ADP rusdilli məktəblərin bağlanılmasını tələb edir

Partiya Rusiyanın insanlığa sığmayan hərəkətlərinə qarşı atılan bütün siyasi addımları alqışlayır
Dünən ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda ölkədə və dünyada ictimai-siyasi vəziyyətə dair müzakirələr aparılıb. İlk növbədə Rusiyanın Yekaterinburq şəhərində soydaşlarımıza qarşı həyata keçirilən zorakılıq, işgəncə və həbslərlə bağlı məsələyə dair bəyanat qəbul olunub. Bəyanatda deyilir:
Rusiyada rəsmi dövlət qurumu tərəfindən soydaşlarımıza qarşı həyata keçirilən və çoxsaylı insanın ölümü ilə nəticələnən zorakılıq, işgəncə və həbslər dərin narahatlıq və hiddət doğurur. Partiyanın İdarə Heyəti bu cür hadisələrin təsadüfən meydana çıxmadığını, bu ölkədə tez-tez baş verdiyini, xüsusilə də son dövrlərdə Rusiyanın siyasi rəhbərliyinə aid şəxslər və rəsmi media qurumları tərəfindən qonşu ölkələrə, onların vətəndaşlarına qarşı zorakı çağırışların yüksələn xətlə davam etdiyini bir daha təəssüflə qeyd edir. Eyni zamanda ,Rusiyada azərbaycanlılara qarşı zorakılığın artması ilk növbədə Azərbaycanın müstəqil xarici siyasət yürütməsi, müstəqillik və suverenliyinin möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atılması ilə bilavasitə əlaqədardır. Azərbaycanın Çin ilə strateji müqavilə bağlaması, Pakistan və Türkiyə dövlət başçılarının ölkəmizə yüksək səviyyəli səfərləri və s. strateji addımlar Rusiyanın siyasi dairələrini qıcıqlandırır və görünür ki, bu ölkə regionda mütləq ağalığının artıq mümkün olmamasının qisasını sadə azərbaycanlılardan almağa çalışır. ADP iqtidarın Rusiyanın məlum insanlığa sığmayan hərəkətlərinə qarşı atılan bütün siyasi addımları alqışlayır və həmçinin partiya yetkililəri hesab edir ki, dövlət büdcəsi hesabına fəaliyyət göstərən rus məktəblərinin də bağlanmasının vaxtı gəlib çatmışdır.
ADP İdarə Heyəti hesab edir ki, soydaşlarımıza qarşı həyata keçirilən cinayətin təşkilatçılarının və sifarişçilərinin məsuliyyətə cəlb olunması, günahsız həbs edilən azərbaycanlıların dərhal azadlığa buraxılması üçün hakimiyyət Rusiya dövləti qarşısında ciddi tələblər irəli sürməkdə davam etməlidir.
İclasda İranın Ermənistandakı səfiri M.Sübhaninin “ənənələrinə” uyğun olaraq növbəti dəfə Azərbaycan əleyhinə açıqlamalarına da münasibət bildirilib. Qeyd edilib ki, Zəngəzur dəhlizi və Qərbi Azərbaycan məsələləri Sübhani səviyyəsində müzakirə olunan məsələlər deyil və onun bu cür boyundan yuxarı tullanmağa cəhdləri öz işi ilə məşğul olmamasına dəlalət edir. Həmçinin cənab Sübhani bilməlidir ki, həm coğrafi, həm də siyasi mənada Cənubi Azərbaycan termini də mövcuddur və əgər səlahiyyətləri yetirsə bu məsələyə də münasibət bildirə bilər.
Partiya yetkililəri Pakistanda baş verən sel fəlakəti və çoxsaylı insan tələfatı ilə əlaqədar qardaş Pakistan xaqına dərin hüznlə baş sağlığı veriblər. Eyni zamanda İdarə Heyəti hakimiyyəti qardaş xalqa lazım olan hərtərəfli humanitar yardımlar etməyə çağırıb.
Respublika kino mərkəzində baş vermis partlayışla əlaqədar sosial mediada müxtəlif fikirlərin səsləndirilməsinə rəğmən ADP İdarə Heyəti hakimiyyətdən hadisə ilə bağlı obyektiv araşdırmanın aparılması və xalqa dolğun məlumat verilməsini tələb edib.
İdarə Heyəti üzvləri gənc bir vətəndaşımızın kanalizasiya işlərinə məsul olan rəsmi qurumların etinasızlığı və məsuliyyətsizliyi ucbatından faciəli şəkildə həlak olmasından ciddi narahatlıq ifadə ediblər. Qeyd edilib ki, korrupsiya və məsuliyyətsizliyin yaratdığı bu cür fəsadların gələcəkdə təkrarlanmaması üçün bu hadisənin köklü səbəbləri araşdırılmalı və günahkarlar müəyyən edilərək məsuliyyətə cəlb olunmalıdır.
Muxalifet.az