Fransa Rusiya nefti daşıyan tankerin kapitanını həbs etdi - Ekipaj gəmidə qalıb

Fransada Rusiya mənşəli xam neft daşıyan “Grinch” adlı neft tankerinin kapitanı həbs olunub.
Xatırladaq ki, tanker yanvarın 22-də Fransa Hərbi-Dəniz Qüvvələri tərəfindən Aralıq dənizində – İspaniya ilə Şimali Afrika arasında saxlanılmışdı.
“Le Monde” qəzetinin Marsel prokurorluğuna istinadən yaydığı məlumatda bildirilir ki, kapitanın adı açıqlanmır, lakin onun 58 yaşlı Hindistan vətəndaşı olduğu qeyd olunur.
Tankerin ekipaj üzvləri də Hindistan vətəndaşlarıdır və hazırda gəmidə qalmaqda davam edirlər.
Məlumata görə, “Grinch” tankeri yanvarın 5-də Murmanskdan yola düşərək Rusiya xam nefti daşıyıb. Gəmi ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Ukrayna və Kanada tərəfindən sanksiyalara məruz qalıb. Tanker saxta bayraqdan istifadə etməkdə şübhəli bilinir.
Hazırda gəmi Komor Adaları bayrağı altında üzür və əsasən nefti Çin və Hindistana daşıyır. Tanker Fransa sahillərində, Fos-sür-Mer körfəzində, Martiq şəhərindən təxminən 500 metr aralıda lövbər salıb. Gəmi Fransa Hərbi-Dəniz Qüvvələrinə məxsus bir hərbi gəmi və patrul katerləri tərəfindən nəzarətdə saxlanılır. Fransa prokurorluğu faktla bağlı araşdırma aparır.
Fransa Prezidenti Emmanuel Makron tankerin saxlanılmasından sonra bildirib ki, əməliyyat Böyük Britaniyadan olan müttəfiqlərin dəstəyi ilə və BMT-nin Dəniz Hüququ Konvensiyasına uyğun şəkildə həyata keçirilib.
Makron X-də yazıb ki, tanker hərəkət istiqamətini dəyişib və Fransa beynəlxalq hüquqa riayət olunmasında, eləcə də sanksiyaların effektiv icrasında qətiyyətlidir:
“Kölgə donanmasının fəaliyyəti Ukraynaya qarşı aparılan aqressiv müharibənin maliyyələşdirilməsinə xidmət edir”./azpolitika








































