“ELEKTRİKDƏN AYRILAN” PİRVERDİYEV... - “AzərEnerji” ASC-nin keçmiş rəhbəri niyə “yoxa çıxıb”?

Baxış sayı:
154

Azərbaycanda vaxtilə yüksək vəzifələrdə çalışmış, lakin ölkə rəhbərliyinin etimadını doğrultmadığı üçün hakim komandadan uzaqlaşdırılmış məmurlardan biri də “AzərEnerji” ASC-nin sabiq rəhbəri Etibar Pirverdiyevdir.

O, uzun müddətdir ölkənin ictimai-siyasi həyatında görünmür, bəzi keçmiş həmkarları kimi gözdən-könüldən uzaq durmağa çalışır. Bu, bir tərəfdən şəxsi xarakterlə bağlı olsa da, Azərbaycan reallığında belə məmurların “qaranlıq işlərlə” məşğul olduqları üçün gündəmə gəlmək istəməməsi də istisna deyil.

Etibar Pirverdiyev 1963-cü ildə Qusar rayonunun Yuxarı Ləgər kəndində anadan olub. Rusiyanın Taqanroq Radiotexnika İnstitutunda mühəndis-elektrik ixtisası üzrə təhsil alıb və əmək fəaliyyətinə Azərbaycan Kosmik Araşdırmalar İnstitutunda, daha sonra Bakı Qazan-Mexaniki Zavodunda başlayıb.

Sonralar müxtəlif əlaqələr vasitəsilə enerji sektorunda vacib fiqura çevrilə bilib. “AzərEnerji”dəki fəaliyyəti zamanı isə məmurlar arasında qısa zamanda “şöhrət” qazanıb. Bu yüksəlişin arxasında isə himayədarlarının dayanması istisna olunmur.

2001-ci ildən “AzərEnerji”nin prezidenti olmuş Pirverdiyev rəhbərliyi dövründə bir sıra böyük layihələrə imza atıb. Lakin bu layihələrə ayrılan vəsaitlərin istiqaməti üzrə  xərcləndiyini söyləmək mümkün deyil. Həmin illərdə “AzərEnerji” daim maliyyə çətinlikləri ilə üzləşib. Dövlətin ayırdığı vəsaitlər, subsidiyalar və kreditlər belə, şirkətin vəziyyətini düzəltməyib. Bu isə quruma ayrılan pulların təyinatında yayındırıldığını ehtimal etməyə əsas verirdi. 

Bu vəziyyət 2018-ci ildə Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş iri qəza ilə daha aydın üzə çıxdı. Qəza nəticəsində 39 şəhər və rayon işıqsız qaldı, iqtisadiyyat böyük ziyan gördü. “AzərEnerji” qəzanı yayın isti keçməsi və kondisionerlərin çox işləməsi ilə izah etməyə çalışsa da, dövlət orqanlarının araşdırmaları əsas səbəbin texniki hazırlıqsızlıq olduğunu ortaya qoydu. Ardınca Pirverdiyev vəzifədən azad edildi.

Pirverdiyevin rəhbərlik etdiyi dövrdə “AzərEnerji” maliyyə baxımından zəifləsə də, onun şəxsi biznesinin inkişaf edirdi. O, elektrik avadanlıqları satışı, bank, tikinti və heyvandarlıq sahələrində geniş biznes qurmuşdu. Bu da enerji sahəsinə ayrılan vəsaitlərin hara xərcləndiyini əyani göstərirdi.

Məsələn, dövlətin yüksək gərginlikli elektrik avadanlıqlarının alınmasına ayırdığı vəsaitlər səhmlərinin 98,5%-nə Etibar Pirverdiyevin qaynı Hikmət Xammədovun nəzarət ediyi “Bakı yüksək gərginlikli elektrik avadanlıqları”na yönəldilirdi. Daha böyük, meqalayihələr isə “Azenco” ASC vasitəsilə həyata keçirilirdi.

Etibar Pirverdiyevin “Azenco” ASC kimi nəhəng bir şirkət qurmasının da əsas səbəbi məhz enerji sektorunda dövlət tərəfində ayrılan böyük vəsaitlərin əhəmiyyətli hissəsini ora yönəltmək idi. 2000-ci ildə özəlləşdirilmiş bu müəssisəyə formal rəhbərliyi Pirverdiyevin qaynı həyata keçirsə də, şirkət faktiki Etibar Pirverdiyevə məxsusdu. Şirkətin həmin vaxt bazar dəyərinin bir milyard manata yaxın olduğu deyilirdi. “Azenko”nun bu qədər “şişməsinə” səbəb isə şirkətin bir çox formal tenderlərin istisnasız “qalib” olması idi. Pirverdiyevin rəhbərlik dövründə şirkət çoxsaylı ri layihələr həyata keçirib və sektorun əsas podratçısına çevrilmişdi. Xüsusilə su və istilik elektrik stansiyaları, yüksək gərginlikli xətlər və digər layihələr bu şirkətə verilirdi. “Azenco” eyni zamanda “Dövlət Bayrağı Meydanı” və “Bakı Kristal Hall” kimi iri tikinti layihələrində də yer almışdı...

Bundan əlavə Etibar Pirverdiyevin “Ekspresbank”-ın sahibi olduğu, çoxsaylı şirkətlərin, dəvə fermasının, at ilxısının, Xaçmazda 100 hektarlarla fındıq bağlarının, Xudatda, Şabranda bazarların olduğu, eləcədə Gürcüstanda, Belorusiyada, İngiltərədə də biznes qurduğu bildirildi.

Pirverdiyev “AzərEnerji” ASC-nin oullarını yalnız biznesə deyil, həm də bahalı əmlaklara yönəldirdi. Məsələn onun həyat yoldaşı Pərvanə Pirverdiyevanın adı mediada milyonluq qalmaqallarda da hallanıb. Onun Azərbaycanda 2,4 milyon manata villa alması bir müddət geniş ictimai müzakirəyə səbəb oldu. Oğlu və qızı üçün Londonda aldığı mülklərin dəyəri isə təbii ki, daha böyük rəqəmlərlə ölçülürdü...

 Etibar Pirverdiyev “AzərEnerji” rəhbərliyindən azad edilməsi onun bu qurum vasitəsilə həyata keçirdiyi maxinasiyalarla “qazandığı” və biznesinə ötürdüyü vəsaitin əlindən çıxmasına səbəb oldu. Bu onun biznesdəki “uğurlarına” da öz təsirini göstərdi. Belə ki, Etibar Pirverdiyev "AzərEnerji" ASC-nin sədri vəzifəsindən ayrıldıqdan sonra biznesi də sürətlə daralmağa başladı.

Düzdür, vəzifədən ayrıldıqdan sonra Etibar Pirverdiyev bütün vaxtını biznesin inkişafına yönəldib. Ancaq dövlətdən “qopardığı” milyonlar olmadığımdan bu biznesin bir hissəsni “əlindən çıxarmaq” məcburiyyətində qalıb.

 

Məsəlın, onun Xaçmaz rayonunun Çarxı kəndi ərazisində yerləşən 400 hektar torpaq sahəsini, dəvə fermasını və at ilxısını satdığı, “Ekspresbank”-da ona məxsus səhmlərin əlindən çıxdığı və s. haqda məlumatlar yayılıb.

Pirverdiyevin ən böyük şirkəti kimi tanınan “Azenco” ASC də onun vəzifədən uzaqlaşdırılmasından sonra sürətlə zəifləyib, yeni sifarişlər əldə edə bilməyib. Bu, şirkətin maliyyə vəziyyətinə mənfi təsir göstərib və nəticədə işçilərin bir hissəsi ixtisar olunub. Hətta iflas ərəfəsində olduğna dair məlumatlar yayılıb. Belə görünür ki, Pirverdiyevin biznesdəki “işığı" da sönməyə başlayıb...

Rasim Əliyev