TRAMP TÜRKİYƏ -İSRAİL SAVAŞI EHTİMALINDAN DANIŞDI - Ərdoğan haqda nə dedi?

Baxış sayı:
173

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən həm İranla bağlı siyasətinə, həm də Türkiyə–İsrail münasibətlərinə toxunub.

"AzPolitika" xəbər verir ki, ABŞ prezidentinə israilli jurnalist tərəfindən Türkiyə Prezidenti Recep Tayyip Erdoğan və İsrail arasında mümkün gərginlik barədə sual da ünvanlanıb.

Jurnalist Ərdoğanın İsrailə qarşı sərt bəyanatlarını xatırladaraq, Türkiyə ilə İsrail arasında hərbi qarşıdurma ehtimalının olub-olmadığını soruşub. Həmçinin Türkiyəyə F-35 qırıcılarının satışının mümkünlüyü barədə də sual verilib.

Tramp cavabında Ərdoğanı yaxın dostu adlandıraraq onunla münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib: “Ərdoğan mənim çox yaxşı dostumdur və biz birlikdə çox yaxşı işləmişik. Onu çox sevirəm. Bunu deməməliyəm, çünki media dərhal "Tramp Ərdoğanı sevir" deyəcək. Amma o, qeyri-adi liderdir, güclü insandır, həqiqətən çox güclü insandır.”

ABŞ prezidenti Türkiyə ilə İsrail arasında münaqişə ehtimalına da münasibət bildirib: Belə bir şey eşitməmişəm. Əgər eşitsəydim, ona zəng edər və hər şeyin qaydasında olduğuna əmin olardım. Türkiyə ilə belə bir hadisənin baş verəcəyini düşünmürəm. Heç olmasa mən prezident olduğum müddətdə bu baş verməz. Çünki o mənə hörmət edir, mən də ona hörmət edirəm.”

Tramp əlavə edib ki, iki lider arasında qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətləri mövcuddur: “Bundan əlavə, aramızda yaxşı dostluq var.”

Trampın açıqlamaları Vaşinqtonun həm İran siyasəti, həm də Türkiyə ilə münasibətləri baxımından diqqət çəkən mesajlar kimi qiymətləndirilir. ABŞ prezidentinin Ərdoğan haqqında işlətdiyi müsbət ifadələr isə Ankara–Vaşinqton münasibətlərinin gələcək perspektivləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Elman