Xanım jurnalistdən DİN rəhbəri Vilayət Eyvazova AÇIQ MƏKTUB

Biz polisə güvənirik, inanırıq, amma Sizin adınızdan istifadə edib, vətəndaşlara qarşı dələduzluq edənlər himayə olunur...
Cənab Nazir!
Öncə, media nümayəndəsi olaraq, diqqətinizə çatdırmaq istəyirəm ki, “Hürriyyət” qəzetindəki fəaliyyətim müddətində ən çox əlaqə saxladığım, müraciət etdiyim, sorğu ünvanladığım dövlət qurumlarından biri, bəlkə də birincisi Daxili İşlər Nazirliyidir. Etiraf etməliyəm ki, rəhbərlik etdiyiniz nazirlik Azərbaycanda medianın sorğularına ən operativ cavab verən qurumdur. Əksər hallarda DİN-ə etdiyimiz müraciətlərin müsbət həllini tapdığı da ayrıca qeyd olunmalıdır. Lakin təəssüflə bildirmək istəyirəm ki, son vaxtlar qarşılaşdığımız və aylardır həllini gözləyən bir məsələ polis orqanlarında “düyünə düşüb”, ədalətli və obyektiv araşdırma aparılmasından birmənalı şəkildə imtina olunur.
Hörmətli General-polkovnik!
Qeyd etdiyim məsələ yaxın qohumlarımın qarşılaşdığı problem olsa da, mən bunu şəxsi problem kimi qabartmaq fikrindən uzağam. Ən azı ona görə ki, cəmiyyətimizdə eyni mahiyyətli şikayətlərin sayı getdikcə artsa da, müvafiq polis orqanları tərəfindən heç bir tədbir görülmədiyinin şahidiyəm. Eynilə, bəzi polis əməkdaşlarının bu məsələdə şəxsi maraqlarından çıxış etdiyi haqqında da müəyyən informasiyalarım var. Amma bizi Sizə müraciət etməyə məcbur edən hansısa sıravi polis əməkdaşının qanunsuz əməli deyil, Sizin adınızdan sui-istifadə edən, nüfuzunuza xələl gətirən dələduzlların aşkar şəkildə himayə olunmasıdır.
Cənab Eyvazov!
Diqqətinizə çatdırım ki, hələ may ayının sonunda bu faktla bağlı qohumlarımın redaksiyamıza müraciəti əsasında, “Hürriyyət” olaraq, Sizə məktub ünvanlamışdıq. 29.05.2025-ci il tarixində Sizinlə yanaşı, hadisədə adı hallanan müavininiz, General-leytenant Oktay Kərimova göndərdiyimiz müraciətdə qeyd etmişdik ki, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhər sakini, hazırda Bakı şəhəri, Yasamal rayonunda yaşayan İsayev Cavidan Rafael oğlu və İsayev Cəlal Rafael oğlu “Hürriyyət” qəzetinə müraciət edərək, dələduzluqla üzləşdklərini və bu səbəbdən külli miqdarda zərərə düşdüklərini bildiriblər. Onlar iddia edirlər ki, Gəncə şəhər sakini, müəyyən səbəblərdən tez-tez Bakıya gələn Bayramov Cavid Azər oğlu və atası Bayramov Azər Nizami oğlu vəzifəli şəxslərin adından sui-istifadə edərək onları aldadıb və ümumilikdə 60 min manata yaxın pul vəsaitini mənimsəyiblər. Deyirlər ki, bu pulun 26 min manatı ata Bayramov Azər Nizami oğlu, qalan hissəsi isə oğlu Cavid tərəfindən dələduzluqla mənimsənilib.
Məktubda vurğulamışdıq ki, Gəncə şəhər sakini Bayramov Cavid Azər oğlu, eləcə də atası Bayramov Azər Nizami oğlu məhz Sizin və müavininizin adından istifadə ediblər. Hətta, dələduzluqda ittiham olunan TIR sürücüsü olan Azər Bayramov iddia edib ki, “hər ay Sizə məxsus olan külli miqdarda vəsaiti xarici ölkələrə (sonuncu dəfə Dubaya) çıxarmaqla məşğuldur və bunun qarşılığında ona 150 min manat ödəniləcək və həmin vəsaitlə zərərçəkən şəxslərin pulunu qaytaracaq”. Bununla yanaşı, o, Sizin adınızdan istifadə edərək, zərərçəkmiş şəxslərə hədə-qorxu da gəlib.
Onun övladı Bayramov Cavid Azər oğlu isə bildirib ki, zərərçəkən şəxslərə “Oqtay Kərimov məni öz himayəsinə götürüb, mənə bahalı hədiyyələr, avtomobil alıb”, - deməklə, onların güvənini qazanmağa çalışıb. Ən maraqlısı isə odur ki, şikayətçilər dələduzluqda ittiham olunan Cavidin dəfələrlə sərbəst şəkildə Daxili İşlər Nazirliyinə girib-çıxdığını gördüklərini deyirlər.
Nə qədər qəribə səslənsə də, bu şəxslər - Bayramov Cavid Azər oğlu və atası Bayramov Azər Nizami oğlu son günlərdə şəxsən Sizin adınızdan da sui-istifadə edərək, “Vilayət Eyvazov 50 min manat pul verəcək, onu gətirib sizə verəcəm”, - deyiblər.
Əlbəttə, bu şəxslərin dələduzluqla məşğul olduğu sirr deyil. Amma onların öz dələduzluq əməllərini həyata keçirərəkən, Sizlərin - ləyaqətli dövlət məmurlarının adından istifadə etmələri bağışlanmaz səhvdir.
Hörmətli Nazir!
Diqqətinizə çatdırm ki, ata və oğulun dələduzluğu ilə üzləşən şəxlərdə - İsayev Cavidan Rafael oğlu və qardaşı İsayev Cəlal Rafael oğlunda qeyd olunan iddiaları təsdiq edəcək səs yazıları var. Üstəlik, son vaxtlar bəlli olub ki, bu şəxslər Sizlərin adından istifadə edərək, bir çox başqa adamları da aldadıblar.
Bu səbəbdən, “Hürriyyət” olaraq Sizdən xahiş etmişdik ki, İsayev Cavidan Rafael oğlu və İsayev Cəlal Rafael oğluna dəyən zərərin geri qaytarılması və dələduzluqda ittiham edilən Bayramov Cavid Azər oğlu və atası Bayramov Azərin hüquq müstəvisində məsuliyyətə cəlb olunması ilə bağlı göstəriş verəsiniz.
Lakin çox təəssüflə bildiririk ki, Sizin və müavininizin adı hallanan, nüfuzunuza xələl gətirən məlum dələduzluq işi Yasamal rayon Polis İdarəsinin 29-cuPolis Bölməsində ciddi cəhdlə ört-basdır edilir. Belə ki, son günlərədək bu fakt “mülki iş” kimi kənara atılsa da, artıq dələduzlar təhqiqatçı, polis baş leytenantı Musayev Musa Cəmil oğlu tərəfindən himayə olunur.
Bu səbəbdən, Sizdən xahiş edirəm ki, sözügedən məsələ ilə bağlı obyektiv araşdırma aparılması, qohumlarıma dəyən zərərin qaytarılması üçün müvafiq orqanlara göstəriş verəsiniz.
Sizə əvvəlcədən şəxsim adına öz minnətdarlığımı bildirirəm.
Jalə FAMİLQIZI