“Qarabağ separatçılarını siyasi məhbuslarla eyni statusda dəyərləndirmək yolverilməzdir” – MÜXALİF PARTİYA AVROPA PARLAMENTİNƏ ETİRAZ ETDİ

Baxış sayı:
166

ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə Ukrayna ilə Rusiya arasında davam edən müharibənin sülh yolu ilə başa çatdırılması istiqamətində ABŞ-ın moderatorluğu ilə ötən həftə ərzində davam edən danışıqlar ətrafında fikir mübadiləsi aparıb.
Müzakirələr zamanı aparılan danışıqlarda ciddi nəticələrin əldə edilməməsi təəssüf hissi ilə qarşılanıb. Başqa dövlətlərin də bu müharibəyə qoşulma riski nəzərə alınaraq, sülh danışıqlarında iştirak edən ölkələrin bu problemin həllinə daha məsuliyyətli yanaşmalarının, qarşılıqlı güzəştlər əsasında sülhə nail olunmasının vacibliyi qeyd edilib.
İdarə Heyəti eyni zamanda Avropa İttifaqı tərəfindən Rusiya aktivlərinin müddətsiz olaraq dondurulması və Ukraynaya 90 milyard avro kredit ayrılması ilə bağlı qəbul etdiyi qərarı dəstəkləyib, bu addımı Rusiya işğalına qarşı təsirli addım kimi dəyərləndirib.
İdarə Heyəti ötən həftə Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə ətrafında da müzakirə aparıb. Bu qətnaməyə birmənalı münasibətin bildirilməsinin yanlış olduğunu qeyd edən müzakirə iştirakçıları sənəddə ölkədə siyasi məhbusların azadlığa buraxılması tələbini təqdir edib, lakin həmin qətnamədə Azərbaycan xalqına, dövlətinə, ərazi bütövlüyü və suverenliyinə qarşı ağır cinayət əməlləri törətmiş Qarabağ separatçılarını siyasi məhbuslarla eyni statusda dəyərləndirilməsini və onlara da azadlıq tələb edilməsini yolverilməz olduğunu bildirib, eyni zamanda bu fakt Azərbaycanda siyasi məhbus probleminin həllinə mane kimi dəyərləndirilib.
İdarə Heyəti ölkə başçısı İlham Əliyevin Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının və MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsinə də münasibət bildirib. Qeyd edilib ki, ötən ilin 25 dekabr tarixində Rusiya səmasında Azərbaycana məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı məsələnin bu günədək açıq qalması və Rusiyanın imperial güclərinin Azərbaycana təzyiqlərinin davam etdiyi bir müddətdə ölkə başçısının bu addımı təqdir edilib, diqqəti iki dövlət arasında mövcud olan problemlərə cəlb edilməsi baxımından bu addımın əhəmiyyəti qeyd edilib.
İdarə Heyəti Türkiyə və Azərbaycan Müdafiə nazirləri arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair imzalanmış memorandumun ötən həftə Milli Məclisdə ratifikasiya edilməsini təqdir edib, bu faktın Azərbaycanın milli təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətli olduğu qeyd edilib, anoloji memorandumun Pakistan dövləti ilə imzalanmasının arzuolunan olduğu bildirilib.
İdarə Heyəti ötən həftə Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun görüşünə də münasibət açıqlayıb. İki ölkə arasında münasibətlərin strateji müstəviyə qaldırılması naminə bu prosesin sürətləndirilməsinin vacibliyini qeyd edən toplantı iştirakçıları belə bir razılaşmanın əldə olunmasının Azərbaycanın müstəqilliyinə və suverenliyinə töhvə verəcəyini qeyd edib. O cümlədən, Azərbaycanın ABŞ-la strateji müttəfiqliyə gedən əməkdaşlıq fonunda aparıcı Avropa dövlətləri ilə də müttəfiqlik sahəsində əməkdaklığın zəruriliyi vurğulanıb.
İdarə Heyəti Azərbaycandan Ermənistana enerji resurslarının ötürülməsi hadisəsini də müzakirə edib. Baş verən hadisə iki ölkə arasında qarşılıqlı etimadın və sülh mühitinin formalaşmasına xidmət etdiyi, eyni zamandan Ermənistanın Rusiyadan enerji asılılığının azaldılması baxımından əhəmiyyətli olduğu qeyd edilib.
İdarə Heyəti qış fəslinin başlaması ərəfəsində uşaqlar arasında infeksion xəstəliklərin kütləvi xarakter almasına, həmçinin yaşayış binalarında baş verən yanğınlara və dəm qazından zəhərlənmələrə diqqət çəkib. Qeyd olunan problemlərin qarşının alınması istiqamətində aidiyyatı dövlət orqanlarının profilaktik tədbirlər görməsinin vacibliyi qeyd edilib.

Muxalifet.az