PENSİYA YAŞINDA DƏYİŞİKLİK... – “Bu, yüksək məbləğdə pensiyaya imkan yarada bilər”

Baxış sayı:
247

İyulun 1-dən etibarən Azərbaycanda qadınların pensiya yaşı növbəti dəfə artırılacaq. Bununla da qadınlar üçün müəyyən edilmiş yaş həddi 64 il 6 aydan 65 yaşa çatdırılacaq və ilk dəfə olaraq qadınlarla kişilərin pensiya yaşı bərabərləşəcək.

Dəyişiklik “Əmək pensiyaları haqqında” Qanuna əsasən həyata keçirilir. Qanuna görə, azı 25 il sığorta stajına malik qadınların pensiya yaşı 2017-ci il iyulun 1-dən başlayaraq hər il 6 ay artırılır. Bu proses mərhələli şəkildə həyata keçirilib və 2026-cı il iyulun 1-də yekunlaşacaq. Beləliklə, 2024-cü ilin iyulunda qadınların pensiya yaşı 64-ə, 2025-ci ilin iyulunda 64 il 6 aya çatdırılmışdı. Kişilər üçün pensiya yaşı isə əvvəlki kimi 65 yaş olaraq qalır.

Qeyd edək ki, qadınların pensiya yaşının artırılması son illərdə cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Mövzu ilə bağlı diqqət çəkən məqamlardan biri orta ömür uzunluğu ilə pensiya yaşı arasındakı fərqdir.

Rəsmi statistikaya əsasən, Azərbaycanda qadınların orta ömür uzunluğu 78,4 ildir. Bu göstərici nəzərə alındıqda, qadınlar orta hesabla təxminən 13,6 il pensiya almaq imkanına malik olurlar. Bəzi ekspertlər hesab edir ki, bu müddət bir sıra Avropa ölkələri ilə müqayisədə daha qısadır və pensiya siyasəti müəyyən edilərkən bu amil də nəzərə alınmalıdır.

Hökumət isə pensiya yaşının artırılmasını demoqrafik dəyişikliklər, əhalinin yaşlanması və pensiya sisteminin maliyyə dayanıqlığının qorunması zərurəti ilə əsaslandırır. Qeyd olunur ki, orta ömür uzunluğunun artması və əmək bazarındakı dəyişikliklər pensiya sistemində bu cür islahatları qaçılmaz edir.

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “AzPolitika”ya açıqlamasında bildirib ki, ölkədə 2017-ci ildə edilən dəyişikliklə kişilər və qadınlar üçün pensiya yaşının mərhələli şəkildə eyniləşdirilməsi və 65 yaşa çatdırılması qərara alınıb.

 

Ekspert qeyd edib ki, pensiya yaşının artırılması əsasən dövlət büdcəsinə düşən yükün optimallaşdırılması məqsədi daşıyır :“Son illərdə insanların orta ömür müddətinin artması fonunda pensiya xərclərinin yeni demoqrafik reallıqlara uyğunlaşdırılmasına cəhd edilir. İnkişaf etmiş və Qərb ölkələrinin əksəriyyətində də pensiya yaşı 65-dir. Lakin burada əsas fərq gözlənilən ömür uzunluğunda ortaya çıxır. Belə ki, həmin ölkələrdə pensiya yaşı 65 olsa da, əhalinin gözlənilən ömür müddəti adətən 81-82 yaşdan və ya daha yüksək göstəricilərdən ibarətdir”.

İqtisadçının sözlərinə görə, Azərbaycanda qadınlar üçün gözlənilən orta ömür müddəti 78,4, kişilər üçün 73,6 yaşdır, ümumi orta göstərici isə təxminən 76 yaş təşkil edir:“Pensiya yaşı eyni olsa da, gözlənilən ömür müddəti arasındakı fərq pensiyaya çıxan insanların daha qısa müddət pensiya almasına gətirib çıxarır. Pensiya yaşının artırılması gələcəyə hesablanmış addımdır. Statistik göstəricilər insanların həyat keyfiyyətinin yaxşılaşdığını, səhiyyə və sosial təminat imkanlarının genişləndiyini, bunun da orta ömür müddətinin yüksəlməsinə səbəb olduğunu göstərir”.

Bununla yanaşı, ekspert pensiya hesablamaları metodikasına yenidən baxılmasının vacibliyini də vurğulayıb:“Hazırkı qanunvericilikdə pensiya məbləği hesablanarkən gözlənilən orta pensiyaalma müddəti təxminən 11 il götürülür. Bu da orta gözlənilən ömür müddətinin 76, pensiyaya çıxma yaşının isə 65 olması ilə əlaqədardır. Əgər pensiya hesablamaları zamanı istifadə olunan metodika dəyişdirilərsə və daha qısa müddət əsas götürülərsə, bu, vətəndaşların daha yüksək məbləğdə pensiya almasına imkan yarada bilər. Bu məsələ gələcəkdə pensiya sisteminin təkmilləşdirilməsi baxımından müzakirə edilə biləcək istiqamətlərdən biridir”.

Bəzi ölkələrdə qadınların pensiya yaşı və orta ömür uzunluğu aşağıdakı kimidir:

Ölkə                             Pensiya Yaşı                   Orta Ömür Uzunluğu

Azərbaycan                    64,6 yaş                               78.4 il

Türkiyə                           58 yaş                                   81.4 il

Ermənistan                     63 yaş                                   78.6 il

Rusiya                            60 yaş                                   76.2 il

Gürcüstan                       60 yaş                                   77.3 il

İran                                 55 yaş                                    77.3 il

Fransa                            64 yaş                                    85.3 il

Almaniya                         66 yaş                                    83.5 il

İtaliya                              67 yaş                                    85.4 il

İspaniya                          66 il 6 yaş                               86.1 il

Böyük Britaniya               66 yaş                                    83.1 il

İsveç                               65 yaş                                     84.7 il