Paşinyan oliqarxın şirkətinə qara maskalıları göndərdi – “Elektrik Şəbəkələri” şirkətində axtarış gedir

Baxış sayı:
209

Ermənistanın “Elektrik Şəbəkələri” ASC-nin (HETS) baş ofisində istintaq orqanları bu gün axtarışlar aparır. Bu barədə vəkili Tiqran Hayrapetyan yerli mətbuata məlumat verib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının maskalı əməkdaşları şirkət əməkdaşlarının binaya daxil olmasına imkan verməyiblər. Vəkilin açıqlamasına əsasən, istintaqçılar şirkətin Direktorlar Şurasının sədri Narek Karapetyanın gəlməsini gözləyirlər və yalnız bundan sonra axtarışlara başlayacaqlar. Şirkətin rəhbərliyi istintaqın mahiyyətindən xəbərsizdir.

“Elektrik Şəbəkələri”nin icraçı direktoru David Qazinyan jurnalistlərə açıqlamasında deyib ki, istintaqın hansı cinayət işi çərçivəsində aparıldığından xəbərləri yoxdur. Siyasi göstəriş olub-olmadığı ilə bağlı suala isə Qazinyan cavab verməkdən imtina edib: “Bu məsələyə münasibət bildirmək istəmirəm. Amma istintaq hərəkətləri uzun çəkərsə, bu, şirkətin fəaliyyətinə ciddi təsir göstərə bilər”, - deyə o bildirib.

Ermənistan İstintaq Komitəsinin sözçüsü Kima Avdalyan isə mətbuata açıqlamasında bildirib ki, İrəvan şəhər istintaq idarəsi və iqtisadi cinayətlər üzrə baş idarənin apardığı istintaq çərçivəsində təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilir. Konkret olaraq hansı cinayət işlərindən söhbət getdiyi barədə məlumat verilməyib. Komitə yaxın vaxtlarda ictimaiyyətə rəsmi açıqlama ilə çıxış edəcəyini bildirib.

Qeyd edək ki, iyulun 3-də Ermənistan parlamenti “Elektrik Şəbəkələri” şirkətinin dövlətləşdirilməsi haqqında qanun layihəsini qəbul edib. Bu addım müxalifət tərəfindən siyasi təzyiq kimi qiymətləndirilir.

Müxalif partiyalar hesab edirlər ki, istintaq tədbirləri və dövlətləşdirmə qərarı birbaşa şirkətin rəhbəri, tanınmış iş adamı Samvel Karapetyanın yaxın günlərdə Ermənistan Apostol Kilsəsinin müdafiəsi ilə bağlı verdiyi bəyanatdan sonra reallaşıb.

Hakimiyyət isə bu ittihamları rədd edir və bildirir ki, hüquqi prosedurlar Karapetyanın açıqlamasından xeyli əvvəl başlayıb.