Ermənistanın keçmiş baş nazirinin oğlu saxlanıldı: Arvadını qısqandığı üçün qətl sifariş etdi - VİDEO

Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın oğlu Arqam Abramyan saxlanılıb.
Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən məlumat verir.
Qeyd edilir ki, A.Abramyan "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Sarukyanın kürəkənidir.
Daha əvvəl Ermənistan İstintaq Komitəsinin bildirdiyinə görə, İrəvan Şəhər İstintaq İdarəsinin Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq Şöbəsi tərəfindən aparılan cinayət işinin ilkin istintaqı, eləcə də Milli Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlumatlar əldə edilib ki, 30 aprel 2023-cü ildə İrəvan şəhərinin Myasnikyan prospektindəki evlərdən birinin girişində törədilən qətl Artaşat icmasının keçmiş rəhbəri və parlamentin deputatı Arqam Abramyan tərəfindən sifariş edilib.
Xüsusilə planlaşdırılmış, hərtərəfli istintaq və prosessual tədbirlər nəticəsində müəyyən edilib ki, Arqam Abramyan öz həyat yoldaşını "Yevangelist inancının xristianları" dini təşkilatının üzvü olan ruhani ilə şəxsi münasibətlərinin olduğundan, eləcə də ona külli miqdarda pul köçürülməsindən şübhələnərək qisas məqsədilə pastorun həyatına son qoymaq niyyətində olub. Lakin bu cinayətkar niyyətini şəxsən özü deyil, ona sadiq olan insan - ondan maddi və şəxsi cəhətdən cəhətdən asılı olan, özünün təhlükəsizlik xidmətinin əməkdaşı vasitəsilə həyata keçirmək qərarına gəlib.
Daha sonra Arqam Abramyan təhlükəsizlik əməkdaşı üzərindəki təsirindən, eləcə də onun sədaqətindən və ona xidmət etməyə hazır olmağından istifadə edərək ona göstəriş vermək yolu ilə pastoru öldürməyə razı salıb.
Arqam Abramyan göstərişini və verdiyi məlumatları sifariş kimi qəbul edən təhlükəsizlik əməkdaşı 30 aprel 2023-cü ildə İrəvanın Myasnikyan küçəsindəki yaşayış evinin qarşısında odlu silahla pastoru öldürüb.
Cinayət işi üzrə ilkin istintaqın gedişatı zamanı müstəntiqin vəsatəti əsasında və nəzarətçi prokurorun qərarı ilə Arqam Abramyan barəsində Cinayət Məcəlləsinin 46-155-ci maddəsinin 2-ci hissəsinin 11-ci bəndi (muzdla adam öldürməyə təhrik etmə) üzrə cinayət təqibi başladılıb.
8 avqust 2026-cı ildə müstəntiqin qərarı əsasında Milli Təhlükəsizlik Xidməti əməkdaşları Arqam Abramyanı saxlayıblar.




















