Tanınmış jurnalist Prezidentə MÜRACİƏT ETDİ

Baxış sayı:
121

Tanınmış jurnalist, “Kanal 13” internet televiziyasının keçmiş əməkdaşı Şamo Emin Prezident İlham Əliyevə müraciət edib. Muxalifet.az jurnalistin müraciətini olduğu kimi təqdim edir:
“Hörmətli Prezident!
Mən, Eminov Şamo Almaz oğlu, “Kanal 13” internet televiziyasında çalışdığım zaman - 22 dekabr 2023-cü il tarixində Səbail Rayon Polis İdarəsi tərəfindən qanunsuz olaraq saxlanılmışam. Elə həmin gün Səbail Rayon Məhkəməsi barəmdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açıb.
Heç bir cinayət əməli törətmədiyim halda, 2024-cü il dekabrın 29-dək Bakı İstintaq Təcridxanasında saxlanılmışam. Həmin müddət ərzində istintaq heç bir dəlil-sübut ortaya qoya bilməsə də, indi də barəmdə açılan cinayət işinə xitam verilməyib və mənim ölkədən çıxışıma qadağa qoyulub.
Cənab Prezident!
Mən Gürcüstan vətəndaşıyam. Hazırda valideynlərim və yaxın qohumlarım Bolnisi rayonu Siskala (red-Balaxauri) kəndində yaşayır. Atam - Eminov Almaz Məhəmməd oğlunun 84, anam -Eminova Sona Tanrıverdi qızının 72 yaşı var və hər ikisi də xəstəlikdən əziyyət çəkir.
Mən valideynlərimə sonuncu dəfə 2023-cü ilin yay aylarında baş çəkmişəm. Hansı ki, həmin vaxt sadəcə sərhədi keçdiyim üçün adımı “qaçaqmalçı” qoydular.
Atamın xəstəliyi artıq ciddi hal alıb. Ona görə, Sizdən xahiş edirəm, mənim ölkədən çıxışıma qoyulan qadağanın qaldırılması ilə bağlı göstəriş verəsiniz. Valideynlərimin məni, mənim də onları görməyə ehtiyacım var.
Hörmətli Prezident!
Mən bir azərbaycanlı kimi, Azərbaycan Respublikasını öz dövlətim bilmişəm. Ona görə də jurnalist kimi fəaliyyətimdə hər zaman dövlətimizin, xalqımızın maraqlarından çıxış etmişəm, mənim “günahım” bu dövləti, bu xalqı təmannasız sevmək olub. “Qazancım” isə həbsxana, işsiz qalmaq olub.
Ümid edirəm, günahsız bir jurnalistin qoca və xəstə valideynlərinə baş çəkməsinə imkan veriləcək.
Dərin hörmətlə, Eminov Şamo Almaz oğlu”.
Muxalifet.az