KILIÇDAROĞLU DÖNDÜ VƏ ÜZR İSTƏDİ... - “FETÖ qalıqlarını vaxtında görə bilmədim” + VİDEO

Türkiyənin ana müxalifət partiyası olan Cumhuriyət Xalk Partiyası (CHP)-də məhkəmənin verdiyi “mütləq etibarsızlıq (butlan)” qərarından sonra yeni siyasi mərhələ başlayıb.
Partiyanın keçmiş sədri Kemal Kılıçdaroğlu 2,5 ildən sonra yenidən CHP Baş Qərargahına gələrək tərəfdarları qarşısında çıxış edib və partiya daxilində baş verən proseslərlə bağlı sərt açıqlamalar verib.
“38-ci Qurultay Türkiyə siyasətində dönüş nöqtəsidir”
“Baba ocağına xoş gəlmisiniz” sözləri ilə çıxışına başlayan Kılıçdaroğlu bildirib ki, CHP yalnız bir siyasi partiya deyil, Türkiyə demokratiyasının əsas dayaqlarından biridir.
Onun sözlərinə görə, söhbət sadəcə rəhbərlik dəyişikliyindən deyil, siyasətin hansı prinsiplər üzərində qurulacağından gedir: “Bu məsələ Türkiyədə siyasətin əxlaqla, yoxsa pulla, hüquqla, yoxsa əməliyyatlarla, xalq iradəsi ilə, yoxsa müxtəlif təsir alətləri vasitəsilə formalaşacağı məsələsidir.”
Kılıçdaroğlu vurğulayıb ki, CHP-nin 38-ci növbəti qurultayında baş verənlər sonradan ortaya çıxan iddialar və məhkəmə prosesləri fonunda Türkiyə siyasəti üçün mühüm dönüş nöqtəsinə çevrilib.

“CHP-ni məhkəmə dəhlizlərinə saldılar”
Keçmiş CHP sədri partiyanın nüfuzuna ciddi zərbə vurulduğunu deyərək bildirib: “Biz bu partiyanı məhkəmə salonlarında nüfuzumuz tapdalansın deyə böyütmədik. Atatürkün bizə əmanət etdiyi partiyanı kimlər əyləncə masalarına çevirməyə çalışdı? Kimlər onu məhkəmə qapılarına saldı?”
O qeyd edib ki, baş verənlərin məsuliyyətinin araşdırılacağını və yaxın vaxtlarda yeni, şəffaf qurultayın keçiriləcəyini təmin edəcək: “Mən hesab soruşacağam. Daha sonra isə qurultay sandığını ən qısa müddətdə yenidən üzvlərin qarşısına gətirəcəyik. Təmiz və şəffaf qurultay keçirəcəyik.”

“FETÖ agentlərini vaxtında görə bilmədim”
Kılıçdaroğlunun çıxışının ən çox diqqət çəkən hissəsi isə partiya daxilindəki qüvvələr barədə söylədiyi fikirlər olub.
O, tərəfdarlarından üzr istəyərək bildirib: “Bu xalqın qurtuluşu, ədaləti və işıqlı gələcəyi üçün başladığımız yürüşə sonradan gizlicə sızan, ruhunu satmış FETÖ agentlərini vaxtında görə bilmədiyim üçün sizdən üzr istəyirəm.”
Kılıçdaroğlu əlavə edib ki, partiyanın daxilində xarici dairələrdən dəstək gözləyən, şəxsi maraqlarını üstün tutan şəxslərin fəaliyyətini vaxtında dayandıra bilməyib.
“Rüşvətə bulaşanları partiyadan uzaqlaşdıra bilmədim”
CHP lideri korrupsiya iddialarına da toxunaraq bəzi bələdiyyə rəhbərlərinə sərt ittihamlar səsləndirib: “Xalqın bələdiyyələrində yetimin haqqına göz dikən, rüşvətə və talana bulaşan bəzi bələdiyyə sədrlərini bu partiyadan vaxtında təmizləyə bilmədiyim üçün üzr istəyirəm.”
O bildirib ki, CHP daxilində geniş təmizlənmə prosesi başlayacaq və partiya yenidən öz əsas dəyərlərinə qaytarılacaq.
“CHP ikiüzlü siyasətin deyil, dövlətçilik ənənəsinin partiyasıdır”
Kılıçdaroğlu çıxışında CHP-nin Türkiyə dövlətinin qurucu siyasi iradəsini təmsil etdiyini vurğulayaraq deyib: “CHP dövlətə istiqamət verən partiyadır. Bu partiya əxlaqın, ləyaqətin, demokratiyanın və vətənə xidmətin partiyasıdır. Heç bir CHP üzvünün gizli gündəliyi yoxdur.”
O, həmçinin Türkiyənin milli maraqları, dövlətin unitar quruluşu və ərazi bütövlüyü məsələlərində kompromisə getməyəcəklərini bildirib.
Çıxışının sonunda Kılıçdaroğlu CHP-nin dağılmayacağını və yenidən güclənəcəyini bəyan edib: “CHP dimdik ayaqdadır. Dağılmayacaq, məhv olmayacaq. Biz yalnız keçmişi təmizləməyəcəyik, gələcəyi də quracağıq. Bu ölkənin bütün vicdanlı insanlarını bir araya gətirəcəyik.”
O, həmçinin korrupsiyaya bulaşmayan bələdiyyə rəhbərlərini müdafiə edəcəklərini, lakin qanunsuzluqlarda adı hallanan şəxslərə də güzəşt edilməyəcəyini bildirib.
Kılıçdaroğlunun CHP Baş Qərargahında verdiyi bu bəyanatlar Türkiyə siyasətində yeni müzakirələrə yol açıb. Xüsusilə partiya daxilində FETÖ təsiri, qurultay prosesinin legitimliyi və korrupsiya ittihamları ilə bağlı səsləndirilən fikirlər qarşıdakı dövrdə CHP daxilində böyük "təmizləmənin" aparılacağından xəbər verir./azpolitika








































