“Şuşa ona görə azad edilməyib ki, erməni əsillilər gəlib belə etsin…” – ŞƏHİD XUDAYAR YUSİFZADƏNİN ANASI

Radə Yusifzadə: “Xahiş edirik, dövlət başçısı bunun haqqında tədbir görsün”
“Mən Şuşa şəhərində xüsusi nümayəndəliyin baş məsləhətçisi Kənan Quliyevlə əlaqə saxlayaraq, narazılığımızı ona da bildirdim. Dedim ki, ayıbdır, siz qoruğu necə saxlayırsınız?! Amma Kənan Quliyev nə özü vəziyyətə bir aydınlıq gətirməyib, nə də bu hadisədən təəssüfləndiyini bildirməyib”
44 günlük Qarabağ savaşı Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Doğrudur, torpaqlarımızı işğaldan azad etmək üçün 3 min nəfərdən çox şəhid verdik, minlərlə gəncimiz qazi oldu, şikəst qaldı və s. Amma məhz onların sayəsində bu gün hər birimiz erməni tapdağından azad olunan ərazilərimizdə qürurla addımlayır və şəhidlərimizin qanı tökülən yerlərə alnımızı qoyuruq.
Lakin çox təəssüf ki, bəzi hallarda şəhidlərimizin ruhunu incidən xoşagəlməz mənzərələrlə də qarşılaşırıq. Bunlardan biri də “Rashan Style” tərəfindən edilən biabırçılıqdır. Hansı ki, bu məsələ bir çox şəhid analarının ciddi etirazına səbəb olub. Elə şəhid Xudayar Yusifzadənin anası Radə Yusifzadə də saytımıza müsahibəsində bu biabırçılığa kəskin şəkildə etiraz etdi.
- Radə xanım, Şuşa şəhərində baş verən və şəhidlərin ruhuna hörmətsizlik kimi qəbul edilən biabırçı görüntülərdən yəqin Sizin də xəbəriniz var. İlk olaraq bu hadisəyə münasibətinizi bilmək istərdik.
- Hamımız bilirik ki, cənab Prezident Şuşamızı Mədəniyyət Mərkəzi elan edib. Bu, ulu öndərimizin – Heydər Əliyevin arzusu idi. Bunun uğrunda, içində mənim oğlum olmaqla, 3-4 mindən yuxarı şəhid vermişik. Gənclərimiz canlarından-qanlarından keçiblər.
Dünənki ifanı mənə göndərəndə, özüm də bilmirəm nə halda idim. O vəziyyəti sizə başa sala bilmirəm. Ona görə ki, həmin ifanı şəhid övladları Cəlal Qurbanovun “Mənim oğlum qəhrəmandır”, “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində ilk dəfə Şuşaya gedəndə Cıdır düzündə etmişdilər – şəhid analarının, şəhid xanımlarının, şəhid övladlarının qarşısında oxumuşdular. Mən görəndə ki, biabırçı geyimdə, ona “geyim” də demək olmaz, bilmirəm onu necə təsvir edim, oğlanlarımızın qanı töküldüyü torpaqda həmin geyimdə çəkiliş aparılıb… Orada Ceyhun Rzayev şəhid olub, Elçinimiz şəhid olub, Əlimiz şəhid olub. Şuşa qalasının dibinə o qədər oğlanların qanı tökülüb ki, saymaqla qurtaran deyil. Bunu yəqin ki, hamımız gözəl bilirik. Mənim üçün maraqlıdır ki, neçə vaxt bundan qabaq Naxçıvandan şəhid anası xahiş etmişdi, Daşaltıya oğlunun şəklini vurmuşdular, Şuşa qoruğu o şəkli oradan götürdüb. Necə olur ki, şəhidin şəklini götürdürlər… Hansı ki, həmin şəhid canını Daşaltı kəndinin yaxınlığında yolda tapşırıb, qanı o torpağa tökülmüşdü. Onun şəkli Şuşa qoruğuna gözəllik gətirir... O şəkli götürürlər, icazə vermirlər, portal olmasa Şəhid anasına bir saat, bir dəqiqə belə Şuşaya getməyə icazə vermirlər, bəs bunları oraya necə buraxıblar? Xahiş edirəm, bunları məcbur edəsiniz ki, şəhidlərdən, qazilərdən – qolu, qıçı, gözü olmayan qazilərimiz var – onlardan üzr istəsinlər. O xanımları da – onlara xanım da demək olmaz – “haxçixləri” yığıb ora aparanları da cəzalandırsınlar.
- Radə xanım, sizcə, şəhidlərimizin ruhuna hörmətsizlik edən “Rashan Style” bunu məqsədli şəkildə həyata keçirib, yoxsa bu bir təsadüfdür?
- Mənə elə gəlir ki, məqsədli şəkildədir. Ölkəyə qızıl medallar gətirən idmançı oğlanlarımız var, onları aparıb çəksinlər, biz də fəxr edək ki, onlar ölkəmizə, dövlətimizə qızıl medallar gətiriblər, gedib orada qeyd edirlər. O xanımları Şuşaya aparmışdılar ki, guya Xurşidbanu Natəvanın geyimlərini nümayiş etdirsinlər. Orada Xurşidbanu Natəvandan əsər-əlamət var?
- Xeyr, yoxdur.
- Onlara kim icazə verib ki, oğlanlarımızın canı-qanı ilə alınmış torpaqlarda bu hərəkəti etsinlər? Şəhid analarından biri etiraz edirdi ki, “mənim portalım çıxmadı” deyə, Şuşaya buraxmadılar. Hamımız deyirik ki, o oğlanlara borcluyuq, onun anasının portalı çıxmadığına görə, Şuşaya buraxmırlarsa, bunları niyə sürü formasında oraya buraxıblar? Niyə? Səbəb nədir? Bəlkə otellərini, restoranlarını nümayiş etdirməkdən ötrü bunlara Xurşidbanu Natəvan yox, ancaq belə xanımcıqlar, “haxçixlər” lazımdır ki, reklam etsinlər? Əgər belə idisə, elə “haxçixlər” orada dururdu da, niyə bu qədər uşaq qanını bu torpaqdan ötrü tökürdü? Biz o torpaqları ona görə azad etmişik ki, ermənilərdən azad olsun. Ona görə azad etməmişik ki, erməni əsillilər gəlib belə etsin. Şuşa Mədəniyyət Mərkəzimizdir, orada başqa şeyləri təbliğ etmək lazımdır. Məsələn, qəşəng geyimlərimiz var, Xurşidbanu Natəvanın şerləri ilə təbliğ etmək lazımdır. Qarabağ xalçalarımız var, incəsənət ustaları əl işlərini təqdim edəydilər. İdmançılarımız qalib gəlib, onları nümayiş etdirəydilər. Gözəl musiqiçilərimiz var, onları nümayiş etdirəydilər. Yoxsa buna nə ad vermək olar? Şəhidlərin övladları var, onları aparmaq olardı. Allah Heydər Əliyev Fondunun rəhbərliyinə, Leyla xanıma, Arzu xanıma, Anar Ələkbərova can sağlığı versin. Onlara dərin təşəkkürümüzü bildiririk, həmişə yanımızda olublar. Allah razı olsun. “Mənim oğlum qəhrəmandır”, “Mənim atam qəhrəmandır” layihələrində şəhid övladlarını, şəhid analarını Heydər Əlieyv Fondunun dəstəyilə Cəlal müəllim aparıb Şuşaya, Cıdır düzünə, Şuşa qalasına, İsa bulağına. Biz həmişə bu xəttlə getmişik. Amma bu məsələnin ictimailəşdirilməsini istəyirəm. Şuşa qoruqdur, qoruq kimi də qorunmalıdır. Yoxsa orada belə şeyi, özü də şəhidlərin xatirəsiylə nümayiş etdirmək ən böyük hörmətsizlikdir. Orada şəhid olan oğlanlarımızın qanı, canı bahasına torpaqlar ona görə alınmayıb ki, kimsə getsin, belə şeyləri təbliğ etsin.
- Bu biabırçılıqla bağlı Xudayar Yusifzadənin anası və bütün şəhidlərin anaları adından ölkə rəhbərliyinə nə demək istərdiniz?
- Ölkə rəhbərliyinə dünənki müraciətimdə də demişdim ki, xahiş edirəm, bunları dayandırsın. Şuşa qoruq kimi, Mədəniyyət Mərkəzimiz kimi gözümüzün önündə parlasın. Bunu istəyirəm. Çünki oranın gözəl görünməyi, təmiz, səliqəli olması bizim övladlarımızın adının ucalığı deməkdir. Yəni onların sayəsində olubsa, cənab Ali Baş Komandanımızın yumruğu sayəsində də olub. Ona görə, xahiş edərdim ki, Şuşa qoruğunda bu işi törədənlər hamısı şəhidlərdən, qazilərdən, şəhid ailələrindən üzr istəsinlər. Bununla bağlı ciddi tədbir görülsün.
Şuşaya gələ bilməyən şəhid anası deyirdi ki, oğlumun qanı töküldüyü yerə daş da qoya bilmədik. Şəkil qoyduq, onu da götürdülər. Bilinmədi şəkli kim söküb, niyə söküb. Şəkli sökürlərsə, hansı ki, o şəhid torpaqdan ötrü canını verib, onda o xanımlar niyə oraya buraxılır? O xanımların nə haqqı var ki, gedib orada şəhidin təsnifinin sədaları altında elə ədəbsiz çıxışlar edirlər?! Həm də şəhid balalarının oxuduğu təsnifin ifası alıtnda elə biabırçılıq edilir. Şəhidin təsnifi tək Xudayara aid deyil, o bütün şəhidlərə aiddir. Buna düşmənlərimiz baxır. Bu nə qədər düzgündür? Xahiş edirik, dövlət başçısı özü bunun haqqında tədbir görsün. Bu təkcə mənim fikrim deyil, ayağından, gözündən şiksət qalmış qazilərmizin, çoxlu şəhid ailələrinin, şəhid analarının fikridir. Şəxsən mən Bərdə şəhid analarının adından danışıram. Axşama qədər onların “Whatsapp” qrupu dayanmayıb. Hətta mən dünən Şuşa şəhərində xüsusi nümayəndəliyin baş məsləhətçisi Kənan Quliyevlə əlaqə saxlayaraq, narazılığımızı ona bildirdim. Dedim ki, ayıbdır, siz qoruğu necə saxlayırsınız?! Amma Kənan Quliyev nə özü vəziyyətə bir açıqlıq gətirməyib, nə də bu hadisədən təəssüfləndiyini bildirməyib. Onlarla gedən xanım, yəni bu geyimi geyinən xanım zəng etdi, üzr istədi. Həmin qızın anası da əlaqə saxladı, bildirdi ki, bu mənim qızımla bağlı problem deyil. Soruşdum ki, evdən çıxanda o paltarı geyinmişdi? Dedi yox. Bildirdim ki, onda o geyimi geyindirəndədir günah. Həmin xanım bildirib ki, mən Xurşidbanu Natəvanın paltarını geyinməliydim, amma bu paltarı geyindirdilər.
Xahiş edirəm, məsələ ilə bağlı tədbir görülsün.
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az