Tramp İrana zərbə planı hazırlayır - MƏXFİ PLAN AÇIQLANDI

Baxış sayı:
115

İran ətrafında gərginlik yenidən yüksəlir. ABŞ prezidenti Donald Trampın Tehrana qarşı hərbi zərbələr endirməyi nəzərdən keçirdiyi bildirilir. Məqsəd isə ölkə daxilində yeni etiraz dalğasını alovlandırmaq və mümkün “rejim dəyişikliyi” üçün zəmin yaratmaqdır.

"Reuters" xəbər verir ki, Donald Trampın müzakirə etdiyi variantlar arasında İranda etirazların zorakılıqla yatırılmasında iştirak etmiş siyasi liderlərə və təhlükəsizlik strukturlarının nümayəndələrinə qarşı hədəfli zərbələr endirilməsi var. Bundan əlavə, İranın nüvə və raket proqramlarına qarşı hücumlar da mümkün ssenarilər sırasındadır.

Mənbələr bildiriblər ki, Tramp bu ayın əvvəlində etirazların amansız şəkildə yatırılması nəticəsində minlərlə insanın həlak olmasından sonra İranda “rejim dəyişikliyi” üçün əlverişli şərait yaratmaq niyyətindədir. Lakin bir sıra analitiklər hərbi zərbələrin yeni kütləvi etirazlara səbəb olub-olmayacağı məsələsində şübhəli mövqe sərgiləyirlər.

Qeyd olunur ki, ABŞ prezidenti hələlik İrana qarşı hərbi əməliyyata başlamaqla bağlı yekun qərar verməyib.

Eyni zamanda israilli və ərəb rəsmiləri hesab edirlər ki, yalnız hava hücumları İranın dini rəhbərliyini devirmək üçün kifayət etməz. Reuters-ə danışan israilli mənbə bildirib ki, “əgər məqsəd rejimi devirməkdirsə, bu halda quru qoşunlarının yeridilməsi zəruridir”.