3,3 MİLYON SOSİAL TƏMİNATSIZ İŞÇİ ORDUSU... - Və ya Azərbaycanda əmək bazarının kölgə tərəfi

Baxış sayı:
477

Bu gün Azərbaycanda əmək bazarındakı ən ciddi problemlərdən biri işçilərin əmək müqaviləsi olmadan işlədilməsidir. Qanunvericiliyə əsasən əmək müqaviləsi bağlamaq məcburidir, lakin bu tələb tez-tez pozulur. Xüsusilə özəl sektorda bu cür hallar geniş yayılıb.

Rəsmi müqavilə olmadan çalışan işçilər bir sıra çətinliklərlə üzləşirlər: maaşları vaxtında verilmir, bəzən isə ümumiyyətlə ala bilmirlər, sosial sığorta haqları ödənilmir, xəstəlik və ya əmək qabiliyyətinin itirilməsi hallarında sosial yardım ala bilmirlər. Belə işçilər iş şəraitində yaranan problemlər zamanı hüquqi müdafiədən məhrum qalır, işdən çıxarıldıqda isə kompensasiya və digər hüquqlarını tələb edə bilmirlər.

Ölkədə 3,3 milyon insan qeyri-rəsmi çalışır...

Rəsmi statistikaya əsasən, Azərbaycanda ümumi məşğul əhalinin sayı təxminən 5 milyon nəfərdir. Bu şəxslərin yalnız 1,7 milyonu əmək müqaviləsi ilə çalışan, yəni muzdlu işçilərdir. Deməli, təxminən 3,3 milyon insan qeyri-muzdlu və ya qeyri-rəsmi sektorda çalışır. Bu rəqəm ölkə əmək bazarının böyük hissəsinin qeyri-rəsmi və ya qeyri-sabit olduğunu göstərir.

3,3 milyon nəfərlik bu kütlə kimlərdən ibarətdir?

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 700 minə yaxın aktiv fərdi sahibkar qeydiyyatdadır. Lakin bu şəxslərin bir hissəsi faktiki sahibkar deyil, sadəcə işəgötürənlər tərəfindən əmək müqaviləsi əvəzinə fərdi sahibkar kimi qeydiyyata alınaraq işə cəlb edilən şəxslərdir. Bu, qanundan yayınma üsullarından biridir.

Eyni zamanda, kənd təsərrüfatı sektorunda çalışan 1 milyondan çox insanın əksəriyyəti əmək müqaviləsi və sosial sığorta olmadan fəaliyyət göstərir. Həmçinin tikinti, restoran, obyekt təmizliyi, gündəlik əmək tələb edən sahələrdə də minlərlə insan müqaviləsiz çalışır.

Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, Azərbaycanda qeyri-rəsmi məşğulluq səviyyəsi 45–50% civarındadır. Bu göstərici inkişaf etməkdə olan ölkələr üçün xarakterik olsa da, region ölkələri ilə müqayisədə yüksəkdir. Məsələn, Gürcüstanda – 32%, Qazaxıstanda – 28–30%, Türkiyədə isə 30–35% təşkil edir.

Bu cür hallarla qarşılaşan işçi nə etməlidir?

Əgər işçi əmək müqaviləsi olmadan çalışdırılır və hüquqları pozulursa, aşağıdakı qurumlara müraciət edə bilər:

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    Nazirlik və onun tərkibində fəaliyyət göstərən Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edilə bilər.
  • Elektron Hökumət Portalı (www.e-gov.az)
    İşçi əmək müqaviləsinin sistemdə qeydiyyatda olub-olmadığını yoxlaya bilər. Əgər müqavilə sistemdə yoxdursa, bu hüquq pozuntusudur.
  • Əmək Müfəttişinə elektron şikayət
    dmx.gov.az və ƏƏSMN-in rəsmi saytında “müraciət et” bölməsindən istifadə etməklə edilə bilər.
  • Baş Prokurorluq
    Əgər hüquq pozuntusu cinayət xarakterlidirsə (məsələn, kütləvi müqaviləsiz işəgötürmə), rəsmi şəkildə müraciət edilə bilər.
  • Həmkarlar İttifaqları
    İşçi aid olduğu həmkarlar təşkilatına hüquqi yardım üçün müraciət edə bilər.
  • Qeyri-Hökumət Təşkilatları
    Əmək hüquqları üzrə fəaliyyət göstərən QHT-lər (məsələn, Əmək Hüquqlarının Müdafiəsi Liqası) hüquqi yardım göstərə bilər.
  • Məhkəmə
    Digər vasitələrlə hüquqlar bərpa olunmazsa, müvafiq rayon inzibati-iqtisadi məhkəməsinə müraciət oluna bilər.

Hüquqşünas Azər Quliyev nə deyir?

Hüquqşünas Azər Quliyev “AzPolitika”ya açıqlamasında bildirib ki, bu sahədə müəyyən tədbirlər görülsə də, problemin kökü hələ aradan qalxmayıb. 

Onun sözlərinə görə, işəgötürənlərin əsas məqsədi vergidən və sosial sığorta ödənişlərindən yayınmaqdır: “Bu halda ikili mühasibatlıq yaranır. Məsələn, işçiyə 1000 manat verilir, amma sənədlərdə 300-400 manat göstərilir. Əmək müqaviləsi isə işçiyə həm hüquqi təminat, həm də sosial təminatlar (məsələn, bülleten, pensiya hüququ və s.) verir. Lakin təəssüf ki, bu, həmişə tətbiq edilmir”.

A. Quliyev qeyd edir ki, ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu hallarla mübarizə aparsa da, problem qalmaqdadır: “Yoxlamalar zamanı əmək müqaviləsi olmadan işləyən işçilər aşkar edilərsə, İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki şəxslər 3 min manat, vəzifəli şəxslər 5 min manat, hüquqi şəxslər isə 25 min manatadək cərimələnə bilər. Təkrar hallar və cinayət tərkibi müəyyən olunarsa, məsul şəxslər 1 ilə qədər azadlıqdan məhrum edilə bilər (CM-nin 363-cü maddəsi)”.

Hüquqşünas həmçinin bildirir ki, həmkarlar ittifaqları da bu məsələyə yetərli diqqət göstərmir: “Mən görməmişəm ki, bir həmkarlar ittifaqı sədri işəgötürənə desin ki, filan işçinin niyə müqaviləsi yoxdur. Halbuki bu, həmkarlar təşkilatının da marağında olmalıdır. Çünki yalnız müqaviləli işçidən üzvlük haqqı alınır”.

Ekspertlərin fikrincə, bu problemin həlli üçün aşağıdakı tədbirlər vacibdir:

- Rəqəmsal nəzarət sistemlərinin təkmilləşdirilməsi;

- Əmək Müfəttişliyi Xidmətinin səlahiyyətlərinin və imkanlarının artırılması;

- Cərimələrin sərtləşdirilməsi;

- İşçilərin və işəgötürənlərin maarifləndirilməsi;

- Həmkarlar ittifaqlarının daha fəal rol oynaması;

- Şəffaf əmək münasibətlərinin təşviqi.

Elvin Bəyməmmədli