Qarabağ qaziləri Əli Həsənovu məhkəməyə verir

Baxış sayı:
218

Prezidentin sabiq köməkçisi vəzifəsindən sui-istifadə edərək zibilxananı dayısı oğlu Məmməd Cəfərovun adına mənimsəyib; zibilxanana “40 pilləkən” kafesinə, pivə evinə çevrilib
Prezident Administrasiyasının, AMEA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması ilə ehtimal olunan cinayət ortaqlarının siyahısı yayılmaqdadır. Bu ortaqlardan birinin də Prezident köməkçisi, uzun illər mətbuatı kurasiya edən Əli Həsənovun olmasını təkcə mətbuat nümayəndələri demir. Deyənlər çoxdur, deməsələr də Əli Həsənovun Ramiz Mehdiyevin “sağ əli” , “sol ayağı” olduğunu uzun illərin PA yoldaşlığı ortaya qoyur. Düzdür, bu “ağsaqqal cinayəti” mediaya sızan kimi Əli müəllim “daş atıb, başını tutdu” ki, o hara Ramiz Ənvər oğlu hara, heç son 5 ildə zəngləşməyiblər də. Amma ...
Amma hələ istintaq təzə başlayıb, kimin kimlə hansı planlar cızdığı, hansı xəyallara qapıldığı sonra bilinəcək. Bizim demək istədiyimiz Əli Həsənovun Prezident köməkçisi görəvindən şəxsi məqsədləri üçün sui-istifadə etməsini konkret faktlarla diqqətə çatdırmaqdır. Ən birinci, “JEK” müdiri dayısı oğlu Məmməd Cəfərovu Milli Televiziya və Radio Şurasının (MTRŞ) 5 üzvündən biri təyin etdirib. 2022-ci ildən  Audiovizual Şura adlandırılan bu qurumun üzvlüyünə peşəkar tele-radio işçilərinin yox, “jekist”in seçdirilməsi Prezidentin mətbuat siyasətini yönətən köməkçiyə qohumlarının vəzifəsi ilə “fəxr etməsi” üçün lazım idi? Hər halda özü vəzifəsindən sui-istifadə edib, vəzifə verdiyi qohumları ilə fəxr etdiyini gizlətmirdi. Qohumları da borclu qalmırdı.

Elə həmin dayısı oğlu, MTRŞ üzvü Məmməd Hüseyn oğlu Cəfərovun adına Qarabağ qazilərinin 10 il istədikləri “İçərişəhər” metrostansiyasının yanından Nərimanov heykəlinə doğru uzanan pilləkənin başındakı zibilxananı özəlləşdirib, “40 pillə” kafesinə çevirməsi, sonra “Xırdalan pivə evi”nə dəyişdirməsi də Prezidentin keçmiş köməkçisinin vəzifəsindən sui-istifadəsinə daha parlaq misaldır. 10-15 ildən çoxdur prokurorluq, məhkəmə qiymət vermir, özünüz qiymət verin, Qarabağ qaziləri PA-ya müraciət edib istifadəsiz zibilxananı istifadələrinə verməyi xahiş edirlər və ... PA-nın şöbə müdiri , sonra Prezident köməkçisi olmuş Əli Həsənov  Qarabağ əlilləri, qazilərinə zibilxananı da qıymır ki, elə özü “40 pillə” kafesi edər də! Özü də iş məhkəmənin icraatında, prokurorluğun araşdırmasında ola-ola Əli Həsənov zibilxananı dayısı oğlunun adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində 2015-ci ildə  qeydiyyatdan keçirib. (Məhkəmə hakimiyyətinin “müstəqilliyinə” baxın, bu zibilxana ilə bağlı 50-yə yaxın məhkəmə işinin heç birisi sona çatmayıb!) Amma Reyestr Xidməti elə 5 il qabaq bildirib ki, həmin sahə qeydiyyata alınmayıb . Araşdırma aparan Səbail prokurorunun Nazim adlı köməkçisi pıçıldayıb ki, Əli Həsənov oranı məngirləyib. Sonra BŞİH-dən Cəfərov Məmməd Hüseyn oğlunun adına özəlləşdirildiyi vurğulanıb. Qarabağ qaziləri də qalıblar mat-məəttəl ki, axı cavabdeh Səbail RİH-in hüquq şöbəsinin müdiri Hafiz Aberkarovun (adı “MTN işi”ndə  keçirdi- M. B.) Səbail məhkəməsinin hakimi Nurəddin Bağırova verdiyi saxta “kupça”  həmin zibilxananın “Alyans-F” MMC-yə məxsus olduğunu qeydə alıb. (?) Belə çıxır, Üzeyir bəyin ünlü personajının “qızın iki adaxlısı var” deyimi kimi, zibilxananın iki “kupçası” var? Əli Həsənov görəvindən alınsa da, “40 pillə” kafesindən əlini üzmədi, Səbail prokurorluğu da vəzifəli şəxs(lər)in əmlak korrupsiyasına qiymət verməkdən imtina etdi. Hətta Səbail RPİ-nin müstəntiqi Fərid Soltanlı əməli CM-in 188-ci (“Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma)  maddəsi ilə tövsif edib və sonra Əli Həsənovun sifarişi ilə Məmməd Cəfərovun izahatını  da telefona cavab vermədiyi “əsası” ilə almayıb. Halbuki burda  CM-in 308-ci - vəzifədən sui-istifadə etmə maddəsi tətbiq olunur və ibtidai istintaqı da polis yox, CPM-in 215.3 maddəsinə əsasən prokurorluq aparmalıdır. Prokurorluq isə heç polis müstəntiqinə də nəzarət edə bilməyib. Beləcə Əli Həsənova “gözün üstə qaşın var” , “40 pilləli kafen, pivə evin var”  deyən olmayıb, olsa da 3-5 manata susdurulub. Məmməd Cəfərov isə dünyasını dəyişib.
İndi Qarabağ qaziləri Əli Həsənovu məhkəməyə verməyə hazırlaşır. Prezidentin köməkçisi , PA rəhbərinin “sağ əli” olmuş şəxs Qarabağ qazilərinin həm sahibkarlıq, həm mülkiyyət hüquqlarını pozub. Elə bunun özü də dövlətə xəyanət kimi bir şeydir, yox?
“Tak şto”, Əli Həsənov, özünə vəkil tut! Onsuz da “Ramiz Mehdiyev işi”ndə vəkilsiz keçinə bilməyəcəksən.
Məğrur BƏDƏLSOY