İDMAN “KƏNDXUDALIĞI”... – Dünya şöhrətli idmançımıza qarşı ədalətsizliyin arxasında nə durur?

Azərbaycanda məmur-nazir zümrəsinin çoxsaylı sağalmaz, ümidsiz xəstəliklərindən biri də bu zümrəyə aid olanların özlərini onlara tapşırılan sahənin ağası, yiyəsi, “kəndxudası” hesab etmələridir. Bu adamlar onlara verilən vəzifəni, kreslonu, statusu dövlətin etimadı yox, sanki ata-babalarının miras qoyduğu, peşkəş etdiyi mal-mülk kimi görürlər. Bu səbəbdən dövlət ərkanı, davranışı, mədəniyyəti kimi anlayışları şəxsi eqo, hikkə, əda və yekəxanalıqlarına çoxdan qurban veriblər...
Azərbaycanın dünyada bir çox olimpiya çempionlarımız kimi fraqmental şəkildə yox, uzun illərdir, ardıcıl olaraq tanıdan, başını uca edən 3-5 idmançıdan biri olan Rafael Ağayevə qarşı münasibət klassik məmur özbaşınalığının, saymazlığının, yekəxanalığının nümunəsidir. Adamın “günahı” budur ki, dövlətdən 3-5 manat mükafat alandan sonra idmanı bir tərəfə atıb, mal-qara, qoyun-quzu alverinə keçən, polisə, ədliyyəyə, fövqəladə hallara, idman federasiyalarına və s. düzələn, bizneslə məşğul olanlardan fərqli olaraq, öz sənətinin yaxşı mənada “xəstəsidir”. Ona görə də susa bilmir, özünə və digər idmançılara qarşı haqsızlıqlara çox sakit, məntiqli şəkildə, arqumentlərlə etiraz edir. İstədiyi də çox şey deyil, dava-dərman, bir azca da diqqət və qayğıdır. Hə, bir də biraz ədalət istəyir ki, bu kateqoriya da Azərbaycan məmurunun, nazirinin, federasiya başçısının gözünün düşmənidir...

Hazırda sosial şəbəkələrdə Rafael Ağayevin Gənclər və İdman Nazirliyinin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasiminə dəvət olunmaması geniş müzakirə olunur və haqlı olaraq hiddətlə qarşılanır. Xatırladaq ki, Ağayev 5 qat dünya və 11 qat Avropa çempionudur. Ancaq buna baxmayaraq, görünür, “dilini dinc qoymadığı” üçün Gənclər və İdman Nazirliyinin “qara siyahısı”na salınıb. Əvəzində, həmin tədbirə, idmana, idman nailiyyətlərinə heç bir aidiyyatı olmayan “şəngülüm” bloqerlər, müğənnilər, şou təmsilçiləri dəvət alıblar. Bu tədbiri təşkil edənlər görünür, hələ də anlamırlar ki, idman çoxdan şou, əyləncə statusundan çıxaraq, siyasi, ictimai, hətta sosial xarakter alıb. Ona görə də bu sahəyə başçılıq edən məmurun, federasiya rəhbərinin, nazirin siyasi təfəkkürü, dövlət və dövlətçilik anlayışı, ərkanı olmalıdır. Varmı? Çətin sualdır...
Belə tədbirlər dövlətin adından və dövlətin pulu ilə keçirilir, nazirin, məmurun cibinin pulu ilə yox! Ora dəvət olunanlar da nazirin, idman məmurunun kefindən, ədasından, hikkəsindən yox, dövlətin seçimindən asılı olmalıdır. Dövlət isə Rafael Ağayev kimi Azərbaycanın başını uca edən, dəfələrlə bayrağını qaldıran, tanıdan istedadlı, hətta əfasnəvi idmançını qoyub, “müğənni-bloqerləri” seçə bilməz! Ağayevə dövlətin ən yüksək mərtəbəsindəki müsbət münasibət bəllidir. Ancaq buna baxmayaraq, görün bu nazir-məmur tayfası nə qədər həddini aşıb ki, hətta buna da məhəl qoymur... Bu da hələ “Avropa təhsili”, “Qərb və müasir dünyagörüşlü” nazir... İndi görün “Mehdiyev məktəbi”ndən qalmalar və onların başçılıq etdiyi sahələr nə gündədir. Ağayev kimi həyatını, sağlamlığını Azərbaycan idmanına həsr edən peşəkara qarşı bu cür münasibəti, məmur özbaşınalığını, saymazlığı görən hansısa gənc idmançıdan nə gözləyirsizniz? Onlardan bayrağa, ölkəyə sədaqət gözləməyə haqqınız varmı?
Bütün bunlardan sonra hələ gileylənirik ki, niyə azərbaycanlı idmançılar, öz vətəninin deyil, Rusiya, Ukrayna, Belarus, Türkiyə və digər ölkələrin bayraqları altında yarışmağa üstünlük verirlər? Niyə onların əvəzinə Azərbaycana heç bir aidiyyatı olmayan, zəhmət çəkib himnimizin heç olmasa, 3-4 sözünü belə əzbərləmək istəməyən əcnəbiləri gətirib “milliləşdirik”? Çünki bu “mexanizm” kimlər üçünsə daha sərfəlidir, çünki belə nazirlər, məmurlar layiq olanın haqqını verməyəndə, haqsızlıq, özbaşınalıq edəndə, əsl idmançıları qoyub, öz kefinə uyğun ayrıseçkilik edəndə, bütün bunlardan bezən, iyrənən idmançı da öz seçimini edir - ona dəyər verilən yerə üz tutur və nəticədə təəssüf ki, başqa bayrağı seçir. Sonda isə uduzan, itirən nazir, məmur yox, Azərbaycan olur...
Elxan Qüdrətoğlu







































