Bakıdan Kremlə daha bir demarş – Yaqub Eyyubov MDB İqtisadi Şurasının iclasına göndərilməyəcək

Baxış sayı:
438

Azərbaycan MDB İqtisadi Şurasının Moskvada keçiriləcək iclasında iştirakdan imtina edib. 

Muxalifet.az xəbər verir ki, “Trend”-in hökumətdəki mənbələrə istinadla yaydığı məlumata görə, ölkəmiz son illər ardıcıl olaraq qatıldığı tədbirdə iştirak etməyəcək. Qeyd edək ki, adətən MDB-nin iclaslarında Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir.

"Yaqub Eyyubov bu tədbirdə iştirak etməyəcək. Bu qərara səbəb Yekaterinburqda baş verən son hadisələr, ötən ilin sonunda ruslar tərəfindən AZAL təyyarəsinin vurulması və Rusiya tərəfinin bu məsələlərin həlli üçün adekvat addımlar atmaq istəməməsidir", - hökumətdəki mənbə bildirib.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların evlərində reydlər keçirib. Reydlər zamanı iki azərbaycanlı - Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, bir neçə nəfər ağır xəsarətlər alıb və saxlanılıb.