Avropa İttifaqı: işğal edilmiş ərazilərin bir hissəsi...

Baxış sayı:
9208

Avropa İttifaqının (Aİ) Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövqeyi aydın və dəyişməzdir – İttifaq ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir.
Bunu Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Pyotr Svitalski jurnalistlərin müraciətinə uyğun olaraq, ABŞ-ın İrəvandakı keçmiş səfiri Riçard Millsin işğal edilmiş ərazilərin Azərbaycana qaytarılmasının vacibliyi barədə bəyanatını şərh edərkən deyib. 
“Həmsədrlər İrəvanda görüşlər keçirdi və biz onların səylərini yüksək qiymətləndiririk. Bizim üçün aydındır ki, münaqişənin həllini danışıqlar yolu ilə münaqişə tərəflərinin özləri tapmalıdırlar. Heç kəs hansısa həll variantını sırıya bilməz. Nikbinliyimizi itirmirik və ümid edirik ki, nə zamansa münaqişənin həllinə nail olacağıq”, – deyə, Aİ-nın rəsmisi bəyan edib. 
Xatırladaq ki, Ermənistandakı səfir səlahiyyətlərini başa vurmağa hazırlaşan Riçard Mills bu günlərdə bəyan etmişdi ki, “işğal edilmiş ərazilərin bir hissəsi Azərbaycana qaytarılmadan Qarabağ münaqişəsi həll oluna bilməz. Məni təəccübləndirən odur ki, həmsöhbət olduğum ermənilərin əksəriyyəti danışıqların predmeti kimi işğal olunmuş torpaqların geri qaytarılmasına qəti qarşı çıxırlar. Ermənistanda münaqişənin nizamlanmasına aparacaq mümkün güzəştlər barədə ümumiyyətlə heç bir müzakirə getmir. ABŞ hökuməti artıq uzun illərdir əmindir ki, həmin ərazilər gələcəkdə “sülh əvəzinə ərazilər” formulunun istifadəsi üçün işğal olunub”.