“Azərbaycanda rus dilində tədris Konstitusiyaya ziddir” - PARTİYA SƏDRİ

Baxış sayı:
3787

Sərdar Cəlaloğlu:"Hakimiyyətdə olan ruspərəst qüvvələr rus dilini dövlət dili ilə bərabər işlək dil səviyyəsinə gətirib çıxarmaq istəyir"

“Rusiya bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir, biz azad xalqıq, rus mədəniyyəti, onun dili və əxlaqı ilə heç bir əlaqəmiz yoxdur”

Bugünkü sayımızda Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu ilə Dövlət Müstəqilliyi gününün qeyri-iş günü elan edilməməsinin, "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Bərpası haqqında" Konstitusiya Aktının əleyhinə səs verənlərin müxtəlif vəzifələrdə təmsil olunmasının səbəbləri, o cümlədən rus dilində təhsilin fəsadları və digər mühüm mövzularla bağlı söhbətləşdik.
- Bildiyiniz kimi, 1992-2006-cı illərdə Azərbaycanın Dövlət Müstəqilliyi günü, yəni 18 oktyabr tarixi rəsmi bayram kimi qeyri-iş günü olub. Lakin 2006-cı ilin dekabrında Milli Məclisdə Əmək Məcəlləsinə edilən əlavə və dəyişiklərdən sonra Dövlət Müstəqilliyi günü münasibətilə verilən istirahət ləğv edilib. Bununla da 18 oktyabr bayram günü kimi saxlanılsa da, iş günü sayılır. Sizcə, Dövlət Müstəqilliyi bayramının qeyri-iş günü olmaması doğrudurmu?
- 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyi bərpa edərkən özünü Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) siyasi varisi elan edib. Buna görə də hüquqi baxımdan Azərbaycan Respublikasının müstəqillik günü 28 may tarixində qeyd olunmalıdır. Siyasi təqvim belədir ki, hər bir dövlətin tarixində bir gün həmin dövlətin əsas siyasi bayramı ola bilər. Məsələn, fransızlar Bastiliya qalasının alınmasını Fransanın müstəqillik günü kimi qeyd edirlər. Və yaxud Böyük Britaniyanın rəsmi dövlət bayramı kraliçanın ad günüdür, ABŞ-da konsitusiyanın qəbul olunduğu gündür. Ruslar isə alman faşizmi üzərində qələbəni, yəni 9 mayı bayram edirlər. Bu baxımdan, biz bütün siyasi hadisələri bayram edə bilmərik. Ümumiyyətlə, bayramların sayının çox olması bayramları qeyri-ciddiləşdirir. Hesab edirəm ki, Azərbaycanın bir rəsmi bayramı olmalıdır ki, o da 28 Maydır. Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdiyinə görə, biz yeni dönəmdə baş verən hadisələrə o qədər də önəm verməməliyik. Yəni əsas ağırlığı 28 may 1918-ci ildə baş verən hadisələrə verməliyik və bu gün Azərbaycanın rəsmi siyasi bayramı kimi qeyd olunmalıdır. Konstitusiya Aktının qəbul edilməsi və ya müasir dövrdə təkrar ikinci demokratik cümhuriyyətin yaradılması ilə bağlı ayrı-ayrı hadisələri isə sadəcə olaraq yada salmaq, müəyyən keçirmək lazımdır. Ümummilli şəkildə bayram keçirmək vacib deyil. Bildiyiniz kimi, bu cür bayramlarda xarici ölkələrdəki səfirliklərdə ziyafət təşkil edilir, eyni zamanda ölkədə prezident ziyafət verir və ya parad, nümayişlər keçirilir. Əgər bu cür 4-5 bayram olsa, onda dövlət qeyri-ciddi görünər. Çünki dünyada heç bir ölkənin 2 dövlət bayramı yoxdur. Bu baxımdan, hesab edirəm ki, 28 May bizim yeganə siyasi bayramımız olmalıdır.
"Azərbaycan hakimiyyəti xalqının hakimiyyəti yox, Rusiyanın burdakı vassallıq siyasətini həyata keçirən bir qrupdur"
- Sərdar bəy, səhv etmirəmsə, 31 deputat Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin əleyhinə səs verib. Lakin onların bir qismi hələ də parlamentdə təmsil olunur, müxtəlif dövlət vəzifələrdə çalışırlar. Sizcə, bu, nə dərəcədə doğrudur?
- Əgər bu gün Azərbaycan parlamentində Arif Rəhimzadə Rusiyanın bizə dövlət yaratdığını, Rusiyanın qardaşımız olduğunu deyirsə, yaxud da Əli Hüseynov Milli Məclisdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olmağımızı məsləhət görürsə, onda bu şeylər nədən sizə təəccüb gəlir?! Azərbaycan 1993-cü ildə yenidən Rusiyanın tərəfdarlarının əlinə keçib. Yəni kiminsə adının Həsən, Hüseyn olması onun Azərbaycan türkü, Azərbaycan dövlətinin tərəfdarı olması demək deyil. Keçən prezident və parlament seçkiləri, ölkədə aparılan siyasət də göstərir ki, indiki iqtidarın bir hədəfi var: Milli demokratik, istiqlalçı qüvvələri siyasi səhnədən çıxartmaq, onları zəiflətmək, dövləti mümkün qədər müstəqilliyimizlə, xalqla, millətlə bağlı olmayan əlinə vermək. Baxın, birini vəzifəyə təyin etdikdən sonra dərhal korrupsiya ilə məşğul olmağa başlayır. Halbuki korrupsiyanın özü dövlətə və xalqa qarşı xəyanətdir. Bundan başqa, bu gün Milli Məclisdə oturanların bir qisminin ya ataları keçmiş Kommunist Partiyasının rəhbərləri olub, bu və başqa şəkildə həmin partiyada təmsil olunublar, ya da bu gün özləri hansısa xüsusi xidmət orqanları qarşısında öhdəlik götürüb fəaliyyət göstərirlər. Yəni bu insanlar Azərbaycan xalqının iradəsi ilə parlamentdə oturmadıqlarına görə xalqın maraqlarını müdafiə etmirlər. Bu baxımdan, hakimiyyətin apardığı siyasət, eləcə də parlamentin qəbul etdiyi qərarlar göstərir ki, Azərbaycan hakimiyyəti Azərbaycan xalqının hakimiyyəti yox, Rusiyanın burdakı vassallıq siyasətini həyata keçirən bir qrupdur. Azərbaycanın müstəqilliyinin əleyhinə olan insanların 4 dəfə deputat olması, Azərbaycan iqtidarında təmsil olunub Rusiyanın orden və medallarını sinəsinə taxmaq nə deməkdir?! Yaxud da Azərbaycan hökumətində təmsil olunub bizə qarşı düşmənçilik siyasəti aparan Rusiyaya simpatiya bəsləməyə nə ad vermək olar?! Jirinovski dəfələrlə Azərbaycan xalqını qoyun adlandırıb. Bildirib ki, ökəmiz Rusiyanın bir quberniyası olmalıdır. Belə birisinin ayağının altına xalça döşəmək, Bakıya gələrkən yüksək dövlət səviyyəsində qarşılamaq nə deməkdir?! Bunlar hamısı göstərir ki, hakimiyyət özünü müstəqil dövlətin təmsilçisi kimi yox, Rusiyanın vassalı kimi aparır.
Bildiyiniz kimi, Azərbaycanda "İstiqlal" ordeni var. Baxın, görün Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan bir adama bu orden verilib?! Əbülfəz Elçibəy, İsa Qəmbərə, o cümlədən istiqlaliyyət uğrunda canından keçən yüzlərlə adama "İstiqlal" və ya "Şərəf" ordeni verilibmi?! İstiqlaliyyət uğrunda mübarizə aparan adamlara nəinki orden, ad verilməyib, əksinə onların çoxu ya həbsxanaya salınıb, ya da iqtisadi və siyasi repressiyalara məruz qalıb, işdən uzaqlaşdırılıb, ailəsi, övladı təqib olunub. Bunun özü onu göstərir ki, Azərbaycanda istiqlalçı qüvvələrlə qeyri-istiqlalçı qüvvələr, burda Rusiyanın müstəmləkəçi siyasətini həyata keçirən adamlar arasında 1988-ci ildən başlanan mübarizə bu gün də davam edir. Sadəcə, indi bir qədər formal olaraq dəyişilmə var. Azərbaycan yaranmış şəraitə görə formal olaraq müstəqildir, lakin faktiki olaraq müstəqil deyil. Azərbaycanı yenə də əvvəlki kimi Rusiyadan təyin olunan, Kremldən "dabrosu" verilən, Moskvadan idarə olunan adamlar idarə edir.
- Qeyd edim ki, sizin rus dilində təhsilin fəsadları, bunun ölkənin milli maraqlarına zidd olması ilə bağlı mövqeyiniz artıq bir sıra deputat, elm adamları, təhsil üzrə ekspertlər tərəfindən dəstəklənib. Necə düşünürsünüz, vətəndaşların bir hissəsinin bilərəkdən, bir qisminin isə kor-koranə şəkildə rus dilində təhsilə meyllənməsinin qarşısını hansı yollarla almaq olar? Ümumiyyətlə, bu bəla hardan qaynaqlanır?
- Əvvəla onu deyim ki, Allah-Təala Qurani-Kərimdə Musa peyğəmbərə yəhudiləri 40 il səhrada gəzdirməyi əmr edir ki, onlar Misir əsarətinin təsirlərindən xilas olsunlar. Və 40 il sonra məlum oldu ki, yəhudilər hələ də Misirin əsarətindədir, onlar hələ də çoxallahlılığa sitayiş etməyə meyllidirlər. Yəni bir xalqın müstəmləkə rejimindən xilas olması üçün 40 il belə, yetərli deyil. Halbuki, Azərbaycanda 1993-cü ildən bu yana bir qədər Rusiyadan, müstəmləkəçilik şüurundan ayrılma vardısa, yeni hakimiyyət bunu da aradan qaldırdı. Məsələ burasındadır ki, biz Rusiya müstəmləkəçiliyindən xilas olub yenidən onunla bərabər tərəf kimi əməkdaşlıq etmək üçün ilk növbədə Rusiyadan tamamilə ayrılmalıyıq. Leninin məşhur bir sözü olub. O deyib ki, yaxşı-yaxşı birləşməmişdən qabaq yaxşı-yaxşı ayrılmaq lazımdır. Rusiya bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir, biz azad xalqıq, rus mədəniyyəti, onun dili və əxlaqı ilə heç bir əlaqəmiz yoxdur. Biz Rusiya ilə yalnız qlobal siyasətin tələb etdiyi qarşılıqlı faydalı əməkdaşlıq əsasında əlaqələr qura bilərik.
Nəzərinizə çatdırım ki, bu gün bir çox keçmiş sovet ölkələrində ümumiyyətlə, rus dilində təhsil qadağandır. Məsələn, Baltikyanı ölkələrdə, Belarus, Ukrayna və Gürcüstanda rus dili ilə bağlı problem həll olunub. Hələ sovet hökumətinin vaxtında Gürcüstanda rus dilində danışmağa çox pis vaxılıb. Bu gün də Gürcüstanda bir dükana girib rus dilində nəsə istəsən sənə cavab verməzlər. Yəni rus dilini o dərəcədə protest edirlər. Ermənistanın Rusiya tərəfdən maliyyə, iqtisadi və siyasi cəhətdən dəstəklənməsinə rəğmən, orada bir rus yaşamır, rus məktəbləri yoxdur və demək olar ki, rus dilindən istifadə olunmur. İndi Azərbaycan hökumətindən soruşmaq lazımdır ki, Qarabağı səndən alan rus, başına olmasın müsibətlər açan, sənə hər cür təzyiq edən rusdur, ancaq buna baxmayaraq, ölkədə rus dilini inkişaf etdirirsən. Niyə? Rusiyanın qardaşı olan Ermənistan bir nəfər rusun ölkəsində yaşamasına imkan vermədiyi halda, sənin burus məhəbbətin nə ilə bağlıdır?
- Qeyd edim ki, sizin rus dilində təhsilin fəsadları, bunun ölkənin milli maraqlarına zidd olması ilə bağlı mövqeyiniz artıq bir sıra deputat, elm adamları, təhsil üzrə ekspertlər tərəfindən dəstəklənib. Necə düşünürsünüz, vətəndaşların bir hissəsinin bilərəkdən, bir qisminin isə kor-koranə şəkildə rus dilində təhsilə meyllənməsinin qarşısını hansı yollarla almaq olar? Ümumiyyətlə, bu bəla hardan qaynaqlanır?
- Əvvəla onu deyim ki, Allah-Təala Qurani-Kərimdə Musa peyğəmbərə yəhudiləri 40 il səhrada gəzdirməyi əmr edir ki, onlar Misir əsarətinin təsirlərindən xilas olsunlar. Və 40 il sonra məlum oldu ki, yəhudilər hələ də Misirin əsarətindədir, onlar hələ də çoxallahlılığa sitayiş etməyə meyllidirlər. Yəni bir xalqın müstəmləkə rejimindən xilas olması üçün 40 il belə, yetərli deyil. Halbuki, Azərbaycanda 1993-cü ildən bu yana bir qədər Rusiyadan, müstəmləkəçilik şüurundan ayrılma vardısa, yeni hakimiyyət bunu da aradan qaldırdı. Məsələ burasındadır ki, biz Rusiya müstəmləkəçiliyindən xilas olub yenidən onunla bərabər tərəf kimi əməkdaşlıq etmək üçün ilk növbədə Rusiyadan tamamilə ayrılmalıyıq. Leninin məşhur bir sözü olub. O deyib ki, yaxşı-yaxşı birləşməmişdən qabaq yaxşı-yaxşı ayrılmaq lazımdır. Rusiya bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir, biz azad xalqıq, rus mədəniyyəti, onun dili və əxlaqı ilə heç bir əlaqəmiz yoxdur. Biz Rusiya ilə yalnız qlobal siyasətin tələb etdiyi qarşılıqlı faydalı əməkdaşlıq əsasında əlaqələr qura bilərik.
Nəzərinizə çatdırım ki, bu gün bir çox keçmiş sovet ölkələrində ümumiyyətlə, rus dilində təhsil qadağandır. Məsələn, Baltikyanı ölkələrdə, Belarus, Ukrayna və Gürcüstanda rus dili ilə bağlı problem həll olunub. Hələ sovet hökumətinin vaxtında Gürcüstanda rus dilində danışmağa çox pis vaxılıb. Bu gün də Gürcüstanda bir dükana girib rus dilində nəsə istəsən sənə cavab verməzlər. Yəni rus dilini o dərəcədə protest edirlər. Ermənistanın Rusiya tərəfdən maliyyə, iqtisadi və siyasi cəhətdən dəstəklənməsinə rəğmən, orada bir rus yaşamır, rus məktəbləri yoxdur və demək olar ki, rus dilindən istifadə olunmur. İndi Azərbaycan hökumətindən soruşmaq lazımdır ki, Qarabağı səndən alan rus, başına olmasın müsibətlər açan, sənə hər cür təzyiq edən rusdur, ancaq buna baxmayaraq, ölkədə rus dilini inkişaf etdirirsən. Niyə? Rusiyanın qardaşı olan Ermənistan bir nəfər rusun ölkəsində yaşamasına imkan vermədiyi halda, sənin bu rus məhəbbətin nə ilə bağlıdır?
Bütün dünya, o cümlədən ruslar özləri də ingilis, fransız və alman dilini öyrənir. Çünki bu gün dünya dilləri bunlardır. Rus dili isə Rusiyanın sərhədlərindən kənarda istifadə olunmur. Bildiyiniz kimi həm Avropa, həm də ABŞ Rusiya ilə qarşıdurma vəziyyətindədir. İslam ölkələrində isə əsas aparıcı dil ərəb dilidir. Bu səbəbdən də hesab edirəm ki, Azərbaycanda rus dilinin inkişaf etdirilməsi əksinə, Rusiyanın ölkəmizdə imperiya təsirlərini yenidən bərpa etməsi kimi yozulmalıdır. Yəni əsas məqsəd məhz budur. Bunu çox gözəl başa düşən deputat Gövhər Baxşəliyeva da deyir ki, istənilən azərbaycanlının ilkin təhsili ana dilində olmalıdır. Sovet hökuməti vaxtını başa düşdük, axı bu gün müstəqilik. O zaman müstəmləkə idik və bizi rus dilini öyrəməyə məcbur edirdilər. Elə isə bəs niyə indi rus dilini öyrənirik?! Bu, o deməkdir ki, hələ də müstəqil deyilik. Yəni Azərbaycanı idarə edənlər ölkəni yenidən Rusiyanın boyunduruğuna salmaq istəyirlər. Rus dilinin Azərbaycanda inkişaf etdirilməsinin bundan başqa heç bir izahı yoxdur. Deputat Əli Hüseynov bu yaxınlarda Milli Məclisdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olmağımızı məsləhət görüb, indi isə Gövhər Baxşəliyevanın yanlış danışdığını deyib, rus dilində təhsili müdafiə edib. Məgər bu qəbildən olan adamlar bilmirlər ki, rusların bu qədər kömək etdiyi ermənilər, o cümlədən gürcülər rus dilinə nifrət edir, Ukraynada rus dilində tədris qadağan olunub. Rusiya ilə dilin, dinin, mədəniyyətin, etnik kimliyin, qanın ayrı olduğu halda rus dilinə məhəbbətin nə ilə bağlıdır?! Sizi Rusiyaya cəlb edən nədir?! Görünür, Rusiya bunları hakimiyyətdə saxladığı üçün onlar da əvəzində Kremlin Azərbaycandakı imperiya maraqlarını güdürlər. Bu, sadəcə mədəniyyət, dil öyrənmək məsələsi deyil. Ölkəmizdə rus dilinin inkişaf etdirilməsinin yeganə məqsədi var ki, o da yenidən Azərbaycan xalqını Rusiyanın əsarəti altına, mənəvi kölə vəziyyətinə salmaqdır. Çünki burda söhbət rus dilini öyrənməkdən getmir, rus dilində təhsildən gedir. Qeyd edim ki, son 20 ildə bir çox universitetlərdə rus dilində kafedra yox idi. İndi yenidən ali məktəblərdə rus dilində kafedralar açmağa başlayıblar. İndi mən sual verirəm: Azərbaycanda nə qədər rus yaşayır ki, kimya fənnini rus dilində oxuyurlar? Deməli, rus dili müəllimini yetişdirirsən ki, sonra orta məktəbdə uşaqları rus bölməsinə getməyi məcbur edəcəksən. Burda məqsəd xalqı yenidən ruslaşdırmaqdır. Çünki təhsil çox ciddi məsələdir və ən böyük silahlardan biridir. Mahatma Qandi deyirdi ki, ingilis dilində danışan hər bir hindli İngiltərə kraliçasının təbəəsidir. Rusiya Azərbaycanı silahla işğal edə bilməz, lakin dillə işğal edə bilər. Rus dilində təhsil həm də Konstitusiyaya ziddir. Azərbaycan Konstitusiyasında Azərbaycan dili dövlət dili elan olunub. Ona görə də Azərbyacanda heç bir dövlət müəssisəsi, o cümlədən məktəblər rus dilində dərs keçə bilməzlər. Odur ki, Konstitusiyaya əsasən rus dilində təhsil verən özəl məktəblər açıla bilər. Rusdilli dövlət məktəbi ola bilməz. Bundan başqa, Azərbaycanda rusdilli məktəb açılırsa, bunun xərcini Rusiya çəkməli, pulu o, ödəməlidir. Azərbaycanda yaşayan ruslar belə, mütləq dövlət dili olan Azərbaycan dilində təhsil almalıdırlar. Görün indi vəziyyət hansı həddə çatıb ki, Konstitusiyanın dillə bağlı maddəsinə məhəl qoymadan ruslar Azərbaycan dilində təhsil almır. Bu azmış kimi, Azərbaycan vətəndaşları Konstitusiyaya zidd olaraq əcnəbi dildə təhsil almağa vadar edilir. Buradan da görünür ki, ruspərəst qüvvələr addım-addım Azərbaycanı yenidən Rusiyanın boyunduruğu altına salmağa çalışır.
Bilirsiniz ki, Putin Bakıda səfəri zamanı rus dilinin dəstəklənməsinin insanların ürəklərində, beyinlərində olduğunu bəyan edib. Belə bir şey yoxdur. Bizim beynimizdə Türkmənçay müqaviləsi var, 1937-ci ildə 75 min Azərbaycan ziyalısının ruslar tərəfindən güllələnməsi var, eyni zamanda 31 Mart qırğını, Xocalı soyqırımı, 20 Yanvar faciəsi, Bakı metrolarının partladılması, Ağdamda hərbi hissədə rusların terroru nəticəsində 200 əsgərimizin ölməsi məsələsi var. Ürəyimizdə isə budur ki, görəsən Rusiya nə vaxt bu cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verəcək. Bir sözlə, bəzi özünü tanımayan, qarışıq ailədən olanlar və 5 manata görə xalqını, millətini, əxlaqını, ailəsini satanlardan başqa, rus dili heç bir azərbaycanlının nə ürəyində, nə də beynindədir. Bu qəbildən olanların, yəni rus dili beynində və ürəyində olanların Azərbaycan xalqına aidiyyatı yoxdur. Məgər, Rusiya Azərbaycan xalqına dost olub ki, onun dili də bizim ürəyimizdə olsun?! Bu gün Rusiyada 3 milyondan artıq azərbaycanlı yaşayır. Buna baxmayaraq, orda bir Azərbaycan məktəbi var? Yox. Bir daha bildirirəm ki, Azərbaycanda rus dilində məktəbin açılması, rus dilində tədris Azərbaycan Konstitusiyasına tamamilə ziddir. Bu, onu göstərir ki, İlham Əliyev Konstitusiyada nəzərdə tutulmuş Konstitusiyanı müdafiə vəzifəsinin öhdəsindən gələ bilmir. Çünki İlham Əliyevin prezident kimi vəzifələrindən biri də Azərbaycan Konstitusiyasının təminatçısı kimi çıxış etməkdir. Deməli, o, Konstitusiyanın pozulmamasına təminat verə bilmir. Aldığımız məlumatlara görə, dövlət qulluğuna qəbulda belə, rus dilini bilmək şərt kimi qoyulub. Halbuki bu ölkənin vətəndaşına öz ana dilini, dövlət dilini bilməsi kifayətdir. Başqa ölkələrdə, məsələn Almaniyada alman dilini bilməyənlərə vətəndaşlıq vermirlər, bizdə isə rus dilini bilməyəni vəzifəyə götürmürlər. Niyə? Məgər, bura Rusiyadır?! Bu gün iqtidar Azərbaycanı Rusiyanın bir quberniyası kimi idarə edir. Bizi çaşdıran iqtisadi müstəqilliyimizin olmasıdır. Elə o vaxt Qarbaçov demişdi ki, SSRİ-ni saxlayaq, ölkələrin siyasi yox, yalnız iqtisadi müstəqilliyi olsun. Təəssüf ki, indi Azərbaycan bu vəziyyətdədir. Rusiyanın boyunduruğundan tam şəkildə azad olan ölkələr Baltikyanı dövlətlərdir. Ukrayna, Moldova və Gürcüstan azad olmağa cəhd edir. Azərbaycan, Ermənistan və Orta Asiya ölkələri isə siyasi cəhətdən Rusiya imperiyasının sərhədlərindən çıxmayıb. Özümüzü aldatmağa dəyməz, müstəqilliyimiz formaldır. İqtidarın apardığı siyasət bunu sübut edir.
- Necə düşünürsünüz, Azərbaycanda rus dilinin inkişafı hansı dövrdən və ya hansı hadisədən sonra başladı?
- Ölkəmizdə rus dilinin inkişafı Azərbaycan Konstitusiyasında dövlət dilinin adının dəyişdirilməsi ilə başladı. Belə ki, Heydər Əliyev hakimiyyətə gələnə qədər Konstitusiyanın 1-ci maddəsində qeyd olunurdu ki, Azərbaycan Respublikasının dövlət dili türk dilidir. Lakin Heydər Əliyev türk dili yerinə, Azərbaycan dilini qoydu və bununla da ölkəmizdə rus dilinin inkişafına zəmin hazırlandı. İndi isə bu prosesin ikinci mərhələsi davam edir. Məqsəd rus dilini Azərbaycanda aparıcı dil vəziyyətinə çevirməkdir. Faktiki olaraq dilimizin adının dəyişdirilməsiylə dilimizə qarşı repressiya Heydər Əliyev tərəfindən başladıldı və indi də hakimiyyətdə olan ruspərəst qüvvələr bir addım da irəli gedib rus dilini dövlət dili ilə bərabər işlək dil səviyyəsinə gətirib çıxarmaq istəyir. Azərbaycan iqtidarının multikulturalizmlə bağlı apardığı siyasət də buna xidmət edir.
- Bu ilin aprel ayında prezident İlham Əliyev 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsi ilə bağlı fərman imzalayıb. Lakin Qarabağ müharibəsində şəhid olan Daxili İşlər Nazirliyinin əməkdaşlarının ailə üzvləri bu fərmandan yararlana bilmirlər. Sizcə, bu, doğrudurmu?
- Bu, tamamilə yanlışdır. Axı nə fərqi var, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hər bir şəxs şədiddir. Söhbət şəhidlərdən gedirsə, o zaman bütün şəhidlərin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilməlidir. Əgər sən Daxili İşlər Nazirliyinin əməkdaşlarını Qarabağda hərbçi kimi döyüşə aparıbsansa və onlardan şəhid olan varsa, nədən həmin şəxslərin vərəsələrinə birdəfəlik ödəmə verməməlisən?! Hələ belə deyirlər ki, vaxtilə bəzi şəhid ailələri yardım aldıqlarına görə onlara 11 min manata verilməyəcək. Bu, doğru deyil. Çünki qanunun yüngülləşdirici hallarının geriyə qüvvəsi var, ağırlaşdırıcı halların isə geriyə qüvvəsi yoxdur. Əgər dövlət şəhidlərlə bağlı hansısa imtiyaz müəyyən edibsə, o zaman bu, bütün şəhidlərə aid olmalıdır. Bunu qətiyyən məhdudlaşdırmaq olmaz. Yəni müstəqilliyimizdən bu yana şəhid olan hər bir şəxsin ailəsi prezidentin bu fərmanından bəhrələnməlidir.
- Sərdar bəy, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası), o cümlədən Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) toplantıları zamanı Türkiyəni çıxmaq şərtilə, digər dövlətlər öz arasında rus dilində ünsiyyət qururlar. Sizcə, məhz bu amili türk dövlətlərinin ortaq dil müəyyənləşdirməsində əsas əngəl kimi dəyərləndirmək olarmı?
- 300 il türklərin yaşadığı bölgə rusların əsarəti altında olub. Qeyd edim ki, Özbəkistanda sovet hökumətinin vaxtında dövlət dili rus dili idi. Özbəklər 4-cü sinfə qədər özbək dilində təhsil alsalar da, bundan sonra rus dilində təhsil alırdılar. Bundan başqa, bu gün Qazaxıstanda yaşlı nəsil öz doğma dilində kitab oxuya bilmirlər. Bizim onlardan fərqimiz odur ki, sovet hakimiyyəti illərində cəmi 3 respublikada dövlət dili milli dil idi ki, onlardan biri də Azərbaycan olub. Hətta Baltikyanı ölkələrdə belə, milli dilləri dövlət dili deyildi. Gürcülər bizə baxıb istədilər ki, onlarda da milli dilləri dövlət dili olsun, lakin buna nail ola bilmədilər. 1956-cı ildə onları qırdılar. Biz Elçibəyin vaxtında kiril əlifbasından imtina etmişik, Qazaxıstanda isə hələ bu il imtina olunub. Yəni Orta Asiyanın özünə qayıtması ilə bizim özümüzə qayıtmağımız arasında çox böyük bir vaxt var. Bunun ən ciddi səbəbi məhz Cənubi Azərbaycan məsələsidir. Bu amil heç vaxt imkan vermədi ki, biz özümüzü Rusiyanın tərkib hissəsi hesab edək. Çünki biz hamımız bilirdik ki, xalqımızın yarısı Cənubi Azərbaycandadır. Onlarla birləşmək, eyni xalq olmaq duyğusu bizi Orta Asiya türkləri kimi Rusiya tərəfindən tam assimilyasiya olunmağa imkan vermədi. Hətta Cənubi Azərbaycanın yazıçı və şairlərinin inqilabi ruhda əsərləri Şimali Azərbaycana çox böyük təsir göstərib. Bu arada, bizim Rusiya tərəfindən assimilyasiya olunmamağımızın ikinci bir səbəbi isə qardaş Türkiyə ilə qonşuluqdur. Özbəklərin qonşusu isə Çin, Monqolustan və Rusiyadır. Və ya Qazaxıstanın ən böyük sərhədi Rusiyayladır. Qırğızıstan isə bir tərəfdən Əfqanıstan, bir tərəfdən isə Rusiya ilə həmsərhəddir. Yəni bizim Türkiyə ilə həmsərhəd olmağımız və Cənubi Azərbaycan məsələsi sayəsində Rusiya bizi digər xalqlar kimi ruslaşdıra bilmədi. Başqa bir səbəb isə bizim digər türk xalqları ilə müqayisədə kifayət qədər inkişaf etməyimizdir. Orta Asiyada universitetlərin, akademiyaların, müəyyən elm sahələrinin əsasını qoyanların çoxu məhz azərbaycanlılardır. Məsələn, Özbəkistanın müasir dövrünün ən böyük şairlərindən olan Maqsud Şeyxzadə əslən Azərbaycandandır. Türkmənistanın bütün universitetlərinin birinci rektorları azərbaycanlılar olub. Bizim Tibb Universiteti Türkmənistana həkim hazırlayırdı. Yəni Orta Asiya türkləri hamısı Azərbaycana türkçülüyün daşıyıcısı kimi baxırdılar.
- Bildiyiniz kimi, oktyabrın 15-də İlham Əliyevin ilk dəfə prezident seçilməsindən 15 il ötür. Geridə qoyduğumuz bu müddəti necə xarakterizə edirsiniz?
- İlham Əliyev hakimiyyətə gəldikdən bir müddət sonra ADP bəyanat verərək onu dəstəklədi. O vaxt bir çoxları bizi müxalifəti satmaqda, xəyanətdə ittiham etdi. Qeyd edim ki, İlham Əliyev hakimiyyətə gələrkən bir bəyanat verdi ki, indiyədək Dağlıq Qarabağla və digər məsələlərlə bağlı aparılan siyasət yanlış olub, biz sırfdan başlayacayıq. Çünki Lissabon sammitində Azərbaycanın dövlət maraqlarına zidd sənəd qəbul olundu, sonra ABŞ-ın vitse-prezidenti Albert Qor Heydər Əliyevə Qarabağı ermənilərə verməsi üçün təzyiq etmişdi. Onda mən Qora bir məktub yazdım ki, torpaqları vermək yaxşıdırsa, o zaman Texası Meksikaya verin. Yəni Heydər Əliyevə Azərbaycanın maraqlarından güzəştə getməsi üçün ciddi təzyiq edirdilər və İlham Əliyev hakimiyyətə gələnə qədər beynəlxalq səviyyədə qəbul edilmiş bütün sənədlər Azərbaycan dövlətinin maraqlarına zidd idi. Eləcə də ölkədə aparılan siyasət düzgün deyildi və İlham Əlieyv sıfırdan başlayacağını dedi. Amma bir müddətdən sonra o, dedi ki, biz Heydər Əliyevin siyasətini davam etdirəcəyik. Ondan sonra keçmiş sovet hökumətində olan ieologiya yenidən Azərbaycanda işə salındı. Beləliklə də İlham Əliyev verdiyi vədi yerinə yetirə bilmədi. Əgər İlham Əliyev hakimiyyətə gələrkən verdiyi həmin vədi yerinə yetirsəydi, onda ADP birmənalı şəkildə onu dəstəkləyəcək və xalqın da onu dəstəkləməyə çağıracaqdı. Çünki hakimiyyətdə kimin olması bizim üçün maraqlı deyil. Əsas odur ki, həmin şəxs hansı siyasəti aparacaq. Düzdür, o, Azərbaycanın müstəqilliyini məhdudlaşdıracaq çox da ciddi addımlar atmadı.

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.org