Azərbaycan jurnalistikasının “qara yara”sı: KƏSİB ATMAQ, YOXSA “MÜALİCƏ” ETMƏK? – Və yaxud “reket”lərə qarşı mübarizə üsulu nə dərəcədə effektlidir?

2016-cı ilin sonlarından etibarən Dövlət Təhlükəsizlik Xidməti (DTX) Azərbaycanda “reket” jurnalistikaya qarşı mübarizə aparmaqdadır. Son iki il ərzində ölkədə “reket” media adlandırılan şantajçı, qeyri-peşəkar saytlar və qəzetlərin rəhbərlərinə qarşı çoxsaylı əməliyyatlar keçirilib və nəticədə 10 nəfərdən artıq “reket” jurnalist həbs olunub. Bunların bir çoxu hazırda da həbsxanada cəzasını çəkməkdədir.
Xəbər verildiyi kimi, Dövlət Təhlükəsizlik Xidməti “reket” jurnalistlərə qarşı mübarizə kampanisyası çərçivəsində ötən həftənin sonu realliq.info saytının redaktoru İkram Rəhimovu da saxlayıb. DTX-nin məlumatında deyilir ki, İkram Rəhimov CM-in 182.2.1 və 182.2.2-ci (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən şantaj) maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində şübhəli şəxs kimi saxlanılıb.
“Rəhimov reketlə məşğul olur, vətəndaşlardan və sahibkarlardan onlar haqqında rüsvay edici və böhtan xarakterli məlumat dərc etməmək üçün pul tələb edirdi” – deyə DTX açıqlama yayıb.
Maraqlıdır ki, həbs olunan “reket” jurnalistlərin əksəriyyəti şantaj və hədə-qorxu ilə pul tələb etmə maddəsi ilə saxlanılıblar. Amma çox təəssüf ki, hələ də bu sahədə əsaslı dönüş yaranmayıb. Əksinə, yağışdan sonra çıxan göbələklər kimi, ölkədə “reketçiliklə” məşğul olan KİV-lərin sayı günbəgün çoxalmaqdadır. Üstəlik, bu saytların bir çoxunun nə kimə məxsus olduğu bilinir, nə əlaqə nömrələri var, nə də redaksiyalarının ünvanı bəllidir. Odur ki, həmin saytlar əllərində heç bir fakt olmadan da, istədikləri məmur haqqında ən sərt yazıları yazmaqdan, şantaj və böhtana əl atmaqdan çəkinmirlər.
Heç kimə sirr deyil ki, hazırda “reket” jurnalistlər əsasən “Azərbaycan” Nəşriyyatında özlərinə məskən salıblar. Təsadüfi deyil ki, DTX da “reket” jurnalistlərə qarşı mübarizə kampaniyasına məhz “Azərbaycan” Nəşriyyatından başlamış və ilk əməliyyatlar bu binada keçirilmişdi. Buna baxmayaraq, hələ də “reket” saytların hesabına bu gün nəşriyyatın binasında boş otaq tapmaq mümkün deyil. Əlbəttə, biz burada yerləşən bütün sayt və qəzetlərin “reketçilik” fəaliyyəti ilə məşğul olduğunu iddia etmək fikrindən uzağıq. Amma əminliklə deyə bilərik ki, bu binada özünə yer tapan qəzet və saytların böyük əksəriyyəti şantaj və hədə-qorxu yolu ilə pul almaqla öz fəaliyyətlərini davam etdirirlər. Hətta ciddi yoxlama aparılsa, onların digər qanunazidd əməlləri də aşkar oluna bilər...
Lakin DTX-nın son iki illik fəaliyyəti onu deməyə əsas verir ki, “reketçiliklə” məşğul olan jurnalistlərin həbsi heç də çıxış yolu deyil. Əgər belə olsaydı, son iki il ərzində ölkədə bir nəfər də “reket” jurnalist qalmazdı. Biz hazırda bunun əksini müşahidə etdiyimizdən, hətta bu cür qeyri-peşəkar fəaliyyətlə məşğul olan saytların sayının günbəgün artdığını gördüyümüzdən, əminliklə deyə bilərik ki, “reket” nəşrlərə qarşı mübarizə üsulları dəyişməlidir. Məsələn, burada DTX-nın həbslərlə jurnalistləri qorxutmaq taktikasındansa, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin, Mətbuat Şurasının, eləcə də başqa rəsmi qurumların maarifləndirmə işini gücləndirməsinə daha çox ehtiyac var. Mətbuat Şurasının nəzdində yaradılan, DTX, DİN və Baş prokurorluq əməkdaşlarının da təmsil olunduğu “reket” jurnalistikaya qarşı mübarizə komissiyasının fəaliyyəti də göstərdi ki, hədə-qorxu yolu, çoxsaylı həbslər problemdən çıxış yolu deyil. Əksinə, bu insanlarla düzgün təmaslar qurmaq, zaman-zaman müxtəlif seminarlar, müsabiqələr, maairfləndirici tədbirlər keçirməklə, “reket” nəşrlərin içərisindən də Azərbaycan mediasının inkişafına töhfə verə biləcək jurnalistlər yetişdirmək mümkündür. Yoxsa, nə qədər ki, dövlət qurumları bu təbəqəni Azərbaycan jurnalistikasının “qara yarası” kimi görəcək və kəsib atmağa çalışacaq, əminik ki, bu yolla problemi həll etmək mümkün olmayacaq.
Muxalifet.az