Şuşaya gedən ailə qəzaya düşdü: Ölən və yaralanan var - FOTO

Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, aprelin 29-da saat 00:30-da üç nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasının, 1 nəfər isə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2018-ci il təvəllüdlü şəxs (kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb. Hazırda üç nəfərin müalicəsi müvafiq şöbələrdə davam etdirilir. 1970-ci il təvəllüdlü şəxsin (qadın) vəziyyəti ağır, 1992-ci il təvəllüdlü (qadın) şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.
Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan 1967-ci il təvəllüdlü şəxsin (kişi) isə vəziyyəti orta ağırdır. Qeyd edək ki, hadisə ilə əlaqədar 2016-cı il təvəllüdlü şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilir.
*** 09:56
Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə aprelin 29-da gecə saatlarında Yevlax-Ağdam-Laçın yolunda baş verib.
Şuşadan olan keçmiş məcburi köçkün Şakir Həsənov özünə məxsus VAZ-2107 avtomobilində idarəetməni itirərək yolun kənarındakı kanala aşıb. Hadisə nəticəsində Ş.Həsənovun nəvəsi, avtomobildə olan 2016-cı il təvəllüdlü Südabə Əliyeva dünyasını dəyişib, sürücü özü isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, Ş.Həsənov ailəsi ilə birlikdə Şuşa şəhərinə gedirmiş. O, yolda sükan arxasında yuxulayıb və nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Faktla bağlı araşdırma aparılır.




















