Azərbaycanda boşanmaların sayı niyə artır? – MÜSAHİBƏ / II HİSSƏ

Baxış sayı:
187

Mehriban Zeynalova:  “İnformasiya çoxluğu ailə münasibətlərini tənzimləməyə imkan vermir...”
“Biz hadisələrin kökünə enməli və boşanma hallarının qarşısını almaq üçün müvafiq hüquqi və sosial mexanizmlər yaratmalıyıq”

Rəsmi statistik rəqəmlərə görə, Azərbaycanda ailə quranların təxminən 3,1 faizi boşanır. Bu, olduqca ciddi problemdir və ölkəmizdə ailə inistitunun getdikcə sarsıldığının göstəricisi hesab oluna bilər. Üstəlik, onu da nəzərə alsaq ki, real faktlar rəsmi rəqəmlərdə əks olunanlardan hər zaman çox olur, deməli, boşanma ilə bağlı mənzərə daha acınacaqlıdır.
Əlbəttə, ailə cəmiyyətin və dövlətin təməlini təşkil edir. Ailə bağlarının qopmasının əsas səbəbləri kimi sevgi və qarşılıqlı anlaşmanın olmaması, insanların fərqli maraq və düşüncələrə malik olması, xəyanət, maddi problemlər, ailədə inamsızlıq, kənar şəxslərin (valideynlər, yaxın qohum-əqrəba) ailəyə etdiyi müdaxilələr və s. amilləri qeyd edə bilərik.
Bildiyiniz kimi, Avropada boşanmaların qarşısının alınması və bu səbəbdən günbəgün sayı çoxalan məhkəmə çəkişmələrindən xilas olmaq üçün “Vətəndaş nigahı” deyilən bir metod tətbiq olunmaqdadır. Hansı ki, insanlar bir müddət birgə yaşadıqdan sonra, artıq rəsmi evlilik haqqında qərar verirlər. “Vətəndaş nigahı”nda yaşadıqları müddətd bir-birilərini az-çox tanıdıqlarından, belə cütlüklərin rəsmi nigaha daxil olduqdan sonra ayrılma halları çox az olur. Əlbəttə, bizim milli-mənəvi dəyərlər nigahdankənar birgə yaşayışı istisna edir. Amma, bir halda ki, ölkəmizdə boşanma hallarının sayı sürətlə azalır, bu problemdən çıxış yolu haqda düşünmək mütləqdir. Ən azı yersiz məhkəmə çəkişmələrinin sayını azaltmaq məqsədilə müəyyən metodlar tətbiq etmək olar...
Məsələyə “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ilə müsahibəmizdə cavab tapmağa çalışdıq.
(Əvvəli bu linkdə: https://muxalifet.az/azrbaycanda-bosanmalarin-sayi-niy-artir-musahib.html )
- Adətən cəmiyyətdə boşanmaların sayının artması ilə bağlı insanların sosial şəbəkələrdə daha çox vaxt keçirməsi, qeyri-etik paylaşımlar etməsi və s. səbəb olaraq ortaya atılır. Sizcə, bu, nə üçün məhz bizim ölkədə qabarıq şəkildə özünü göstərir?
- Sosial şəbəkələrdə vaxt keçirməməkdən ötrü insanların məşğulluğuna və maraqlarına uyğun pulsuz məkanların açılmasına çox ehtiyac var. Elementar bir misal gətirim, əvvəllər çayxanalar ucuz idi və insanlar bir yerə toplaşır, söhbət edirdilər. İnsanlar o boşluğu, xüsusilə paylaşmaq, bölüşmək, sosiallaşmaq ehtiyacını çayxanalarda tapırdılar. İndi isə sosial şəbəkələr “ən rahat və söhbət ediləsi yerə” çevrilib. Çünki çayxanaların qiymətləri o qədər bahadır ki, insanlar ayda bir dəfə getməyi kifayət hesab edirlər. Bu da sosiallaşmanı süniləşdirir. Süni sosiallaşmanın arxasında isə, əvvəlki istilik, münasibətlər, ətrafın fikrinin dəyərli olması kimi anlayışlar itir. İndi çoxları deyir ki, "ətrafın fikri mənə maraqlı deyil". Bu, kifayət qədər ciddi mesajdır. İnsan öz davranışında ictimai nəzarəti və ictimai fikri önəmsəmir, özünə rəva bildiyi hərəkətləri etmək üçün sərbəstlik qazanır.
Bu baxımdan, mənə elə gəlir ki, bu barədə düşünmək maraqlı olardı. Əslində, maraqlı bir yanaşmadır. Öz-özümə də deyirəm maraqlıdır. Belə ucuz və əlçatan məkanlar olmalıdır ki, insanlar sosial şəbəkədə yox, daha çox canlı ünsiyyətdə olsunlar. Bir-biriləri ilə müzakirələr aparsınlar, maraq dairələrini müəyyən etsinlər. Bu da, düşünürəm ki, kifayət qədər təsirli ola bilər. Çox sadə məsələlərlə sosial problemi həll etmək mümkündür. Həm də burada yaxşı mütəxəssislərin artması və xidmət paketlərinin çoxalması da əhəmiyyətli ola bilər. Məsələn, qadınlar, eləcə də kişilər üçün mərkəzlər yaratmaq olar. Amma, ümumiyyətlə, bunları ayırmaq istəmirəm. Elə mərkəzlər olsun ki, hər kəs rahat şəkildə gəlib öz maraqlarına uyğun fəaliyyətlə məşğul ola bilsin.
- Avropada boşanmaların qarşısının alınması və indi ölkəmizdə də günbəgün sayı çoxalan məhkəmə çəkişmələrindən xilas olmaq üçün “Vətəndaş nikahı” deyilən bir metod tətbiq olunmaqdadır. Əlbəttə, bu, ilk baxışdan mentalitetimizə ziddir. Bəs, buna oxşar metodlarla ölkəmizdə boşanmaların sayını azalda bilərik?
- Avropada “Vətəndaş nikahı” kifayət qədər məsuliyyət tələb edən birlik formasıdır. Bu münasibətlərdə iqtisadi amillər mühüm rol oynayır. Boşanma dövründə isə ciddi tələblər irəli sürülür, çünki boşanmanın özü çətin və ağır bir prosesdir. Uşağın dünyaya gəlməsi mühüm bir hadisədir. Onun təlim-tərbiyəsi isə valideynlərin üzərinə böyük məsuliyyətlər qoyur. Bu baxımdan, Avropada cütlüklər çox zaman əvvəlcə birgə yaşayır və sonra evlənmək barədə qərar verirlər. Məqsəd nikahdan qaçmaq deyil, əksinə, nikaha daha məsuliyyətlə yanaşmaqdır. Avropada “Vətəndaş nikahı”nın təbliğ olunmasının səbəblərindən biri də budur. Onların mədəniyyətində əvvəlcə birgə yaşamaq normal qəbul olunur. Tərəflər şüurlu şəkildə bu münasibətlərə razılıq verir, birgə yaşayır, münasibətləri davam etdirir, sonra isə ailə qurur və uşaq dünyaya gətirirlər. Təbii ki, qeyri-rəsmi uşaqların doğulması da var, amma bu halın geniş yayıldığını demək düzgün olmaz. Orada əsas prinsip qarşılıqlı razılıq və məsuliyyətdir.
Bizdə isə bəzən qadınlardan sui-istifadə halları olur. Qadınların bəziləri bundan əziyyət çəkir: onları yalnız vaxt keçirmək üçün istifadə edirlər, amma məsuliyyət daşımırlar. Halbuki qadın da bir insandır, onun dəyəri, hörmətəlayiq olması nəzərə alınmalıdır. Onun verdiyi sevgi, diqqət və qayğı qiymətləndirilməlidir.
Bəzi hallarda kişilər məsuliyyətsiz davranır, ailə qurmaq vədi verib, sonra qadını və övladı tərk edirlər. Bu isə qadını həssas və çətin vəziyyətə salır. Qadının nə işləməsinə, nə də cəmiyyətdə özünü inkişaf etdirməsinə şərait yaradılmır. Bu münasibətlərdə qadın tam asılı vəziyyətdə qalır. Halbuki, ailə münasibətləri qarşılıqlı hörmət və anlayış üzərində qurulmalıdır. Keçmişdə ailə münasibətləri daha çox ictimai nəzarət və ictimai davranış çərçivəsində tənzimlənirdi. İnsanlar sadəlik, dözümlülük və hörmət prinsiplərinə əsaslanırdı. Amma indi, bir çox ailələrdə bu dəyərlər itib. Tərəflər evlənsələr də, bir-birinə hörmət göstərmirlər. Sosial şəbəkələrdə şəxsi həyat haqqında paylaşmalar da münasibətlərdəki hörmətin azalmasının bir göstəricisidir. Bu cür dəyişikliklər ailə münasibətlərinin təməlinə zərər vurur. Biz hadisələrin kökünə enməli və boşanma hallarının qarşısını almaq üçün müvafiq hüquqi və sosial mexanizmlər yaratmalıyıq.