“ERMƏNİSTAN BİZƏ QARDAŞ DÖVLƏT DEYİL!” - Putinə yaxın oliqarx ermənilərin pasportlarını almağa çağırdı

Baxış sayı:
85

“Rus dünyası”nın əsas ideoloqlarından və sponsorlarından biri, eləcə də Vladimir Putinə yaxın oliqarxlardan sayılan Konstantin Malofeyev Ermənistandakı parlament seçkilərinin nəticələrindən məyusluğunu və qəzəbini gizlədə bilməyib. 

Malofeyev Ermənistan seçkilərilə bağlı bəyanatında Ermənistanın artıq Rusiya üçün “qardaş dövlət olmadığını” bildirib.

Malofeyev Moskvanı ermənilərlə əlaqələri kəsməyə, bütün güzəştləri, dəstəyi ləğv etməyə və xalqın Nikol Paşinyanı "devirməsini" gözləməyə çağırıb.

Oliqarx təəssüflə qeyd edib ki, rusiyapərəst qüvvələrin seçki baryerini keçməsi və xeyli səs toplaması vəziyyəti xilas etməyib.

Malofeyev Ermənistanı "Rusiya İmperiyasının daha bir kiçik əyaləti" adlandırıb və Moskvanın əvvəlki iş prinsipini tənqid edib: "Biz onlara hər şeyi veririk, onlar isə bizə heç nə vermirlər".

Onun sözlərinə görə, “Rusiya diplomatiyasının yumşaqlığı” əks təsir göstərib. Buna görə də o, Ermənistanla bütün əlaqələrin, istisnasız olaraq, qırılmasını tələb edib: "Vladimir Putin demişdi ki, “dostlarımız özləri qərar verməlidirlər”. Yaxşı, onlar qərar veriblər. Bu(Ermənistan-red.), artıq qardaş dövlət deyil. Bu, hər şeyin kəsilməsi deməkdir - istisnasız, peşmançılıqsız".

Malofeyev Kremlin dərhal atmalı olduğu addımları da sadalayıb və faktiki olaraq, Rusiyadakı ermənilərin vətəndaşlığının, pasportlarının ləğv edilərək, qovulmasını tələb edib: “Ermənistandan olan bütün ikili vətəndaşların Rusiya pasportlarını ləğv edin. Borcları alın: Paşinyan silah təchizatının kifayət qədər olmamasını əsas gətirərək ("Qorxaqların silaha nə ehtiyacı var?" Malofeyev ritorik şəkildə soruşur) silməyə çalışdığı 100 milyon dolları tələb edin.

İnvestisiyaları dayandırın: Rusiyanın ən azı 4 milyard dollar sərmayə qoyduğu bütün layihələri bağlayın.

Güzəştləri ləğv edin: Avrasiya İqtisadi İtifaqı daxilində güzəştli rejimi ləğv edin.

Qoyun Azərbaycanla özləri razılaşsınlar”.

Malofeyevin əsas mesajı budur ki, Rusiya artıq Rusiya əleyhinə kurs seçən Ermənistana "böyük qardaş" olmaq niyyətində deyil: "Ancaq xalq Paşinyanı devirəndə biz erməniləri dəstəkləməliyik. O vaxta qədər qoy Azərbaycanla razılaşmağa çalışsınlar və Fransadan kömək istəsinlər".

C.Məmmədli