ABŞ ORDUSU İRANI MÜHASİRƏYƏ ALIR – Bölgəyə nəhəng qüvvələr gətirilir, hücum bu həftə başlaya bilər

Baxış sayı:
154

ABŞ ordusu Yaxın Şərqə hərbi qüvvələrin köçürülməsini davam etdirir. İsrail KİV-lərinin məlumatına görə, bu proses İsrail Müdafiə Qüvvələri ilə koordinasiya şəraitində həyata keçirilir.

Hazırda regionda “Abraham Lincoln” aviadaşıyıcısı və onu müşayiət edən “Spruance”, “Michael Murphy” və “Frank E. Petersen Jr”. esminesləri yerləşir. “Abraham Lincoln”un aviakrilinə F-35C, F/A-18E/F qırıcıları, radioelektron mübarizə üçün EA-18G Growler, erkən xəbərdarlıq və idarəetmə üçün E-2D Hawkeye, təminat üçün CMV-22B Osprey konvertoplanları, eləcə də MH-60R/S helikopterləri daxildir.

Bundan əlavə, regionda iki ABŞ sualtı qayığının olduğu bildirilir. İordaniyaya F-15E Strike Eagle qırıcılarının köçürüldüyü qeyd olunur. Ümumilikdə Yaxın Şərqdə hazırda 100-dən çox ABŞ qırıcısı yerləşir. İrana qarşı mümkün əməliyyat üçün onlarla yanacaq dolduran və kəşfiyyat təyyarəsi hazır vəziyyətdə saxlanılır.

Eyni zamanda ABŞ qüvvələri və müttəfiqlərini İranın mümkün cavab zərbələrindən qorumaq məqsədilə əlavə hava hücumundan və raket əleyhinə müdafiə vasitələri, o cümlədən Patriot və THAAD sistemləri də bölgəyə yerləşdirilib.

ABŞ Yaxın Şərqdə yerləşən hərbi bazalara Hərbi Hava Qüvvələrinin hava yolu ilə köçürülməsini də davam etdirir. “Flightradar” məlumatlarına əsasən, Avropadakı bazalardan üç hərbi-nəqliyyat təyyarəsi və bir yanacaq dolduran təyyarə cənub istiqamətində hərəkət edir.

Eyni zamanda peyk görüntüləri İordaniyanın “Muwaffaq” aviabazasında ABŞ-yə məxsus F-35 qırıcılarının yerləşdirildiyini təsdiqləyib.

“Baghdad Today” nəşrinin mənbələrinin iddiasına görə, Qətərin rəsmi dairələri ABŞ-nin cari həftənin sonunadək İrana qarşı hərbi əməliyyata başlayacağına inanırlar. Bununla yanaşı, sosial şəbəkələrdə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü İbrahim Rəzainin yaxın 24 saat ərzində Fars körfəzində ABŞ əməliyyatının başlaya biləcəyi barədə xəbərdarlıq etdiyi ilə bağlı məlumatlar yayılıb.

Bu fonda ABŞ-nin İrana yaxın zamanda zərbə endirmə ehtimalı geniş müzakirə olunur. İsrailin “13-cü kanal”ı İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) yüksək rütbəli zabitlərinə istinadən bildirir ki, cari həftə Vaşinqtonun mümkün hərbi əməliyyata hazırlığında həlledici mərhələ olub.

Məlumata görə, ötən həftəsonu İsrailin ali hərbi rəhbərliyi ABŞ-nin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuperlə görüş keçirib. Görüş zamanı müdafiə və hücum xarakterli əməliyyatlar üzrə koordinasiya məsələləri müzakirə olunub. Danışıqlarda ABŞ tərəfi İrana zərbə endirilməsi ilə bağlı hələ yekun qərarın verilmədiyini, lakin mümkün əməliyyat üçün bütün hazırlıq işlərinin tamamlandığını bildirib.

İsrail hərbi rəhbərliyi hesab edir ki, belə bir hücum yaxın vaxtlarda baş verə bilər. “13-cü kanal”ın məlumatına görə, ABŞ-nin mümkün zərbələrinin əsasən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və ona tabe olan “Bəsic” yarımhərbi dəstələrinin obyektlərini hədəfə alacağı gözlənilir. İsrail tərəfi hesab edir ki, məhz bu hədəflərin seçilməsi İranın mümkün cavab zərbələrinin intensivliyini azalda bilər.

Bu proseslər ABŞ Hərbi Dəniz Qüvvələrinin zərbə aviadaşıyıcı qrupunun regiona çatması fonunda baş verir. Bu kontekstdə yüksək vəzifəli iranlı rəsmi “Reuters” agentliyinə bildirib ki, ABŞ-nin istənilən hücumu Tehran tərəfindən “tammiqyaslı müharibə” kimi qiymətləndiriləcək.

Mənbənin sözlərinə görə, İran Silahlı Qüvvələri ən pis ssenariyə hazırdır və ölkə üzrə bütün strukturlar yüksək hazırlıq vəziyyətindədir. Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi də Vaşinqtonun müharibəni “sınaqdan keçirmək” istədiyi təqdirdə ölkəsinin buna hazır olduğunu bəyan edib. Nazir qeyd edib ki, İran ötən il baş vermiş 12 günlük müharibə ilə müqayisədə hazırda daha geniş və dərin hərbi hazırlığa malikdir.

Bu arada Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və Böyük Britaniyanın ABŞ-nin İrana mümkün hücumu halında Vaşinqtona logistik və kəşfiyyat dəstəyi göstərəcəyi bildirilir. “Israel Hayom” qəzetinin yazdığına görə, bu ölkələr ABŞ-nin hərbi əməliyyatlarını kəşfiyyat məlumatlarının mübadiləsi və logistik yardım yolu ilə dəstəkləyəcəklər. Eyni zamanda, onların İsrailə, ABŞ bazalarına və ya regiondakı strateji obyektlərə yönəlmiş İran raket və pilotsuz uçuş aparatlarının ələ keçirilməsində iştirak edəcəyi gözlənilir.

Qəzet həmçinin yazır ki, İran ətrafında gərginliyin kəskin artması fonunda İsrailin səhiyyə sistemi yüksək hazırlıq rejiminə keçirilib. Bazar günü ölkənin aparıcı xəstəxana və tibb müəssisələrinin rəhbərləri Səhiyyə Nazirliyinin nümayəndələri ilə təcili iclas keçirərək, hərbi əməliyyatların başlaması halında fövqəladə vəziyyət rejiminə keçidi müzakirə ediblər. Tibb müəssisələrinə qısa müddətdə D hazırlıq səviyyəsinə və mümkün hücumdan dərhal sonra “qırmızı müdafiə” rejiminə keçməyə hazır olmaları tapşırılıb. İsrail rəsmiləri bu tədbirlərin preventiv xarakter daşıdığını bildirsələr də, görülən hazırlığın miqyası mümkün ssenarilərin ciddi qiymətləndirildiyini göstərir.

Eyni zamanda Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husilər) qruplaşması ABŞ ordusuna müraciət edərək, Amerika aviadaşıyıcılarının Ərəb dənizindən keçəcəyi təqdirdə onlara raket zərbəsi endiriləcəyi ilə hədələyib. Bəyanatda bildirilib: “Ərəb dənizinin sularından keçəcəyiniz halda, hipersəs raketləri ilə qarşılaşacaqsınız”.

İsrailin Mülki Aviasiya İdarəsinin rəhbəri Şmuel Zakay regiondakı qeyri-sabit vəziyyət fonunda hava nəqliyyatında gərginliyin arta biləcəyi barədə İsrail və xarici aviaşirkətləri xəbərdar edib. Onun sözlərinə görə, risklər hələlik orta səviyyədə qiymətləndirilsə də, vəziyyət yüksək diqqət və fövqəladə dəyişikliklərə hazır olmağı tələb edir. Ben-Qurion hava limanına uçuşlar həyata keçirən xarici aviaşirkətlərə göndərilən məktubda qeyd olunur ki, hava məkanının müvəqqəti bağlanması halında prioritet xarici reyslərin İsraildən çıxışına veriləcək. Aviasiya sektorundakı mənbələr bildirir ki, bu addım vəziyyətin kəskin pisləşməsi halında ölkədə xarici sərnişinlərin yığılmasının qarşısını almaq məqsədi daşıyır.

Bu proseslər fonunda “Avraam Linkoln” aviadaşıyıcı zərbə qrupunun İran sahillərinə yaxınlaşdığı bildirilir. Son 24 saat ərzində ABŞ-yə məxsus ən azı altı ədəd C-17A Globemaster III tipli ağır hərbi-nəqliyyat təyyarəsinin Yaxın Şərqə uçuşlar həyata keçirdiyi müəyyən edilib. Bu barədə “Flightradar”24 aviasiya resursunun məlumatlarında qeyd olunur.

Məlumata görə, ABŞ-nin kontinental hissəsindən qalxan və hərbi yük daşıyan təyyarələr İordaniyada yerləşən “Muwaffaq Salti”, Qətərdəki “Əl-Udeyd”, Küveytdəki “Əli Əl-Salem” və Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazalarına eniş ediblər. Həmin bazalarda ABŞ-nin döyüş təyyarələrindən ibarət iri kontingenti yerləşir.

Son bir həftə ərzində C-17A Globemaster III tipli hərbi-nəqliyyat təyyarələri Yaxın Şərq istiqamətində təxminən 20 reys həyata keçirib. Bundan əlavə, rabitə, naviqasiya və radar sistemlərinin sıradan çıxarılması üçün nəzərdə tutulan EA-37B tipli ABŞ təyyarəsinin də bölgəyə göndərildiyi qeydə alınıb.

Rasim Əliyev