Azərbaycana gələn turistlərin sayı azalıb - Rəsmi statistika

Baxış sayı:
208

Bu ilin yanvar-iyul aylarında Azərbaycana turizm məqsədilə səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxs ölkədə ümumilikdə 1 milyard 553 milyon 954,3 min manat xərcləyib.
 
Muxalifet.az
rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 349 milyon 35,1 min manat və yaxud 18,3 % azdır.
 
Xərclərin strukturunda nəqliyyat xidmətləri ən böyük paya malik olub. Belə ki, turistlər 7 ay ərzində nəqliyyata 699 milyon 101,9 min manat vəsait sərf ediblər ki, bu da illik müqayisədə 176 milyon 6,4 min manat və yaxud 20,1 % azdır.
 
Hesabat dövründə yerləşmə xidmətlərinə çəkilən xərclər isə 27,4 % və yaxud 108 milyon 173,8 min manat azalaraq 285 milyon 466,5 min manat olub.
 
Turistlər qidalanmaya 289 milyon 722,7 min manat xərcləyiblər ki, bu da bir il əvvələ nisbətən 17,5 % azdır.
 
Bununla yanaşı, mədəniyyət sahəsində çəkilən xərclər də 15,7 % azalaraq 9 milyon 472,8 min manat olub.
 
Yanvar-iyulda turizm zərfinin alınmasına isə 721 min manat xərclənib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu xərclər 16,4 % azalıb.
 
Nəqliyyat vasitələrinin icarəsinə 2 milyon 447,8 min manat ( +1,4 %), idman və əyləncə xidmətlərinə 13 milyon 244,6 min manat (+13,1 %), malların və hədiyyələrin alınmasına 192 milyon 902,9 min manat (+2,8 %), digər istiqamətlərə isə 60 milyon 874,1 min manat (-11,7 %) xərclənib.
 
Ölkələr üzrə bölgüyə gəlincə, ən çox xərci Rusiyadan gələn turistlər edib. Onların xərcləri il ərzində 7,9 % azalaraq 492 milyon 25,8 min manat təşkil edib.
 
Türkiyədən gələn turistlərin xərcləri 177 milyon 412,5 min manat olub ki, bu da illik müqayisədə 10,3 % azdır. Qazaxıstandan səfər edənlərin xərcləri isə 2 % artaraq 84 milyon 995,5 min manata çatıb.
 
7 ayda Azərbaycana 191 ölkədən 1 milyon 342,6 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
 
Gələnlərin 28,3 %-i Rusiya, 20 %-i Türkiyə, 7,9 %-i İran, 4,7 %-i Gürcüstan, 4,6 %-i Qazaxıstan, hər birindən 3,2 % olmaqla Özbəkistan və Pakistan, 3,1 %-i İsrail, 2,6 %-i Hindistan, 2,5 %-i Çin, 2,3 %-i Səudiyyə Ərəbistanı, 1,6 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, 1,1 %-i Almaniya, 1 %-i Böyük Britaniya, 12,6 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub. 67,4 %-ni kişilər, 32,6 %-ni qadınlar təşkil edib.
 
Son 1 ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 8 % artaraq 65,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,6 % artaraq 531,3 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 32,8 % azalaraq 159,5 min nəfər, digər ölkələrdən gələnlərin sayı 10,8 % azalaraq 585,9 min nəfər təşkil edib.
 
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72,4 %-i hava, 26,2 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib./report