Xameneinin təhlükəsizlik xidmətinin ölümcül səhvi – MKİ onun yerini yüz faiz dəqiqliklə təyin edə bildi

Baxış sayı:
229

“ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) bir neçə ay ərzində İranın Ali dini lideri ayətullah Əli Xamenei üzərində müşahidə aparıb və fevralın 28-i səhər saatlarında onun iqamətgahında yüksək vəzifəli iranlı rəsmilərin toplantısının keçiriləcəyini müəyyən edib”.

Bu barədə “The New York Times” qəzeti vəziyyətlə tanış mənbələrə istinadla yazıb.

Məlumata görə, ABŞ və İsrail ilkin olaraq zərbəni gecə saatlarında endirməyi planlaşdırsa da, daha sonra vaxtı dəyişərək səhərə keçiriblər. Mənbələr bildirir ki, məqsəd ali rəhbərin də iştirak etdiyi yüksək səviyyəli toplantını gözləmək olub.

Kəşfiyyat məlumatları ilə tanış olan şəxslər iddia ediblər ki, CIA İsrailə Xameneinin yerləşdiyi məkan barədə “yüksək dərəcədə etibarlı” informasiya ötürüb. İsrail isə həm bu məlumatlara, həm də öz kəşfiyyat kanallarına əsaslanaraq bir neçə ay hazırlaşdığı əməliyyatı həyata keçirib.

“The Wall Street Journal” isə yazır ki, əməliyyat öncəsi İsrailin ali hərbi rəhbərliyi - Hərbi Hava Qüvvələrinin komandanı, hərbi kəşfiyyat rəhbəri və xarici kəşfiyyat xidməti “Mossad”ın direktoru planlaşdırma məqsədilə mütəmadi olaraq Vaşinqtona səfər ediblər. Dekabr ayında İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə Floridadakı Mar-a-Lago iqamətgahında görüşüb. Bildirilir ki, tərəflər İranın nüvə proqramını davam etdirməsi halında əməliyyatın əsaslandırılmış olacağı barədə razılığa gəliblər.

Fevral ayında isə Tramp və Netanyahu Ağ Evdə yenidən görüşüblər. WSJ mənbələri bildirir ki, bu dövrdə İsrail kəşfiyyatı İrandakı hədəflərlə bağlı məlumat toplayaraq ABŞ ilə bölüşüb.

WSJ-nin başqa bir materialında qeyd olunur ki, İrana qarşı genişmiqyaslı hava zərbəsi zamanı ABŞ “Anthropic” şirkətinin hazırladığı süni intellekt alətlərindən istifadə edib. Mənbələrin sözlərinə görə, dünyanın müxtəlif bölgələrində, o cümlədən Yaxın Şərqdə fəaliyyət göstərən ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “Claude” adlı süni intellekt modelini tətbiq edib. CENTCOM bu iddiaları şərh etməkdən imtina edib.

Bildirilir ki, “Claude” gizli hərbi tədbir çərçivəsində istifadə edilən ilk neyroşəbəkə olub. Daha əvvəl Pentaqon bu texnologiyanı Venesuela Prezidenti Nicolás Maduronun ələ keçirilməsi məqsədilə keçirilən xüsusi əməliyyatda da tətbiq edib. Maraqlıdır ki, daha əvvəl Tramp hökumət qurumlarına “Anthropic” texnologiyalarından istifadəni qadağan etmişdi. O, şirkəti “radikal solçu” adlandıraraq Pentaqona şərt diktə etmək və hərbçilərə təzyiq göstərməkdə ittiham etmişdi.

Məlumata görə, mübahisə süni intellektin hərbi məqsədlərlə tətbiqi ilə bağlı fikir ayrılıqları fonunda yaranıb. “Anthropic” kütləvi izləmə və avtonom ölümcül silah sistemlərində iştirakdan imtina edilməsini tələb edərək sərt etik məhdudiyyətlərdə israr edib. Pentaqon isə hərbi ehtiyaclara uyğun olaraq bütün alətlərdən istifadə hüququnun saxlanmasını istəyib.

ABŞ müdafiə nazirinin müavini Emil Maykl şirkət rəhbərliyini ordunun fəaliyyətinə nəzarət etməyə çalışmaqda və milli təhlükəsizliyi risk altına atmaqda ittiham edib./azpolitika