“HƏRBİ MƏĞLUBİYYƏTƏ DOĞRU GEDİRİK!...” – Putinə qarşı etirazlar böyüyür

Baxış sayı:
273

"Təəssüf ki, biz hərbi məğlubiyyətə doğru gedirik. Bu, bir faktdır. Gəlin bununla barışmaq bir tərəfə, heç olmasa bu “xoşagəlməz faktı” dərk edək və təhlükənin real olmasından çıxış edək".

Bunu Ukraynaya qarşı işğalın və Donbasdakı separatizmin banilərindən biri, “rus dünyası” ideologiyasının və rus şovinizminin qatı tərəfdarı İqor Strelkov(Qirkin) öz həyat yoldaşı vasitəsilə sosial şəbəkə səhifəsində paylaşıb.

Hazırda Rusiya həbsxanasında ekstremizm maddəsilə məhkumluq həyatı yaşayan və beynəlxalq məhkəmənin terrorçuluq maddəsilə axtardığı Qirkin artıq heç kimin Rusiyadan qorxmamasından, ona hörmət etməməsindən gileylənib və buna görə ölkə rəhbərliyini ittiham edib.

Qirkin Avropa Birliyinin Ukrayna üçün 90 milyard avroluq krediti təsdiqləməsini şərh edərkən qeyd edib ki, bu kreditin verilməsi Baş nazir Viktor Orbanın partiyasının Macarıstanda seçkilərdə uduzmasından sonra mümkün olub. Onun sözlərinə görə, bu, Avropada artıq heç kimin Rusiyaya hörmət etməməsi və ya qorxmaması səbəbindən baş verib: "Bəzi Avropa ölkələrinə, düşmən düşərgəsindəki nifaqlara, Macarıstan və Slovakiya hakimiyyətlərinin bizim dostumuz olmasına ümid etmək üçün özümüz güclü, cəsarətli və qətiyyətli olmalıyıq. Lazımdır ki, bizə hörmət etməsələr də, heç olmasa bizdən qorxsunlar. Bizə isə artıq çoxdandır nə hörmət etmirlər, nə də bizdən qorxmurlar”.

O, nümunə olaraq bu yaxınlarda baş verən bir hadisəni misal çəkib. Belə ki, Çexiya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağıraraq ondan Rusiya Müdafiə Nazirliyinin Ukrayna üçün dron istehsal edən Avropa zavodlarının ünvanlarını dərc etməsinə görə izahat tələb edib.

Qirkin Rusiyanın hələ də Avropaya qaz tədarük etməsindən, Avropanın isə Rusiya enerji daşıyıcılarından istifadə etməklə Ukrayna üçün hərbi sursat və dronlar istehsal etməsindən gileylənib. "Avropa üçün qazımız baha olmayacaq, Amerika qazından daha ucuz olacaq və bu pulla Avropa Ukrayna üçün daha çox dron və mərmi istehsal edə biləcək", - Qirkin vurğulayıb.

O qeyd edib ki, bütün bu baş verənlərdə Rusiya rəhbərliyi günahkardır, çünki o, özünə bu cür münasibət göstərməyə imkan verir. Qirkinin fikrincə, Ukraynaya qarşı “xüsusi hərbi əməliyyat” dalana dirənib və bunun səbəbkarı dörd il ərzində qələbə qazanmaq üçün bütün imkanları əldən verən Rusiya Federasiyasının "parlaq siyasi və hərbi rəhbərliyidir”.

Qeyd edək ki, son zamanlar Rusiya rəhbərliyinə və şəxsən Vladimir Putinə qarşı açıq çıxışlar xeyli artıb. Bir çox tanınmış “Z-bloqerlər”lə yanaşı, əvvəllər Putin hakimiyyətini dəstəkləmiş digər tanınmış şəxslər, hətta “qlamur bloqerlər” də şəxsən Putinə açıq müraciətlər ünvanlayırlar. Xüsusilə Ukraynaya qarşı heç bir perspektivi olmayan müharibə ilə yanaşı, “telegram” və ümumilikdə internetin mütəmadi bloklanması, vergilərin artırılması, iqtisadi tənəzzül, Dağıstanda və Qara dəniz sahillərindəki təbii və ekoloji fəlakətlər, Sibirdə iri buynuzlu heyvanların kütləvi məhv edilməsi və digər hadisələr ciddi etirazlara səbəb olub. Bütün bunlar Rusiya daxilində Putinin reytinqinin kəskin şəkildə düşməsinə gətirib çıxarıb və bunu hətta Kremlə yaxın sorğu mərkəzləri də etiraf edirlər.