ADP RUSİYALI DEPUTATIN CAVABINI VERDİ

"Keçmiş imperiya və ya totalitar idarəçilik dövründə baş vermiş hüquq pozuntularının müzakirəsini “rusofobiya” kimi qələmə vermək tarixi məsuliyyətdən yayınmaq cəhdidir"
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Muxalifet.az xəbər verir ki, toplantıda ölkədə və regionda baş verən ictimai-siyasi proseslər, eləcə də beynəlxalq gündəmin əsas mövzuları geniş müzakirə olunub. Toplantı iştirakçıları ilk öncə ötən həftə ABŞ-ın prezidenti D.Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nın Vaşinqtonda keçirilmiş ilk toplantısı ətrafında fikir mübadiləsi aparıb. Müzakirələr zamanı Azərbaycanın beynəlxalq tədbirlərdə iştirakı təqdir edilib. Eyni zamanda sözügedən Sülh Şurasına Azərbaycan tərəfindən maliyyə yardımının göstərilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilməsinin vacibliyi vurğulanıb.
İdarə Heyəti hesab edib ki, Azərbaycan ərazisinin 20 faizi otuz ilə yaxın işğal altında olarkən dağıntılara və talana məruz qalmışdır ki, bu gün həmin ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Lakin, indiyədək nə nüfuzlu beynəlxalq təşkilatlar, nə də iri donor qurumları bu prosesə ciddi və sistemli maliyyə dəstəyi göstərmək təşəbbüsü ilə çıxış etməyib ki, bu da ikili standartın növbəti bir nümunəsidir. Bu baxımdan ölkənin özünün dağıdılmış ərazilərinin bərpasına böyük maliyyə ehtiyacı olduğu halda Azərbaycanın başqa regionlarda, o cümlədən Qəzza bölgəsində bərpa-quruculuq layihələrinə maliyyə ayırması məqsədəuyğun hesab edilməyib. Müzakirə iştirakçıları dövlətin maliyyə resurslarının ilk növbədə milli maraqlara, işğaldan azad edilmiş ərazilərin sürətli və keyfiyyətli bərpasına, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə doğma torpaqlarına qayıdışının təmin olunmasına yönəldilməsinin daha məqsədə müvafiq olduğunu bildirib.
İdarə Heyəti İran ətrafında baş verən son hadisələrə bir daha diqqət çəkib, qeyd edilib ki, İranla Amerika arasında olan bu münaqişəli vəziyyətin diplomatik və siyasi yolla həll olunması daha məqsədə uyğundur. Eyni zamanda İdarə Heyəti Azərbaycan hökumətini mümkün hərbi eskalasiya halında İranda yaşayan Cənubi Azərbaycan soydaşlarımızın təhlükəsizliyinin təmin olunması istiqamətində qabaqlayıcı və sistemli addımlar atmağa, zəruri hazırlıq tədbirləri görməyə çağırıb.
İdarə Heyəti Pakistan və Əfqanıstan arasında son zamanlar baş verən toqquşmalar ətrafında da müzakirələr aparılıb və hesab edilib ki, bu iki müsəlman ölkəsi arasındakı hərbi münaqişə danışıqlar yolu ilə və beynəlxalq normalar çərçivəsində həllini tapmalıdır. Azərbaycan hökuməti də bu iki müsəlman dövləti arasında münasibətlərin tənzimlənməsinə yardımçı olmağa çağırış etməlidir.
İdarə Heyəti Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi M.Zaxarova tərəfindən Azərbaycanda həbs olunmuş 11 nəfər Rusiya vətəndaşının Rusiyaya qaytarılması ilə bağlı səsləndirilmiş çağırışlara münasibət bildirib. İdarə Heyəti hesab edib ki, əgər Rusiya tərəfi Azərbaycanda cinayət törətməkdə ittiham olunan öz vətəndaşlarının qaytarılmasını gündəmə gətirirsə, eyni yanaşma Rusiyada müxtəlif ittihamlarla həbs edilən Azərbaycan vətəndaşlarına da şamil olunmalıdır. Yalnız qarşılıqlı məhbus mübadiləsi formatında, iki dövlət arasında hüquqi razılaşmalar və beynəlxalq konvensiyalar əsasında atılan addımlar münasibətlərin sağlam və qarşılıqlı hörmət müstəvisində inkişafına xidmət edə bilər.
Toplantıda həmçinin, Rusiya Dövlət Dumasının deputatı Andrey Luqovoy tərəfindən səsləndirilmiş fikirlərə də münasibət bildirilib. Deputatın Qazaxıstan, Qırğızıstan, Tacikistan və Azərbaycanda məktəblərdəki tarix dərsliklərində Rusiyanın keçmiş müstəmləkə siyasəti, məcburi kollektivləşmə, repressiyalar və xalqların deportasiyası ilə bağlı tarixi faktların “rusofobiya” kimi təqdim etməsi İdarə Heyəti tərəfindən qətiyyətlə pislənilib. Qeyd edilib ki, tarixi hadisələrin və sovet dövründə həyata keçirilmiş məcburi kollektivləşmə siyasətinin, kütləvi repressiyaların və ayrı-ayrı xalqların deportasiyasının elmi və ictimai müzakirəsi beynəlxalq hüququn, akademik azadlığın və söz azadlığının ayrılmaz tərkib hissəsidir. Bu məsələlərin gündəmə gətirilməsi hər hansı xalqa qarşı düşmənçilik deyil, tarixi həqiqətlərin araşdırılması və ədalətin bərpası istiqamətində atılan addımdır. İdarə Heyəti hesab edib ki, keçmiş imperiya və ya totalitar idarəçilik dövründə baş vermiş hüquq pozuntularının müzakirəsini “rusofobiya” kimi qələmə vermək cəhdləri tarixi məsuliyyətdən yayınmaq və siyasi manipulyasiya xarakteri daşıyır. Əksinə, beynəlxalq təcrübə göstərir ki, dövlətlər tarixi səhvlərini və cinayətlərini etiraf etdikdə, zərərçəkmiş xalqlardan üzr istədikdə və müəyyən hallarda kompensasiya mexanizmlərini nəzərdən keçirdikdə uzunmüddətli barış və qarşılıqlı etimad üçün daha sağlam zəmin formalaşır.
İdarə Heyəti ötən həftə Dünya Bankının və Azərbaycanın Dövlət Statistika Komitəsinin ölkənin iqtisadi göstəriciləri ilə bağlı yayımladığı məlumatlar ətrafında da müzakirələr aparıb. Müzakirələrdə qeyd edilib ki, Dünya Bankının hesabatına görə Azərbaycan valyuta ehtiyatları istisna olmaqla demək olar ki, bütün iqtisadi göstəricilərinə görə Cənubi Qafqaz ölkələrindən geridə qalır, o cümlədən də Azərbaycanın Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, ölkədə son bir il ərzində qarşıya qoyulmuş bir sıra iqtisadi hədəflər tam şəkildə yerinə yetirilməmişdir. Bu vəziyyətin yaranmasına əsas səbəb kimi iqtisadiyyatda azad bazar münasibətlərinin və şəffaflığın olmaması, korrupsiyanın və monopoliyanın mövcudluğu, o cümlədən iqtisadi islahatlar aparan kadrların olmaması və hökumətin yarıtmaz iqtisadi siyasəti göstərilib.
İdarə Heyəti həmçinin, hökumətin ölkəyə idxal edilən bahalı antik kolleksiya əşyalarının, rəsm və digər incəsənət nümunələrinin 18 faizlik əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı qanunvericiliyə dəyişiklik təşəbbüsünün parlamentə təqdim edilməsi məsələsini də müzakirə edib. İdarə Heyəti hesab edib ki, sözügedən təşəbbüs sosial ədalət prinsipləri ilə uzlaşmır və faktiki olaraq cəmiyyətin daha varlı təbəqəsinin maraqlarına xidmət edir. Bahalı incəsənət əsərlərinin və kolleksiya predmetlərinin idxalı əsasən yüksək gəlirli şəxslər tərəfindən həyata keçirildiyi halda, belə güzəştlərin tətbiqi vergi siyasətində balansın pozulmasına səbəb olur. Qeyd edilib ki, mövcud iqtisadi şəraitdə prioritet istiqamət aztəminatlı və orta gəlirli vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi, ərzaq və gündəlik tələbat mallarının əlçatanlığının artırılması olmalıdır. ƏDV güzəştlərinin tətbiqi daha çox sosial yönümlü sahələrə, xüsusilə əhalinin geniş təbəqələrinin həyat səviyyəsinə birbaşa təsir göstərən istiqamətlərə şamil edilməli, dövlət iqtisadi siyasətində varlı təbəqənin vergi yükünü azaltmaq deyil, iqtisadi çətinliklərlə üzləşən əhali qruplarının vəziyyətini yaxşılaşdırmağa çalışmalıdır.
İdarə Heyəti Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin açıqladığı mövqeyə də diqqət çəkib. Aİ nümayəndəsinin münaqişənin ədalətli və davamlı həlli üçün irəli sürdüyü - Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün təmin edilməsi, Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması və Rusiya hərbi kontingentinin azaldılması, Rusiya Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərin demilitarizasiyası, reparasiyaların ödənilməsi, eləcə də dövlət daxili qanunvericiliyin beynəlxalq müqavilələrdən üstün tutulmasına dair normaların ləğvi kimi prinsiplərin münaqişənin hüquqi-siyasi tənzimləmədə mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Toplantıda ABŞ-ın İsraildəki səfirinin Nildən Fərata qədər torpaqların İsrailə verilməsi təşəbbüsü ilə bağlı çıxışına da münasibət bildirilib. İdarə Heyəti bu açıqlamanı qətiyyətlə pisləyib və bu cür bəyanatların regionda onsuz da gərgin olan vəziyyətin daha da dərinləşməsinə, münaqişələrin həll perspektivlərinin çətinləşdirilməsinə və bütün region üçün ciddi təhlükə və təhdid yaratdığına xidmət etdiyini bildirib. Belə açıqlamaların həm diplomatik prinsiplərə, həm də beynəlxalq hüququn norma və öhdəliklərə zidd olduğu, regional sabitliyə və sülhə təhdid yaratdığı qeyd edilib.
İdarə Heyəti ölkə xaricində yaşayan bloqer İlqar Hacıyev tərəfindən ADP sədri Sərdar Cəlaloğlunun guya dövlət çevrilişi ittihamı ilə həbsdə olan AXCP sədri Əli Kərimlinin əleyhinə ifadə verməsi barədə açıqlamasına da münasibət bildirib. İdarə Heyəti bəyan edib ki, bu iddiaların heç bir hüquqi əsası və məntiqi izahı yoxdur. ADP sədri Sərdar Cəlaloğlunun AXCP sədri Əli Kərimlinin əleyhinə hər hansı ifadə verməsi barədə yayılan məlumatlar tamamilə əsassızdır və həqiqəti əks etdirmir. İdarə Heyəti hesab edib ki, bu cür açıqlamalar cəmiyyətdə çaşqınlıq yaratmağa, ictimai rəyi manipulyasiya etməyə və baş verən prosesləri süni şəkildə müxalif qüvvələrin üzərinə yönəltməyə xidmət edir. İdarə Heyəti belə cəhdləri siyasi məsuliyyətsizlik və qərəzli yanaşma kimi qiymətləndirərək kəskin şəkildə pisləyib və ictimaiyyəti yayılan məlumatlara tənqidi yanaşmağa və təsdiqlənməmiş iddialara əsaslanaraq nəticə çıxarmamağa çağırıb.




















