmçinin Sumı və Xarkov vilayətlərində tutduğu kiçik ərazi hissələrini Ukraynaya qaytarmağa hazır olduğunu nümayiş etdirirdi. Lakin son proseslərdən sonra bu güzəşt variantı gündəlikdən çıxarılıb.

"Bloomberg"in iki mənbəsi qeyd edir ki, Rusiya Müdafiə Nazirliyi Putini 2026-cı ilin sonuna qədər Donetsk vilayətinə tam nəzarəti bərpa edəcəklərinə inandırıb. Moskva yalnız bundan sonra danışıqlara daha sərfəli şərtlərlə qayıtmağı planlaşdırır.

Bununla belə, Rusiya hərbi idarəsinə yaxın başqa bir mənbə agentliyə bildirib ki, bir çox rusiyalı hərbçilər bu müddəti qeyri-real hesab edirlər. Onların fikrincə, vilayətin tam işğalı ən tez 2027-ci ildə mümkün ola bilər.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Bloomberg"in nəşrini "böyük ölçüdə spekulyasiya" adlandırıb və bunu "ciddi qəbul etməməyə" çağırıb. O bəyan edib ki, Moskvanın hərbi əməliyyatları dayandırmaq üçün şərtləri dəyişməz olaraq qalır.

Rasim