“Saakaşvilinin göndərdiyi silahlılar gecə saat 3-də uşaqlarımı girov götürdülər...” - FAZİL ƏLİYEV

Baxış sayı:
1595

"Bu gün Gürcüstanda həm hakimiyyət böhranı, həm siyasi böhran, həm iqtisadi, həm pandemiya böhranı var”

“Gürcüstan hakimiyyəti bilir ki, onların reytinqi 20%-dən də aşağıdır. Odur ki, zorakılıq yolu ilə hakimiyyətdə qalıb, onu davam etdirmək fikrindədirlər...”

Gürcüstanda oktyabr ayında ölkənin siyasi sistemi üçün mühüm çəkisi olan bələdiyyə orqanlarına seçkilər keçiriləcək. Seçkilərə hazırlıq fonunda bu ölkədəki soydaşlarımızın siyasi aktivliyi də artmaqdadır. Gürcüstandakı soydaşlarımızın əvvəlki və indiki hakimiyyət zamanındakı durumu, dəyişiklikləri, problemləri, perspektivləri barədə sabiq deputat, Gürcüstan prezidentliyinə keçmiş namizəd Fazil Əliyevlə söhbətləşdik.

- Fazil bəy, prezidentliyə keçmiş namizəd kimi hazırda hansı fəaliyyətlə məşğulsunuz?

- Mən 2008-ci ildə prezidentliyə namizəd olduqdan sonra siyasi partiyamızın (“Gürcüstan Naminə” Partiyasının – red.) Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməsiylə məşğul oldum. Ardınca isə təşkilatlanma məsələsi ilə məşğul oldum. 2012-ci ildə Gürcüstanda Mixail Saakaşvili hakimiyyətdən getdikdən sonra Bidzina İvanişvilinin "Gürcü arzusu" Partiyası hakimiyyətə gəldi. Və oliqarx İvanişvili o dövrdə siyasi arenada olanlara çox böyük təyziqlər göstərdi. Bu səbəbdən, siyasətlə məşğul olmaq çox da asan olmadığından, deyərdim ki, biz passiv mövqeyə çəkildik. Amma yerlərdə siyasi partiyamızın təşkilatlanması ilə məşğul olduq.

-Səhv etmirəmsə, vaxtilə keçmiş hakimiyyət tərəfindən təqib olunmuş və Azərbaycana sığınmağa məcbur olmuşdunuz. Bildiymizə görə, bir neçə il Azərbaycanda yaşadınız. Maraqlıdır, siyasi təqiblərlə bağlı Gürcüstanda bu gün vəziyyət necədir?

- Mən yalnız keçmiş hakimiyyət Mixayil Saakaşvili tərəfindən təqib olunmamışam, həm də Şevardnadze dönəmində təqiblərə məruz qalmışam. Gürcüstan Milli Azadlıq Hərəkatının üzvlərindən biri olmuşam. Zviad Qamsaxurdiyanın başçılıq etdiyi “Dəyirimi Masa - Azad Gürcüstan Bloku”nda iştirak etmişdim, amma orada hansısa partiyanın üzvü yox, müstəqil namizəd kimi iştirak edirdim. Seçkilərdə aktiv iştirak etdik və həmin blokun qalib gəlməsində əlimizdən gələni etdik. Seçkilərdə həmin blok qalib gəldi və buna görə də mən prezident Zviad Qamsaxurdiyanın təqdimatı ilə ilk olaraq, Qardabani şəhərinin meri, sonra da “prefekt”in (mer, icra başçısı – red.) muavini vəzifəsinə təyin olundum. O dönəmdə Gürcüstanda biraz qarışıq dönəmlər idi, xarici dövlətlər tərəfindən maliyyələşən həddindən artıq kriminal elementlər qarşıdurma yaradırdı. Buna görə, həmin dövrdə bizim üçün işləmək həddindən artıq çətin olub. Mənim də reallaşdırmağa çalışdığım əsas məqsəd o idi ki, Gürcüstanda yaşayan türklər burada daimi yaşasınlar. Bizə vaxt qazanmaq lazım idi. Bilirdik ki, baş verən hadisələr müvəqqətidir. Bircə Ermənistandakı soydaşlırımızın başına gələnlər Gürcüstanda da təkrar olunmasın ki, biz də torpaqlarımızı tərk edək. Əlimdən gələni etdim. Yalnız Qardabani rayonunda yox, eyni zamanda Marneuli, Bolnisi, Dmanisi şəhərində və s. yerlərdə el-obamızla görüşlər keçirdik və Allah şükürlər olsun ki, bizim Gürcüstan türkləri vətənlərini qoyub getmədilər. Düzdür, onların cüzi bir hissəsi - o vaxtlar Kommunist Partiyasının üzvləri olan və vəzifələrdə çalışmış adamlar biraz qorxduqları üçün Gürcüstandan çıxıb getdilər. Amma əhalinin çox böyük əksəriyyəti vətənimizdə qaldı və indi də yaşamaqdadırlar.

- Bəs, Qamsaxurdiya hakimiyyətindən sonra hansı işlərlə məşğul oldunuz?

- Mən Qamsaxurdiya hakimiyyətdən getdikdən sonra bizneslə məşğul oldum və Şevardnadze dönəmində qubernator tərəfindən, DİN, Təhlükəsizlik Nazirliyi və.s səviyyələrdə təqiblərə məruz qaldım və ailəmə Xüsusi Təyinatlılar dəfələrlə hücum etdilər, övladımı oğurlamaq istədilər və demək olar ki, biznesimin çox böyük hissəsini əlimdən aldılar. O dövrdə bu hadisələr yalnız mənə qarşı yox, Gürcüstanda yaşıyan türklərə qarşı mütəmadi olaraq həyata keçirilirdi. Ümumiyyətlə, Şevardnadze dönəmində Gürcüstan türklərinə qarşı çox böyük, dəhşətli zülmlər oldu. O dövrdə bir çox kəndimizin adı dəyişdi, iş adamlarımızın əsıriyyətinə çox böyük zərərlər yetirildi, torpaq bölgüsündə ayrı-seçkiliyə yol verildi. Bir sözlə, Şevardnadze hakimiyyəti Gürcüstan türkləri üçün ən çətin dövr idi.

Saakaşvili hakimiyyətə gələndə də yenə Şevardnadze dönəmində olan hadisələr davam etməyə başladı. Faktiki olaraq çox adamlarda belə fikir var ki, güya Şevardnadze keçmiş partokrat sovet dövründən qalmış adam idi, Saakaşvili də demokrat kimi gəlib onun hakimiyyətdən devirdi, demokratiya qalib gəldi. Hətta bunu bütün dünya bilir ki, Şevardanze öz postunu pula satdı. Yəni hər bir şərait yaratdı ki, Saakaşvili gəlib hakimiyyəti ələ keçirsin. Saakaşvili Şevardnaze dönəmində şəhərin meri və Sakribolun sədri vəzifəsinə, ədliyə naziri vəzifəsinə qədər yüksəklərə qaldırılmışdı. Onun əhatəsində silahlı adamlar belə yaratmağa icazə vermişdi. Faktiki olaraq, bunlar hamısı onu göstərirdi ki, Şevardnadze mədəni surətdə gələcəkdə hakimiyyəti Saakaşviliyə ötürəcək. Bu, bizim üçün bir az da şübhəli görünmürdü. O dönəmdə - 2003-cü ildə - tamaşa kimi hakimiyyət çevrilişi baş verən məqamda mən Gürcüstan parlamentinin deputatı idim və Şevardnadze həmin gün - birinci günün iclasında bilərəkdən 5-6 saatdan çox gecikdi. Ondan sonra da çox yersiz, uzun-uzadı çıxışlar etdi ki, Saakaşvili gəlib iclas zalına girənə qədər gözləsin. Bundan başqa, aydın görünürdü ki, nə ABŞ, nə Avropa dövlətlərinin səfirləri, nə dini rəhbər II İlya iclasda iştirak etmirdi. Bunun hamısı onu göstərirdi ki, onlara öncədən iclas salonuna gəlməmək göstərişi verilmişdi. Biz olduğumuz birinci mərtəbənin yuxarı qatında silahlı adamlar otururdu. Hər bir şərait yaradılmışdı ki, Şevardnadze hakimiyyəti təhvil versin. Heç bir ciddi təhlükə olmadığı halda, Şevardnadze hakimiyyəti Saakaşviliyə ötürdü. Mən deyərdim ki, hərbi çevriliş yox, razılaşdırılmış tamaşa yaradılmışdı. Bu, Şevardnadzenin sovet dönəmindən bəri oynadığı tamaşalardan biri idi və hakimiyyəti faktiki olaraq Saakaşviliyə satdı.

Hakimiyyət çevrilişi bitəndən sonra Saakaşvili ona etiraz edən adamlara qarşı zorakılığa başladı. O cümlədən mənə qarşı da. 2005-ci ilin iyun ayının 3-dən 4-nə keçən gecə Saakaşvilinin göndərdiyi 200-dən çox silahlı dəstə gecə saat 3-də mənim evimə soxuldu. Uşaqlarımı girov götürdülər. Silah atan zaman mənim 11 yaşlı övladıma avtomatdan iki güllə dəymişdi. Sonra mən yatdığım otağa basqın etdilər, amma girə bilmədilər. Uzun müddət - 1,5 saatdan çox ikitərəfli atışma baş verdi. Mən dövlətdə rəsmi qeydiyyatdan keçirilmiş silahlarımdan istifadə etdim. Heç bir şey edə bilmədilər. Qaçıb getmək məcburiyyətində qaldılar. Ondan sonra gördüm ki, mənim və ailəm üçün təhlükə var. Rəsmi silahlarımı da əlimdən aldılar. Məni tam müdafiəsiz qoydular. Bu səbəbdən, ailəmi, övladlarımı müdafiə edə bilmədiyimə görə Azərbaycana getdim.

- Azərbaycanda neçə il yaşadınız?

- 2008-ci ildə Gürcüstanda prezident seçkiləri keçirilənədək Azərbaycanda yaşamaq məcburiyyətində qaldım. 2008-ci ilin noyabrında keçirilən prezident seçkilərində namizədliyimi irəlli sürdüm. Gürcüstana gəlib, namizədliyimi qeydiyyatdan keçirdim. Sonra müəyyən şərtlərlə namizədliyimi geri götürmək məcburiyyətində qaldım...

-Hazırda Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərə hazırlıq gedir. Namizədlər öz təşviqat kampaniyalarını aparır. Necə düşünürsünüz, hakimiyyət, yoxsa müxalifət düşərgəsinə mənsub namizədlər seçkilərdə qalib gələcək?

- Bu gün Gürcüstanda həm hakimiyyət böhranı, həm siyasi böhran, həm iqtisadi, həm pandemiya böhranı var. Demək olar ki, Gürcüstan bu gün hərtəfəli böhran içindədir. Parlament faktiki olaraq monoparlamentdir, yəni bir partiyadan formalaşmış parlamentdir. Avropalılar Şarl Mişelin başçılığı ilə keçirilmiş görüşlərdə iqtidar-müxalifət arasında razılaşma protokolu olmuşdur ki, Gürcüstan hakimiyyəti 43% bələdiyyə seçkilərində səs qazana bilməsə, parlamentə təkrar seçkilər keçiriləcək, məhkəmə və seçki komissiyaları müxalifət-iqtidar arasında razılaşdırılmış olacaq və s. Gürcüstan hakimiyyətinin imza atmasına baxmayaraq bundan çıxdı və Avropa İttifaqı qarşısında götürdüyü öhdəliklərdən imtina etdi. Bu da Gürcüstan hakimiyyətinin keçmişə qayıdışına işarədir. Yəni bilirlər ki, Gürcüstanda onların reytinqi 20%-dən də aşağıdır. Gürcüstan hakimiyyəti bu dəqiqə zorakılıq yolu ilə hakimiyyətdə qalıb, onu davam etdirmək fikrindədir.

-Bildiyiniz kimi, son illərdə Gürcüstan hakimiyyəti qeyri-müəyyən mövqe nümayiş etdirərək hansısa şəxslərin ölkəyə daxil olmasını qadağan edir. İstər Azərbaycan vətəndaşları, istər başqa ölkələrin vətəndaşları olsun. Hətta bu şəxslərdən Gürcüstan əsilli, Borçalı kökənli olanları da var. Misal olaraq, “Borçalı” İctimai Birliyinin keçmiş sədri Kərəm Məmmədovu göstərə bilərik. Hansı ki, bildiyimizə görə, onun Gürcüstana qarşı hansısa fəaliyyəti yoxdur, əksinə hər zaman Gürcüstan-Azərbaycan dostluğunun tərəfdarı kimi çıxış edib. Buna rəğmən, Kərəm Məmmədovun və adını çəkmədiyimiz çox sayda insanlarına öz doğma yurduna getməsinə qadağa qoyulması nəylə bağlıdır?

(Ardı var)

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA,
Hurriyyet.az