ZÜLFÜQARLILARIN AVTOMOBİLİ İLƏ ÖLÜM İŞİ – Ramiz Mehdiyevin qardaşı oğlu hansı qərarı verəcək?

Baxış sayı:
139

Bu gün Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şükür Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. O, ötən il yanvarın 22-də Nizami rayonu ərazisində, Neftçilər metrostansiyasının yaxınlığında idarə etdiyi “Tofaş Doğan” markalı 10-MR-644 dövlət nömrə nişanlı avtomobillə piyada keçidi üzərində 33 yaşlı Pirizadə Günay Əli qızını vuraraq öldürməkdə təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması – cinayət əməlinin tövsifedici əlaməti qismində zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham irəli sürülüb. Bu əmələ görə üç ilədək müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

Qeyd edək ki, mərhum G. Pirizadə Suraxanı rayonu 278 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edib. Hadisədən bir ildən artıq vaxt ötməsinə baxmayaraq, məhkəmə hökmü elan olunmayıb. Təqsirləndirilən Şükür Məmmədov barəsində isə 21 aprel 2025-ci il tarixdə məhkəmə tərəfindən polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və o, bu müddətdə azadlıqda olub.

Bugünkü prosesdə təqsirləndirilən tərəfin verdiyi vəsatət müzakirə olunub. Hakim N. Mehdiyev tərəfləri dinlədikdən sonra müşavirəyə gedib və vəsatətin təmin olunmadığını bildirib. O, sənədlərin tədqiqini elan edib və cinayət işində olan sənədlər barədə məlumat verib.

Daha sonra təqsirləndirilənin vəkili zərərçəkənə barışıq təklif etdiyini və bunun yüngülləşdirici hal olduğunu deyib. O, Ş. Məmmədovun prosesə gətirdiyi 20 min manatı təqdim edib. Onun bu hərəkəti isə qarşı tərəfin kəskin etirazına səbəb olub. Mərhumun hüquqi varisi Ə. Məmmədrzayev ondan gətirdiyi pulu yığışdırmağı tələb edib: “Bizim heç nəyə ehtiyacımız yoxdur. Mən sənə 200 min manat gətirərəm, övladımı geri gətirə bilərsənmi?” – deyə qarşı tərəfin vəkilinə sual edib. Hakim tərəfləri sakitləşdirib.

Daha sonra dövlət ittihamçısı Süleyman Atakişiyev çıxış edib. O, prokurorluq orqanlarında 16 ildən artıq xidmət etdiyini və bu müddətdə çoxlu sayda cinayət işlərində dövlət ittihamını müdafiə etdiyini vurğulayıb: “Hörmətli hakim, bu müddət ərzində mən ilk dəfədir zərərçəkənin bu qədər ürək yanğısı ilə, böyük ağrı ilə yaşadığını görürəm. Əlbəttə, işimizin gərəyi biz hadisələrə soyuqqanlı, ədalətli yanaşmalıyıq, hisslərimizi büruzə verməməliyik. Amma mən mərhumun atasının keçirdiyi acıları qeyd etməyi özümə borc bildim”.

Dövlət ittihamçısı təqsirləndirilən Ş. Məmmədovun məhkəmə zalında həbs edilməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Mərhum Günay Pirizadənin atası Əli Məmmədrzayev isə hakimdən ədalət tələb etdiyini bildirib: “Hörmətli hakim, qızım dünyasını dəyişdi, amma inanın ki, biz də yaşamırıq. Mənim və anasının günü qəbiristanlıqda, onun məzarının yanında oturmaqla keçir. Mənim 67 yaşım var, müəlliməm, həyat yoldaşım da müəllimədir. Biz 33 ildə övladımızı min bir əziyyətlə, halal zəhmətlə böyütmüşük, qəpik-qəpik yığıb təhsil vermişik. Biz yalnız dövlətdən ədalət istəyirik. Tələb edirik ki, Şükür Məmmədova elan olunan maddə üzrə nəzərdə tutulan maksimum cəza verilsin. Əgər ədalət təmin olunmazsa, mən bütün instansiyalara, ölkə başçısına, Avropa Məhkəməsinə müraciətlər edəcəyəm, durmayacağam, dayanmayacağam...”

Zərərçəkmişin hüquqi nümayəndəsi Əli Məmmədrzayevin vəkili Rəşad Əliyev də təqsirləndirilən şəxsin ittihamlarının tam təsdiq olunduğunu deyərək, ona ağır cəza təyin edilməsini xahiş edib. Təqsirləndirilənin vəkilləri və özü isə hakimdən bəraət qərarı çıxarılmasını xahiş ediblər. Buna əsas kimi hadisənin qəsdən törədilməməsi, Ş. Məmmədovun yaşı, xəstəliyi, həyat yoldaşının vəfat etməsi göstərilib.

Gözlənilirdi ki, hakim cinayət işi üzrə hökm oxuyub, prosesi yekunlaşdıracaq. Amma N. Mehdiyev hökmün sabah saat 11:10-da elan olunacağını bildirib.

Qeyd edək ki, cinayət işinə baxan hakim Nəriman Mehdiyev AMEA-nın keçmiş prezidenti, hazırda dövlət çevrilişinə cəhd və s. maddələrlə mühakimə olunan Ramiz Mehdiyevin qardaşı oğludur. Maraqlı məqamlardan biri isə Günay Pirizadənin ölümünə səbəb olan avtomobilin məşhur oliqarx Nürəddin Zülfüqarlının oğlu Zülfüqar Zülfüqarlıya məxsus olmasıdır. Bu fakt ittiham aktında yer alıb, qeyd olunur ki, Ş. Məmmədov avtomobili etibarnamə əsasında idarə edib. Əldə etdiyimiz məlumata görə, təqsirləndirilən şəxs Nürəddin Zülfüqarlının qaynı, avtomobilin sahibi Z. Zülfüqarlının isə dayısıdır.

Xatırladaq ki, Zülfüqarlılardan daha biri – “Bakıpoladtökmə ASC”nin sahibi olmuş Loğman Zülfüqarlı Cinayət Məcəlləsinin 178-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə təqsirləndirilərək həbs edilib və bir müddət həbsxana həyatı yaşayıb.

Zərərçəkən Əli Məmmədrzayev bildirib ki, Ş. Məmmədov və onun yaxınları mövqelərindən, imkanlarından istifadə etməklə müxtəlif qanunsuz yollarla istintaqa və məhkəməyə təsir göstərməyə cəhd etsələr belə, o, bu səylərin səmərəsiz olacağına inanır və Azərbaycan məhkəmələrinin ədalətinə güvənir./azpolitika