“ONLAR DALANA DİRƏNİBLƏR...” – Kim təslim olacaq?

“İran hazırda daha güclü mövqedədir və o…”
Qonşu İran ətrafında baş verənlər əlbəttə ki, ölkəmiz üçün də əhəmiyyətlidir. ABŞ-İran qarşıdurması, onun hazırkı durumu və perspektivləri bütün dünyaya, ən əsası da bizim bölgəmizə təsirsiz ötüşmür və ötüşməyəcək. Bəs, zaman-zaman alovlanan bu münaqişəni qarşıda nə gözləyir?
Təəssüf ki, əksər mütəxəssislər və nüfuzlu media orqanları heç də müsbət perspektivlər vəd etmirlər. Məsələn, "The New York Times"(NYT) qəzeti yazır ki, İranla müharibənin başlamasından təxminən yeddi ay sonra Donald Tramp administrasiyasının Yaxın Şərq siyasəti faktiki olaraq çıxılmaz vəziyyətə düşüb. 28 fevralda ABŞ və İsrailin İrana hücumları ilə başlayan hərbi kampaniya İran rejiminin süqutuna və ya Tehranın təslim olmasına gətirib çıxarmadı. Bunun əvəzinə, münaqişə tədricən genişmiqyaslı enerji və nəqliyyat böhranına çevrilməkdədir və bunun nəticələrini təkcə region dövlətləri deyil, artıq birbaşa amerikalıların özləri də hiss edir.
Müharibənin başlanğıcından bəri İran Fars körfəzinin ən vacib neft arteriyası olan Hörmüz boğazından nəqliyyatın hərəkətini kəskin şəkildə məhdudlaşdırıb. Müharibədən əvvəl boğazdan gündə təxminən 130 gəmi keçdiyi halda, sentyabr ayında bu rəqəm orta hesabla cəmi 19 olub. Bəzi günlərdə nəqliyyatın hərəkəti praktikİ olaraq tam dayanır. Məsələn, ötən cümə axşamı boğazdan cəmi doqquz gəmi keçə bilib. O da ABŞ-nin olduqca baha başa gələn hərbi nəzarəti altında. ABŞ Hərbi Dəniz Qüvvələri yalnız Oman sahillərinə yaxın marşrutlar boyunca məhdud tanker nəqliyyatını saxlaya bilib. NYT bu əməliyyatları genişmiqyaslı, bahalı və təhlükəli adlandırır. Təkcə iyul və avqust aylarında bu sularda ən azı 23 gəmi vurulub. Üstəlik, ən azı 22 dənizçi həlak olub.

Vaşinqton üçün problem həm də ondadır ki, Hörmüz boğazına alternativ olan digər dolama yollar da artıq sıradan çıxarılmağa başlayır. Məlum olduğu kimi, Hörmüz boğazında hərəkər məhdudlaşdıqdan sonra Səudiyyə Ərəbistanı daha çox Şərq-Qərb boru kəməri vasitəsilə Qırmızı dənizə, oradan isə Bab əl-Məndəb boğazından keçməklə neft daşımağa üstünlük verir. Lakin İranın dəstəklədiyi husilər orada da mövqelərini gücləndiriblər. Onlar Yəmənin strateji əhəmiyyətli Moça limanını ələ keçirərək Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələrini oradan qovublar.
London İqtisadiyyat Məktəbinin professoru Favaz Cerges bunu həm husilər, həm də İran üçün "dönüş nöqtəsi" adlandırır: "Nəticədə, İran hazırda daha güclü mövqedədir və o, ABŞ-yə və qlobal iqtisadiyyata daha böyük ziyan vurmaq iqtidarındadır".

Hətta Səudiyyə Ərəbistanının Şərq-Qərb boru kəmərinin özü də son zamanlar hücuma məruz qalıb. Səudiyyə Ərəbistanının Energetika Nazirliyi bildirib ki, kəmərə dəfələrlə hücum edilib və "ehtiyat tədbiri olaraq" onu bağlamalı olublar. Nəticədə Hörmüzdən keçən əsas marşrut iflic ediləndən sonra indi də Qırmızı dənizdən keçən başlıca ehtiyat marşrut təhlükə altındadır. Son məlumatlara görə, son bir həftə ərzində Qırmızı dənizdən Bab əl-Məndəb boğazı vasitəsilə Səudiyyə Ərəbistanı neftini daşıyan cəmi iki gəmi keçə bilib.
Nəzəri olaraq, Ər-Riyadın hələ də başqa bir seçimi var: nefti şimala, Süveyş kanalına və daha sonra oradan Aralıq dənizi vasitəsilə alıcılara göndərmək. Lakin bu marşrut xeyli bahalı və uzundur. Nəticədə Səudiyyə Ərəbistanı neftinin, onun çox hissəsinin satıldığı Asiya ölkələrinə çatdırılması müddəti bir neçə həftə uzanır. Buna görə də ötən ay Səudiyyə Ərəbistanının neft ixracı son 13 ilin ən aşağı səviyyəsinə düşüb. Ümumilikdə, İran istisna olmaqla, Fars körfəzindən xam neft ixracı avqust ayında müharibədən əvvəlki həcminin yalnız üçdə ikisini təşkil edib.
Bütün bunlar artıq ABŞ iqtisadiyyatına da mənfi təsir göstərir. Yeni Husi hücumları fonunda həftəsonu neftin qiyməti 108 dolları keçib. Bu, “qara qızıl”ın müharibədən əvvəlki səviyyəsindən təxminən 50% yüksəkdir. ABŞ-də benzinin orta qiyməti bir qallon(3.79 litr) üçün 4 dollardan yuxarı qalxıb ki, bu da ötən illə müqayisədə bir dollardan çox bahadır. Yük maşınları, kənd təsərrüfatı və sənayenin böyük hissəsini yanacaqla təmin edən dizel yanacağının isə bir qallonu 6 dolları keçib.
NYT-nin məlumatına görə, Ağ Ev üçün İran məsələsində xüsusilə xoşagəlməz nəticə odur ki, onun Tehrana qarşı adi təzyiq vasitələri demək olar ki, tükənib. Ötən ay administrasiya Tehrana qarşı yeni sərt sanksiyalar tətbiq edib. Ağ Ev bunun İran hakimiyyətinin devrilməsinə kömək edəcəyinə ümid edir. Lakin bu, baş vermir. Əksinə, İran ABŞ-dən limanlarının blokadasına son qoyulmasını, xarici aktivlərinin dondurulmasının aradan qaldırılmasını tələb edir və Hörmüz boğazına nəzarəti qorumaq niyyətində olduğunu bəyan edir.
Bayden administrasiyasının keçmiş enerji və xarici siyasət üzrə müşaviri Amos Hoxşteyn deyir ki, Tramp komandası indiyə qədər artan neft qiymətlərinin qarşısını almaq üçün müxtəlif vasitələrdən kifayət qədər effektiv şəkildə istifadə edib. Lakin indi bu variantlar azalır.
Onun Ağ Evin vəziyyəti ilə bağlı diaqnozu qısadır: "Onlar dalana dirəniblər ".
Avrasiya Qrupunun analitiki Qreqori Bru isə Vaşinqtonun yalnız iki variantının qaldığını bildirir: "Onlar ya bombalaya, ya da danışa bilərlər".

Trampın birinci administrasiyasında İran üzrə keçmiş xüsusi nümayəndə Elliott Abrams vəziyyəti daha kəskin şəkildə təsvir edir. Onun sözlərinə görə, "açıq çıxış yolu" nəzəri olaraq ABŞ-nin İrana de-fakto təslim olması ola bilər. Yeganə sual, Trampın aralıq seçkilərdən əvvəl böhrandan çıxmaq üçün bu cür güzəştlərə getməyə hazır olub-olmamasıdır. Trampın özü artıq İrandakı müharibənin noyabr seçkilərindən əvvəl bitməyəcəyini bildirib və eyni zamanda benzin qiymətlərinin seçkidən sonra "çökəcəyini" vəd edib. Lakin NYT analitikləri hazırda onun administrasiyasının müharibəni tez bir zamanda bitirməsi və ya enerji qiymətlərini kəskin şəkildə azaltması üçün heç bir açıq yol görmürlər.
Beləliklə, NYT-nin təsvir etdiyi mənzərədən belə bir paradoks ortaya çıxır: İranı zəiflətmək məqsədi daşıyan hərbi əməliyyat, Tehrana ABŞ və qlobal iqtisadiyyat üzərində əlavə təsir imkanı verib. Hörmüz boğazı ciddi şəkildə məhdudlaşdırılıb, Qırmızı dənizdən keçən alternativ yol İranın müttəfiqi olan husilərin təzyiqi altındadır, Səudiyyə Ərəbistanının neft ixracatı çöküb, neft və yanacaq qiymətləri isə yüksəlməkdə davam edir.
Sadə dillə desək, "The New York Times" qəzetinin istinad etdiyi məlumatlara və qiymətləndirmələrə əsasən, Trampın İran problemini güc yolu ilə həll etmək cəhdi indiyə qədər heç bir məqsədinə nail ola bilməyib. Müharibə uzanıb, Tehrandakı hakimiyyət möhkəm dayanıb, enerji marşrutları təhlükə altındadır və münaqişənin iqtisadi xərcləri də artmaqda davam edir. Bu kampaniyaya güc mövqeyindən başlayan Tramp administrasiyası isə indi ya eskalasiyanı artırmaq, ya da İranla özü üçün daha əlverişsiz şərtlərlə danışıqlar aparmaq arasında seçim etmək məcburiyyətindədir. Ağ Evin, xüsusilə də Trampın qeyri-müəyyən idarəçilik üslubunu nəzərə alsaq, bu iki yoldan hansını seçəcəyi hələlik bilinmir…

Qeyd edək ki, bu arada İran Prezidenti Məsud Pezeşkian ölkəsinin qətiyyən təslim olmaq fikrində olmadığını bir daha bəyan edib. O, son çıxışında deyib ki, yalnız ABŞ ordusu İran limanlarının blokadasını və İslam Respublikasına hücumları dayandırsa, Tehran Hörmüz boğazında gəmilərin sərbəst hərəkətini bərpa edə bilər: "Boğazın yolu o şərtlə açılacaq ki, Amerika mühasirədən və İrana qarşı təcavüzdən əl çəksin". Onun sözlərinə görə, Vaşinqton müharibə yolu ilə öz məqsədlərinə çata bilməyib və mühasirəyə də məhz buna görə əl atıb: "Lakin biz dayanmayacağıq. Dəniz yolu bizim həyat yolumuz deyil, elə düşünməsinlər ki, bu hərəkətlərlə bizi təslim edə bilərlər".
Bütün bunlar təəssüf ki, qonşuluğumuzdakı hərbi qarşıdurmanın tezliklə həllinə dair optimist olmağa əsas vermir. Ən pisi isə odur ki, bu münaqişəni də Ukrayna münaqişəsində olduğu kimi, tərəflərin iradəsindən savayı aradan qaldıra biləcək heç bir beynəlxalq qurum, alət, vasitə və güc yoxdur…
Cəlal Məmmədli




















