​QAZİLƏR ACLIQ AKSİYASI KEÇİRƏCƏK – Baş redaktorun həbsinə etiraz

Baxış sayı:
178

Qarabağ qaziləri “zərərçəkənlərə” dəyən “ziyanı” ödəməyə də hazırdırlar

“Hürriyyət”in baş redaktoru, Qarabağ qazisi Vüqar Tofiqoğlunun qəfil saxlanılıb həbs edilməsindən 53 gün keçdi.
Savaş dostumuz Vüqar Tofiq oğlu Məmmədovun həbsini eşitdiyimiz ilk gündən müdafiəsinə qoşulmuşuq. “QARABAĞ QAZİLƏRİNİN VÜQAR TOFİQ OĞLU MƏMMƏDOVUN MÜDAFİƏ KOMİTƏSİ” olaraq Prezident İLHAM ƏLİYEV CƏNABLARINDAN, 1-ci vitse-prezident, XANIM MEHRİBAN ƏLİYEVADAN Qarabağ savaşı qazisi  Vüqar Məmmədovun ev dustaqlığına buraxılmasını diləmişik; müvafiq dövlət qurumlarını xəbərdar etməklə Bakı Apellyasiya Məhkəməsinin və Məhkəmə Hüquq Şurasının inzibati binalarının qarşısında 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günündə 10 nəfərlik piket keçirmək hüququmuz Konstitusiyaya uyğun olsa da, müvafiq icra hakimiyyəti orqanının “məqsədinə uyğun” sayılmayıb. Konstitusiyanın yol verdiyi qadağan olunmayan vasitələrlə etiraz hüququmuz hələ tükənməyib, növbəti günlərdə ev şəraitində, öz komamızda aclıq aksiyasına başlamaqdan çəkinmirik. Eldə deyildiyi kimi, harda qırılacaq, qırılacaq. Çəkindiyimiz bircə şey savaş dostumuzun sağlamlığının kritik həddə olmasıdır. Aldığımız bilgi qazi-jurnalist Vüqar Tofiqoğlunun həbsdə, qapalı rejimdə saxlanmasının acı nəticə verəcəyi ehtimalını gücləndirir.

Prezidentin amnistiya təşəbbüsü ilə çıxış etməsinə Milli Məclisin “Amnistiya aktı”nın qəbul edilməsi ilə cavab verməsi Qarabağ savaşı veteranı kimi Vüqar bəyin istintaqı aparılan işinin də amnistiyaya “düşəcəyinə” ümid verir. Müdafiəçisi olduğumuz savaş dostumuzun nə böyük suç maddəsi var ki? “Hədə-qorxu ilə” mülki müqavilə bağlamağa məcbur etmək bəyəm cinayət məhkəmə icraatı ilə araşdırılır? Lap olsun, “zərərçəkənlər” nə böyük “ziyan” görüb? Cinayət leksikonu ilə “külli miqdar” sayılsa da, on minlər milyonlar məmurların, büdcəni, dövlət malını yeyənlərin heç “tumpulu”, eldə deyildiyi kimi, “simişka pulu” da deyil.
Demək istəyirik ki, biz “zərərçəkənlərə” dəyən “ziyan”ı ödəməyə hazırıq. Hansı yolla? Pensiyamızdan, təqaüdümüzdən ayırmaqla, banklardan kredit götürməklə və s. Ziyan ödəndikdə, fikrimizcə, ittiham da yüngülləşər. İstintaqın da belə işlərdə başlıca vəzifəsi dəyən ziyanı ödətməkdir.
İndi söz bağlantılı qurumlarındır: “HÜRRİYYƏT”in baş redaktoruna amnistiya tətbiq edib (hər iki anlamda) HÜRRİYYƏTƏ qovuşdurmaq olar?
Məğrur BƏDƏLSOY
QARABAĞ QAZİLƏRİNİN QAZİ-JURNALİST VÜQAŔ TOFİQ OĞLU MƏMMƏDOVU MÜDAFİƏ KOMİTƏSİnin baş katibi