Jurnalistika kimdən icazə gözləyir? - ARZUMAN LOĞMANOĞLU YAZIR

Baxış sayı:
115

Oxucu “kim nə dedi?” sualından əvvəl “nə baş verdi?” sualının cavabını gözləyir

Bir vaxtlar jurnalist hadisənin ardınca gedirdi. Fakt toplayırdı, araşdırırdı, sual verirdi, cavab tələb edirdi. Problemi üzə çıxarır, cəmiyyətin diqqətinə çatdırırdı. Yazdığı material kiminsə xoşuna gəlməyə bilərdi, amma jurnalistin işi də elə bundan ibarət idi — həqiqətin arxasınca getmək.

İndi isə mənzərə bir qədər fərqlidir.

Jurnalist araşdırma aparır, ciddi faktlar ortaya qoyur, material hazırlayır. Amma çox vaxt həmin yazı lazımi rezonans doğurmur. Eyni məsələni bir bloger, YouTuber və ya TikToker gündəmə gətirəndə isə bir neçə saat ərzində minlərlə paylaşım, yüz minlərlə, bəzən milyonlarla baxış ortaya çıxır.

Burada məsələ heç də blogerlərin uğurunu kiçiltmək deyil. Əksinə, sosial medianın imkanlarından istifadə etmək bacarığı da müasir dövrün reallığıdır. Problem başqadır: nə üçün peşəkar jurnalistikanın özünün yaratdığı informasiya bəzən onun qədər sürətlə və ciddi şəkildə qəbul edilmir?

Cavabın bir hissəsini elə medianın özündə axtarmaq lazımdır.

“Mən birinciyəm”, “ən operativ bizik” deyən bəzi media qurumları hadisəni işıqlandırmaq istəyərkən əvvəlcə kiməsə zəng edir. Sonra mövqeyini soruşur. Ardınca “bəli” və ya “xeyr” cavabını gözləyir. Bir sözlə, xəbəri verməzdən əvvəl sanki xəbər haqqında danışmağa icazə almağa çalışır.

Bəs jurnalist kimdənsə icazə almaq üçünmü jurnalistdir?

Əlbəttə, mövqelərin öyrənilməsi vacibdir. Peşəkar jurnalistika qarşı tərəfin fikrini də təqdim etməli, balansı və obyektivliyi qorumalıdır. Amma bunun adı icazə gözləmək deyil, jurnalistikanın əsas prinsiplərinə əməl etməkdir.

Əgər hadisə baş veribsə, jurnalist onun faktlarını araşdırmalıdır. Əgər ortada problem varsa, onun səbəblərini araşdırmalıdır. Əgər iddia səslənibsə, həmin iddianı yoxlamalıdır.

Yoxsa hər dəfə “qarşı tərəf nə deyəcək?” sualına ilişib qalmaq jurnalistikanı öz missiyasından uzaqlaşdırır.

Ən təhlükəlisi isə odur ki, media özünün ən böyük üstünlüyünü — araşdırmaq və həqiqəti ortaya çıxarmaq imkanını itirir.

Sosial şəbəkə istifadəçisi bir videoda “bu məsələ niyə belədir?” deyə soruşur və gündəm yaradır. Peşəkar jurnalist isə günlərlə fakt toplayır, sənədləri araşdırır, mənbələrlə danışır, nəticə hazırlayır. Amma onun yazısı səssiz ötüb keçir.

Belə vəziyyətdə sual yaranır: problem oxucudadır, yoxsa mediada?

Bəlkə də biz jurnalistikanı yenidən öz mahiyyətinə qaytarmalıyıq.

Çünki jurnalistikanın vəzifəsi hər kəsin xoşuna gələn xəbəri yazmaq deyil. Onun vəzifəsi cəmiyyət üçün vacib olan xəbəri tapmaq, yoxlamaq və olduğu kimi təqdim etməkdir.

Media kiminsə mətbuat xidmətinə çevrilməməlidir. Jurnalist də kiminsə cavabını gözləyən informasiya katibi deyil.

Jurnalist sual verməlidir. Araşdırmalıdır. Fakt tələb etməlidir. Lazım gəldikdə narahat etməlidir. Çünki cəmiyyətin inkişafına xidmət edən jurnalistika məhz belə yaranır.

Əks halda, peşəkar jurnalist susacaq, gündəmi isə sosial şəbəkə müəyyənləşdirəcək.

Və onda çox gec olacaq.

Çünki oxucu cümlənin mübtədasını, xəbəri və xəbərin kim tərəfindən verildiyini yox, ilk növbədə xəbərin özünü gözləyir.

Jurnalistika kiminsə “hə”sini gözlədiyi gün öz gücünün bir hissəsini itirir.

Arzuman Loğmanoğlu

Sozcu.info