"BƏƏ-nin işğaldan azad edilmiş ərazilərimizə sərmayə yönəltməsi kifayət qədər realdır" - ELŞAD MİRBƏŞİR

Baxış sayı:
190

Siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşir Sozcu.info-ya müsahibə verib. Muxalifet.az həmin müsahibəni oxucularına təqdim edir:
 
- Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti  Əbu-Dabidə keçirilən “Gələcəyin oyunları 2025” adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirak etməsi rəsmi Bakının Əbu-Dabi ilə münasibətlərin inkişafına önəm verdiyini göstərir. BƏƏ ilə yaxın əlaqələr Azərbaycan üçün nə vəd edir?

 
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə Əbu-Dabidə keçirilən “Gələcəyin oyunları 2025” adlı idman turnirinin açılış mərasimində iştirak etməsi iki ölkə arasındakı münasibətlərin səmimi dostluq və strateji tərəfdaşlıq xarakterini bir daha təsdiqləmiş oldu. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası müstəqilliyinin ilk illərindən etibarən BƏƏ ilə kifayət qədər etibarlı münasibətlər və əməkdaşlıq sistemi formalaşdırmışdır. Ölkəmizin müstəqilliyini ilk tanıyan və diplomatik təmasların dinamik şəkildə qurulduğu ölkələrdən biri də məhz BƏƏ olmuşdur. Təsadüfi deyil ki, bu gün Azərbaycan Respublikası ilə BƏƏ arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
 
Azərbaycanla BƏƏ arasında münasibətlər həm ikitərəfli formatda, həm də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etməkdədir. BƏƏ Prezidentinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi xüsusi dəvət etməsi bir daha onu göstərir ki, BƏƏ Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir. Belə ki, bir çox sahələrdə Azərbaycan–BƏƏ arasında kifayət qədər uğurlu və perspektivli əməkdaşlıq imkanları formalaşdırılmışdır. Bu baxımdan bərpa olunan enerji mənbələrinin yaradılması sahəsini xüsusilə qeyd etmək lazımdır. Bildiyimiz kimi, BƏƏ Azərbaycanda bu sahənin inkişafına ciddi sərmayələr yatırmışdır. Eyni zamanda iqtisadiyyatın digər sahələrində də BƏƏ sərmayələrinin mövcudluğu tərəflər arasında iqtisadi əlaqələrin sıxlığından xəbər verir. Bununla yanaşı, BƏƏ-nin ölkəmizin işğaldan azad edilmiş ərazilərinə sərmayə yönəltməsi perspektivləri də kifayət qədər realdır.
 
Bu baxımdan qeyd edə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BƏƏ-yə səfəri iki ölkə arasında həm siyasi münasibətlərin, həm də iqtisadi əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinə ciddi təsir göstərəcəkdir. Çünki mövcud əməkdaşlıq potensialından tam şəkildə faydalanmaq hər iki ölkənin maraqlarına cavab verir.
 
- BƏƏ ilə Türkiyə arasında münasibətlər yumşaq desək, soyuqdur. Azərbaycan bu iki ölkə arasında münasibətlərin yaxınlaşmasına təsir edə bilərmi?
 
- Azərbaycan dövləti həm qardaş Türkiyə ilə, həm də Birləşmiş Ərəb Əmirlikləri ilə yüksək inkişaf mərhələsinə çatmış siyasi və iqtisadi münasibətlərə malikdir. Bu baxımdan demək olar ki, Azərbaycan–BƏƏ münasibətlərinin xarakteri ümumilikdə Türkiyə ilə BƏƏ arasındakı münasibətlərə də bu və ya digər səviyyədə təsir göstərmək gücünə malikdir. Nəzərə almaq lazımdır ki, Türkiyənin Yaxın və Orta Şərqdə mühüm strateji maraqları mövcuddur və BƏƏ bu coğrafiyanın ən təsirli ölkələrindən biridir. Son illərdə Türkiyə ilə BƏƏ arasında münasibətlərin nisbətən normallaşması müşahidə olunur. Bu da hər iki ölkənin regionda mövcud siyasi proseslərin turbulentliyi fonunda əməkdaşlığın və münasibətlərin normallaşdırılmasının zəruriliyindən çıxış etməsi ilə bağlıdır. Bu mənada Azərbaycanla BƏƏ arasındakı münasibətlərin xarakteri və təmasların intensivliyi köməkçi amil rolunu oynaya bilər.
 
- BƏƏ-nin İsraillə münasibətləri yaxşıdır. Azərbaycanın da da hər iki dövlətlə yaxın müansibətləri var. Regionda üçlü əməkdaşlıq platformasının ehtimalını mümkün hesab edirsinizmi?
 
- Azərbaycan dövləti həm BƏƏ, həm də İsrail ilə ayrı-ayrılıqda dostluq münasibətlərinə malikdir və müxtəlif sahələrdə əməkdaşlığını inkişaf etdirir.
 
Ümumiyyətlə vurğulamaq lazımdır ki, dünya dövlətləri ilə konstruktiv münasibətlər qurmaq, ticarət-iqtisadi əlaqələri sistemli şəkildə inkişaf etdirmək Azərbaycan Respublikasının xarici siyasətinin əsas prinsiplərindən biridir. Bu baxımdan, Azərbaycan öz milli maraqları çərçivəsində dünya dövlətləri ilə siyasi və iqtisadi təmaslarını davamlı şəkildə gücləndirir. Belə yanaşma ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirir və rolunu artırır.
 
Azərbaycan Respublikasının Prezidentinin unikal strateji yanaşması əsasında həyata keçirilən xarici siyasət və qurulan iqtisadi əməkdaşlıq mexanizmləri dövlətimizin beynəlxalq arenadakı müsbət imicini günbəgün gücləndirir.
 
Bu baxımdan, hesab edirəm ki, Azərbaycan, İsrail və BƏƏ arasındakı münasibətlərin mövcud xarakteri geniş bir coğrafiyada həm müxtəlif qarşılıqlı maraqların təmin edilməsini, həm də müxtəlf formatlı əməkdaşlıq imkanlarının reallaşdırılmasını mümkün edir.
 
- BƏƏ Azərbaycanın strateji tərəfdaşı Böyük Britaniya və İsraillə birlikdə ABŞ-ın yeni Pax Silica təşəbbüsündə yer alır. Bu isə Azərbaycana Pax Silica-ya qoşulmaq və ya yaxından əməkdaşlıq etmək imkanı yaradır. Bu istiqaəmətdə dövlət hansı addımlar atmalıdır?

 
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2024-cü ilin fevral ayında Milli Məclisdə keçirilən andiçmə mərasimində xüsusi olaraq vurğuladı ki, xarici siyasətimizin əsas vektorunu türk dünyası təşkil edəcəkdir. Bu mənada, sözügedən istiqamətdə təmasların daha da inkişaf etdirilməsində Azərbaycan təkcə fəallığı ilə deyil, eyni zamanda təşəbbüskarlığı ilə də seçilir. Bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan Respublikası kifayət qədər böyük nüfuza malikdir və geniş əməkdaşlıq imkanlarından faydalanır.
 
Bununla yanaşı, dövlətimiz siyasi və iqtisadi əlaqələrin diversifikasiyasında daim maraqlı olduğunu nümayiş etdirir ki, bu da olduqca düzgün və praqmatik yanaşmadır. Beynəlxalq təmaslarımız və iqtisadi əməkdaşlıq imkanlarımız nə qədər geniş olarsa, milli maraqlarımızın etibarlı şəkildə təmin edilməsi də bir o qədər mümkün olar. Bu baxımdan, Azərbaycan həm Avropa, həm Asiya, həm də digər coğrafiyalardakı ölkələrlə fəal əməkdaşlıq edir. Körfəz ölkələri ilə münasibətlər də bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Müxtəlif platformalarda uğurlu siyasi münasibətlərin qurulması və iqtisadi əməkdaşlıq imkanlarının yaradılması Prezidentin strateji geosiyasi və geoiqtisadi baxışlarının nəticəsidir və bu yanaşma ölkəmizin bütün platformalarda etibarlı tərəfdaş imicini ardıcıl şəkildə möhkəmləndirir.
 
Arzuman LOĞMANOĞLU
 
Sozcu.info