Bakıda arvadını marketdə, autizmli övladının gözü qarşısında döyən kişi SAXLANILDI

Bakıda arvadını marketdə, azyaşlı autizmli övladının gözü qarşısında döyən kişi polis tərəfindən saxlanılıb.
Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat yayıb.
Onun sözlərinə görə, quruma müraciət edən zərərçəkmiş qadınla bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən dərhal tədbir görülüb.
Belə ki, paytaxtın Nəsimi rayonunda yerləşən marketlərdən birində qadının döyülməsi ilə bağlı araşdırma aparılıb.
Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibati qaydada həbs olunub.
Mehriban Zeynalova Daxili İşlər Nazirliyinin operativ reaksiyasına görə təşəkkürünü bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə Bakıda marketlərdən birində üç uşaq anasının insanların gözü qarşısında zorakılığa məruz qalmasını əks etdirən görüntülər yayılıb. Hadisə zamanı qadının yanında azyaşlı övladının olduğu, uşağın isə autizmli olduğu bildirilib.




















