77 nəfəri öldürən cani adını dəyişdi - YENİADI BƏLLİ OLDU

Baxış sayı:
95

Müasir dövrün ən məşhur terrorçularından biri Anders Breyvik adını dəyişdirib. 2011-ci ildə Utoyada 77 nəfəri öldürən 47 yaşlı cinayətkar indi məşhur Norveç adı daşıyır.

Bu barədə Norveçin "Aftenposten" qəzeti məlumat verib.

Anders Breyvik şəxsiyyətini Yan Yohansen olaraq dəyişdirib. Keçən il o, "Far Skaldigrimmr Rauskjoldr av Northriki" təxəllüsündən istifadə edirdi. Yeni ad olan Yan Yohansen Norveçdə geniş yayılıb və bu adı təxminən 600 nəfər daşıyır. Dəyişiklik Milli Reyestrdə rəsmi olaraq təsdiqlənib.

Xatırladaq ki, Anders Breyvik Avropada ən faciəli hücumlardan birini törədərək, 77 nəfəri qətlə yetirib. 22 iyul 2011-ci ildə o, Osloda bomba partladıb, daha sonra Utoya adasındakı gənclər düşərgəsində olanlara atəş açıb. 2012-ci ilin avqust ayında o, 21 il müddətinə həbs cəzasına məhkum edilib.

Kütləvi qətldən dərhal sonra Breyvik etiraf edib ki, bu qədər insanı öldürmək niyyətində olmayıb. O, guya, sadəcə, "siqnal göndərmək" istəyib.

Məhkəmədə o, heç vaxt öz radikal-nasist baxışlarını gizlətməyib, məhkəməyə xarakterik Hitler salamı göndərib və daim öz cəzasının yüngülləşdirilməsini tələb edir.