"Göygöl Prokurorluğu övladımın qanını batırır" - Kəlbəcər sakinindən PREZİDENTƏ MÜRACİƏT / VİDEO

Kəlbəcər rayonu, Allıkənd kənd sakini, hazırda Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən ADAU-6 yataqxanasında yaşayan Allahverdiyev Yasin İman oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:
"Cənab Prezident!
Diqqətinizə çatdırım ki, ehtiyatda olan hərbi qulluqçuyam, Antiterror əməliyyatları və Vətən müharibəsi zamanı aşağıdakı medallarla təltif olunmuşam:
1) Vətən müharibəsi iştirakçısı medalı.
2) Hərbi xidmətdə fərqlənməyə görə üçüncü dərəcəli medalı.
3) On illik qüsursuz xidmətə görə medalı.
4) Kəlbəcərin azad olunması medalı.
Bundan əlavə, Azərbaycan Veteranları, Şəhid ailələri, Müharibə Əlilləri İctimayi Birliyi tərəfindən Ordunun 100 illiyinə həsr olunmuş medallarla və çoxsaylı fəxri fərmanlarla təltif olunmuşam.
Sizi narahat etməkdə məqsədim ondan ibarətdir ki 18.05.2024-cü il tarixdə 19.09.2010 təvəllüdlü övladım Allahverdiyev Murad Yasin oğlu iki nəfər sinif yoldaşı tərəfindən öldürülərək, daşqın selə atılmışdır.
Dəfələrlə qəbullarda olmuşam, çoxsaylı ərizələr yazmışam, telefon danışıqları aparmışam və.s. buna baxmayaraq Göygöl Rayon Prokurorluğu övladımın qanını batırır.
Bir azərbaycanlı kimi xahiş edirəm, mənə kömək edin. Artıq dözə bilmirəm, bezmişəm. Bir qız övladıma görə birtəhər dözürəm. Bəzən düşünürəm ki, ya cinayətə əl atım, ya da özümə qəsd edim. Çox çıxılmaz vəziyyətdəyəm.
Onu da nəzərinizə çatdırım ki, məhkəmənin qərarı olmadan, qəbri mənə qazdırıb, üç gün açıq saxlatdırdılar. Üç gün qəbirdə yatmışam. İki aydır "Space" televiziyasına, Amil Xəlilin verilişinə çıxırıq. Heç bir qrumun marağında deyil ki, bunlar çıxıb televiziyada canlı yayımda nə danışırlar...
Övladımın qanını batırmaq istəyirlər. Xahiş edirəm, göstəriş verin, işə baxılsın. Hansısa maraqlar şəxslər imkan vermirlər ki, cinayət işi açılsın".
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.