Bakıda "Sputnik Azərbaycan"ın ofisində əməliyyat

Ölkəmizdə qanunsuz fəaliyyət göstərən agentliyin iki əməkdaşı saxlanıldı
Dünən səhər saatlarından etibarən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) "Sputnik Azərbaycan"ın (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) Bakıdakı ofisində əməliyyat keçirib.
Muxalifet.az xəbər verir ki, əməliyyat zamanı saxlanılanlar olub.
Polisin "Sputnik Azərbaycan" agentliyinin ofisində keçirdiyi əməliyyat zamanı saxlanılanlar xüsusi avtomobillərlə ərazidən aparılıb.
Günün sonunda polisin "Sputnik Azərbaycan"ın ofisində keçirdiyi əməliyyat zamanı saxlanılan şəxslərin adları bilinib.
APA xəbər verir ki, əməliyyat zamanı saxlanılanlar “Sputnik”in Bakı filialının icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousovdur.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da, qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb. Qeyd olunub ki, iyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var.
Xatırladaq ki, Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi fəaliyyət göstərən “Sputnik-Azərbaycan" agentliyinin fəaliyyətinin dayandırılması barədə qərar bu ilin fevral ayında qəbul olunub.
Bundan əvvəl mediada yayılan xəbərlərdə saxlanılanların Rusiya FSB-nin gizli agentləri olduğu bildirilmişdi.
Onu da qeyd edək ki, məlum həbslərdən sonra Azərbaycan səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
İddia olunur ki, Kartavıx və Belousovun Yekaterinburqda azərbaycanlılara qarşı əməliyyat zamanı həlak olan iki soydaşımızın ölümündən sonra saxlanılması təsadüf deyil. Azərbaycan Xarici İşlər Nazirliyi təhlükəsizlik qüvvələrinin hərəkətlərini “qəbuledilməz zorakılıq” adlandırıb.
Bununla yanaşı, Rusiya ifaçılarının ölkədəki bütün çıxışları və konsertləri ləğv edilib.
Muxalifet.az