Müxalif partiya Krım dövlətinin yaradılmasını təklif edir

ADP hesab edir ki, danışıqlar səmərə vermədiyi halda Rusiyaya qarşı beynəlxalq sanksiyalar gücləndirilməlidir
Bu gün ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantı iştirakçıları Ukrayna ilə Rusiya arasında davam edən müharibədən, getdikcə müharibənin əhatə dairəsinin genişlənməsindən, onun dünya iqtisadiyyatına vurduğu sarsıdıcı zərbədən, yaratdığı humanitar fəlakətdən bir daha narahat olduğunu bildirib və bu müharibənin baiskarı olan Putin Rusiyasının işğalçılıq siyasətini qətiyyətlə pisləyib.
Almaniyada sülh sazişinin hazırlanmasına dair Ukrayna və ABŞ rəsmiləri arasında növbəti görüşün nəticələrinə diqqət çəkən partiya yetkililəri bu razılaşmalarda beynəlxalq hüquq normalarına uyğun Ukraynanın ərazi bütövlüyü, suverenliyi məsələsinin əsas prioritet olaraq qəbul edilməsinin vacibliyini diqqətə çatdırıb və Tramp administrasiyasını bu məsələdə merkantil maraqlardan çox suveren bir dövlətin beynəlxalq hüquq normalarından irəli gələn haqlarının qorunması istiqamətində səylər göstərməyə səsləyib. İdarə Heyəti ABŞ və Avropa İttifaqının səyləri ilə aparılan bu danışıqların səmərə vermədiyi halda Rusiyaya qarşı beynəlxalq sanksiyaların güclənməsi, Rusiyanın xarici banklarda olan aktivlərinin müharibə nəticəsində Ukraynaya dəyən iqtisadi ziyanın ödənilməsinə yönəldilməsi və nəhayət BMT-nin mandatı altında fəaliyyət göstərəcək Krım dövlətinin yaradılması ideyasını irəli sürüb.
İdarə Heyəti ABŞ-nin Belarus üzərində tətbiq etdiyi sanksiyaların aradan qaldırılması, münasibətlərin qarşılıqlı zəmin üzrə keçirilməsi şərti ilə Belarus prezidentinin yüzdən artıq siyasi məhbusun azad edilməsi ilə bağlı atdığı humanist addımı müsbət dəyərləndirib və belə bir addımın digər MDB ölkələrində, o cümlədən Azərbaycanda da atılmasına ümidvar olduğunu ifadə edib.
İdarə Heyəti son vaxtlar Rusiyada yaşayan soydaşlarımıza, bu ölkədə fəaliyyət göstərən diaspor nümayəndələrinə qarşı yeridilən diskriminasiya siyasətindən, onlara qarşı göstərilən zorakılıq faktlarından, qeyri-qanuni həbslərdən ciddi narahat olduğunu bildirib və məsələnin kökündə Rusiyanın istəyinə zidd olaraq Azərbaycanın yeritdiyi müstəqil xarici siyasət faktorunun durduğunu diqqətə çatdırıb və Rusiya yetkililərini Azərbaycana qarşı imperialist iddialardan geri durmağa, öz siyasətini son illərdə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq istiqamətində əldə edilmiş razılaşmalara uyğun qurmağa çağırıb.
İdarə Heyəti Azərbaycanla Ermənistan arasında sülh sazişinə dair aparılan ikili danışıqlar, Zəngəzur dəhlizinin açılmasına dair ABŞ ilə əldə edilən razılaşmalar fonunda Rusiyanın yenidən bu məsələyə aqressiv münasibət bəsləməsindən, erməni kilsəsi başda olmaqla Eermənistanda olan revanşist qüvvələri dəstəkləməsindən, bu danışıqların yalnız Rusiyanın vasitəsi ilə həyata keçirilməsi üçün göstərdiyi çabalardan narahat olduğunu bildirib və adı çəkilən ölkəni bu günə qədər Cənubi Qafqazda törətdiyi fəsadlardan, qanlı münaqişələrdən uzaq durmağa, bu ölkələrin suveren hüquqlarına hörmətlə yanaşmağa çağırıb.
İdarə Heyəti tanınmış vəkil, hüquq müdafiəçisi, siyasi fəal və qeyri-rəsmi fəaliyyət göstərən Azərbaycan Xalq Parlamentinin həmsədri Namizəd Səfərovun haqqında həbs qətimkan tədbiri seçilməsindən, onun dələduzluq adı ilə ittiham edilməsindən narahat olduğunu bildirib və hakimiyyəti onun haqqında başladılan istintaqın ədalətli, şəffaf aparılması üçün müvafiq addımlar atmağa çağırıb.
İdarə Heyəti eyni zamanda ötən həftə həbsdə olan ictimai fəal Elbəyi Kərimlinin “intihar etməsi” ilə bağlı hadisəyə də diqqət çəkib. Toplantı iştirakçıları mərhumun ailəsinə başsağlığı verib. Baş vermiş hadisəni cəzaçəkmə müəssisələrində nəzarət sisteminin yarıtmaz durumda olduğunun göstəricisi kimi dəyərləndirən İdarə Heyəti hüquq-mühafizə orqanlarını ölüm faktı ilə obyektiv və hərtərəfli araşdırma aparmağa çağırıb.
Muxalifet.az




















