GÖYÇAY SAKİNLƏRİ ETİRAZA QALXDI – “İstifadə etməyə su tapmırıq” / Video, Foto

Göyçay rayonu, Çaxırlı kənd sakinləri - Tehran Məmmədov (şəhid atası), Ramin Əsgərov, Mahir Sadıqov (1-ci dərəcəli gözdən əlil), Dəyanət Sadıqov, Xətai Əsgərov, Ceyhun Rəsulov, Sehran İbrahimov və Sahib Sadıqov tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçilərin müraciətini olduğu kimi dərc edirik:
“Biz, Göyçay rayonu, Çaxırlı kənd sakinləri olaraq, kəndimizin örüş torpağında qanunsuz şəkildə qazılaraq yaradılmış süni gölə görə çox əziyyət çəkirik. Bir nəfərin şəxsi maraqlarına görə kənd sakinləri su üzünə həsrət qalmışıq.
Çaxırlı Bələdiyyəsinin 20.12.2006-cı il tarixli, 12 saylı qərarı ilə, guya, kənd sakini Əsgərova Ruhiyyə Valeh qızına 15 hektar örüş torpağı icarəyə verilib. Lakin bu qərarın faktiki olaraq 2012-ci ildə bağlandığı və saxta şəkildə 2006-cı ilə aid edildiyi məlum olmuşdur. Bu isə, Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2007-ci il tarixli 646 nömrəli Fərmanı və 23 noyabr 2007-ci il tarixli 2598 nömrəli Sərəncamı ilə ziddiyyət təşkil edir. Həmin sənədlərə əsasən, 2007-ci ilin dekabrından sonra bələdiyyə torpaqları yalnız hərrac və müsabiqə yolu ilə icarəyə verilə bilərdi.
Əlavə olaraq; İcarə müddəti qanunsuz şəkildə 99 ilə qədər uzadılmışdır ki, bu da qanunla yolverilməzdir. Torpaq sahəsinin həcmi də müqavilədə 5 hektardan 15 hektara saxtalaşdırılaraq dəyişdirilmişdir. Torpaq aktı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay şöbəsi tərəfindən verilməmişdir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən də bu fəaliyyətin qanunsuz olduğu ilə bağlı akt tərtib olunmuş və 90 gün ərzində xüsusi razılıq alınması tələb olunmuşdur.
Mövcud bələdiyyə sədri Sevinc Nəsirullayeva əvvəlki sədr Orucəli Qəniyev və sədr müavini Fərhad Mehdiyevin qanunsuz əməllərinin üzərini ört-basdır etməyə çalışır.
Bu saxta müqavilə əsasında kənd ərazisində qanunsuz qazıntı işləri aparılmış, süni göl yaradılmış, nəticədə torpaq şoranlaşıb, örüş yeri azalıb, su ehtiyatları məhv olmuşdur.
Biz kənd sakinləri nəinki əkinlərimizə və mal-qaramıza, heç özümüzün istifadə etməyimizə belə su tapmırıq. Maşınla su alıb istifadə etmək məcburiyyətində qalmışıq.
Üzləşdiyimiz bu problemin həll edilməsi və qanunsuz yaradılmış gölün ləğv edilməsi üçün bütün aidiyyəti orqanlara çoxlu sayda şikayətlər etmişik, qəbullarda olmuşuq. Hətta gölün qanunsuz olaraq örüş yerində yaradılması tam subut olunub və icarəçi şəxs barəsində inzibati protokol tərtib edilib.
Ancaq, bütün bunlara baxmayaraq, qanunsuz yaradılmış gölün ləğv edilməsi üçün heç bir tədbir görülmür. Bu isə bir kəndin bu qədər camaatının məhv olmasına gətirib çıxarır. Bizim əsas məşğuliyyətimiz əkinçilik, bağçılıq və heyvandarlıq olsa da susuzluğa görə zülmə düşmüşük.
Başda Prezident cənab İlham Əliyev olmaqla, Birinci vitse-prezident Mehriban xanım Əliyevadan, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevdən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbovdan, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” Publik Hüquqi Şəxsin rəhbərindən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılovdan, Kənd Təsərrüfatı Naziri cənab Məcnun Məmmədovdan və digər qurumların rəhbərlərindən çox-çox xahiş edirik;
- 20.12.2006-cı il tarixli icarə müqaviləsinin hüquqi əsasları yoxlanılsın;
- Qanun pozuntularına yol vermiş şəxslər Orucəli Qəniyev, Fərhad Mehdiyev və Sevinc Nəsirullayeva barəsində hüquqi tədbirlərin görülsün;
- Qanunsuz yaradılmış süni göl ləğv edilib və torpağı bərpa olunsun;
- Hadisənin tam və obyektiv araşdırılması üçün audit və torpaq müayinəsinin keçirilməsini təmin edilsin.
Hazırladı: Jalə FAMİLQIZI
Hurriyyet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.