Maliyyə Nazirliyi bu qurumda milyonlarla yeyinti faktını üzə çıxardı, amma... - ŞOK İDDİA

Baxış sayı:
127

Bakı sakini Xanəhməd Əsgərovdan şok iddia: “Nazirlik Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyində mənimsənilən dövlət vəsaitinin bölünməsində “ortaq məxrəcə” gələ bilmirlər”

Bakı şəhər sakini, ixtisasca aqronom olan Əsgərov Xanəhməd Əli oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:

“Hörmətli Prezident!

Bildirim ki, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə yaşıllıqlara qulluq üçün ayrılmış milyonlarla dövlət vəsaiti mənimsənilib. Bu barədə Prezident Administirasiyasına, Bakı Şəhər İcra Hakimiyyətinə, Maliyyə Nazirliyinə və Baş Prokurorluğa sayı bilinməyən müraciətlər göndərmişəm. Məsələ ilə əlaqədar Eldar Əzizova etdiyim saysız-hesabsız müraciətlərə baxmayaraq, BŞİH rəhbəri mənimlə görüşməkdən imtina edir.

Maliyyə naziri Sahil Babayevə də məni qəbul etməsi üçün 3 dəfə müraciət etmişəm. Hər dəfə məni aldadıblar. Görüş zamanı nazirliyin yeni kadr işçilərindən olan 2 nəfər ayrılıb. Onlar isə mən deyənləri anlamadıqları üçün söhbəti yarımçıq dayandırmışam. 

O cümlədən, Prokurorluq orqanları da şikayəti təmin etmirlər. Yoxlama aparılsa, bütün sübutlar göz önünə çıxarılar. Dəfələrlə prokurorluğa müraciət etmişəm, lakin əlaqəsi olmayan cavablar verirlər.

Hörmətli Prezident!

Prezident Administrasiyası da müraciətlərimi Sizə catdirmaq əvəzinə, məktubumu fəaliyyətindən şikayət olunan və külli miqdarda dövlət vəsaitini talayan Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə göndərib. Onlar da müraciətimə özlərinə sərf edən şəkildə, aidiyyəti olmayan cavablar yazirlar.

Maliyyə naziri Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyində 6 ay yoxlama apardı və milyonlarla dövlət vəsaitinin mənimsənildiyini aşkarladı. Əgər hər hansı bir təşkilatda yoxlama 3 aydan artıq davam edərsə, o zaman hüquq mühafizə orqanları dəvət olunmalıdır. Ancaq Maliyyə Nazirliyi kimə görə, hansısa səbəbdən bunu etmədi.

Bu gun də Maliyyə Nazirliyi Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyində mənimsənilmiş dövlət vəsaitinin bölünməsində “ortaq məxrəcə” gələ bilmirlər. Ona görə də, aralarında olan kəsiri düzəltmək üçün Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Karyel yolu”nda Maliyyə Nazirliyinə məxsus olan sahənin yaşıllaşdırılmasını qurumun baş direktoru Mirdamət Seyidov və “tenderlər kralı” Ramazan Mirzəyevin üzərinə qoyublar”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiydan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.